Məhkəmə qərarları › İş №2(008)-3517/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3517/2021

14.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3517/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Namaz oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarı artırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarı artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon məhkəməsinin 29 may 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahdan 24.07.2012-ci ildə anadan olmuş oğlu X6 və 23 fevral 2016cı ildə anadan olmuş qızı X2, hər birinə təyin olunmuş 154 manat miqdarında alimentin miqdarının artırılaraq hər uşağa görə 175 manat, ümumilikdə 2 uşağa görə 350 manat alimentin Cavabdeh tutlaraq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 aprel 2011-ci ildə Sabunçu rayon qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 24.07.2012-ci ildə oğlu X7 və 23 fevral 2016-cı ildə X3 dünyaya gəlmişlər. İlk vaxtlar ailə münasibətlərində problemlər olmamışdır. Sonradan atasının vəfatından sonra uşaqlara baxmaması, işləməməsi, onu döyməsi səbəbindən ailədə söz-söhbətlər yaranmış və ailədə dözülməz vəziyyət yaranmışdır. Bu səbəbdən məhkəmə qaydasında nikahları pozulmuş və birgə nikahdan 24.07.2012- ci ildə anadan olmuş, oğlu X7 və 23 fevral 2016cı ildə anadan olmuş qızı X3 onun himayəsində qalmışlar. Cavabdeh heç bir atalıq vəzifəsini yerinə yetirmir. Azyaşlı uşaqlarının təlim-tərbiyəsi, qidalanması və hərtərəfli inkişafı ilə özü məşğuldur. Hal-hazırda dolanışıq xərcləri , geyim, ərzaq, müalicə xərcləri, dərman peraparatları və xidmətlərin haqqı bir neçə dəfə artmışdır. Artıq 200-300 manatla ən aşağı tələbat xərclərini (işıq,qaz, su, istilik, və s) belə ödəmək mümkün deyildir. Bu baxımdan yuxarıda qeyd etdiyi xərclərin dəfələrlə artması səbəbindən alimentin miqdarının hər uşağa 200 manat səviyyəsində ödənilməsi zərurəti yaranmışdır. Halhazırda azyaşlı uşağının saxlanana, qidalanmasına, təhsilinə xeyli vəsait tələb olunur.Valideyinləri də imkansız və təqaüddədirlər. Baxmayaraq ki, bacardıqları köməyi edirlər. Uşağın saxlancı ilə bağlı xərclər, qidalanması, geyimi və s. hazırkı bazar qiymətləri ilə çox bahadır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Namaz oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, ididiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(008)-3811/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-8147/2017 nömrəli, 22 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimnetin məbləği artırılmışdır. Qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 24 iyul 2012-ci il tarixdə doğulmuş X4 və 23 fevral 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatandək saxlanması üçün hər ay hər uşaq üçün 154 manat, cəmi 308 manat pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 175 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşaqların maraqlarını pozduğundan, onların maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh birgə nikahından doğulmuş 24.07.2012-ci il tarixdə doğulmuş X5 və 23 fevral 2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 may 2018-ci il tarixli, 2(008)- 3811/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 ( bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində manat aliment tutulsun. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar