Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3539/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı Nıyara Nalgıevanın (İddiaçı), Cavabdeh iştirakları ilə, İddiaçı Nıyara Nalgıevanın (İddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Nıyara Nalgıeva (İddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.115,25 manat məbləğində pulun və 132.35 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Rusiyada yaşadığı müddətdə, hazırda iş üzrə cavabdeh xalası Cavabdeh xəstələnmiş və ondan Rusiyada müalicə və əməliyyat olmasına görə kömək istəmişdir. Həmin vaxt xalasının onun maddi vəziyyəti yaxşı olmadığından, heç bir yerdə işləmədiyindən əməliyyat xərclərini qarşılamasını və ona müalicəsi üçün pul lazım olduğundan ondan pulu borc kimi istəmiş və bir müddətdən, yəni sağalandan sonra xərclədiyi pullarını ona qaytaracağına söz vermişdir. Onların arasında şifahi razılaşma olmuşdur. O, xalasının xəstə olmasını və həmin vaxt maddi vəziyyətinin yaxşı olmadığını bildiyindən, onun sözləri ilə razılaşmış və onun Rusiya Federasiyasında müalicə alması və əməliyyat olması üçün müəyyən tədbirlər görmüşdür. Belə ki, o, xalasının yol xərclərini və müalicə xərclərini boynuna götürərək, bütün müalicə və əməliyyat xərclərini şəxsi vəsaiti hesabına ödəmişdir ki, bunu iddia ərizəsinə əlavə edilən sənədlər təsdiq edir. Belə ki, cavabdehin müalicəsi üçün pul vəsaitləri onun müalicə aldığı xəstəxananın bank hesabına köçürülmüşdür. Bu fakla bağlı mötəbər sübutlar iddia ərizəsinə əlavə edilmiş, sənədlərlə öz təsdiqini tapır. Onun tərəfindən cavabdehin müalicə aldığı xəstəxananın bank hesabına köçürüldüyünü təsdiq edən bank çıxarışı və qəbzlər məhkəməyə təqdim edilmişdir. Xalasının müalicəsi üçün borc pul verməyi barədə anası və digər şahidlər məlumatlı olmuşlar və məhkəmədə təsdiq edə bilərlər. Onun adından cavabdehin müalicə, müayinə və əməliyyat edilməsi üçün ödənilən pul vəsaiti onun özünə məxsus olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə edilən АО “Семейный Доктор, поликлиника № 2” tərəfindən ona verilən № 119035 saylı arayışdan görünür ki, xx.xx.2020-ci il tarixdə X2 tərəfindən Cavabdeh müalicəsi üçün 342.500 (триста сорок два тысячи пятьсот рублей) 9541 AZN pul ödəmişdir. Eyni zamanda, iddia ərizəsinə əlavə edilən АО “Семейный Доктор, поликлиника № 2” tərəfindən ona verilən № 317881 saylı arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə X2 tərəfindən Cavabdeh müalicəsi üçün 126.540 (сто шестъ тысяч пятъсот сорок рублей) 3480 AZN pul ödəmişdir. Bundan başqa, iş materiallarına əlavə edilən ödəniş qəbzlərindən görünür ki, tibbi analizə görə ona məxsus kart vasitəsilə tibb müəssisələrinin hesabına görə 6795 rubl = 186.83 AZN, 3900.00 rubl = 107.23 AZN, 2700 rubl = 74.23 AZN, əlavə əməliyyat xərci üçün 925.60 rubl = 25.43 AZN, 245.60 rubl = 6.73 AZN, 320.00 rubl = 8.8 AZN, 783.20 rubl = 21.52 AZN və biletə görə 272.23 AZN və 391.25 AZN pul xərcləmişdir. Ümumilikdə, onun tərəfindən cavabdehə görə 14.115,25 AZN məbləğində pul borca verilmişdir. Lakin bu günə qədər Cavabdeh tərəfindən ona pul ödənilməmişdir. Cavabdeh tərəf müxtəlif bəhanələr gətirərək, əvvəlcə ödəyəcəyini bildirsə də, lakin sonunda həmin pulu verməkdən imtina etmişdir. O, vəziyyəti anlayaraq bir az möhlət verərək özünə pul lazım olduğu üçün qısa müddətdə ona olan borcunu qaytarmasını xahiş etmişdir. Dəfələrlə cavabdehlə danışaraq pulunu tələb etsə də, cavabdeh “hara istəyirsiniz şikayət edin” kimi cavablar vermiş və pulu verməkdən imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi cavabdeh aralarında olan faktiki münasibətlər əsasında borc pul götürmüş, özünün müalicəsini və əməliyyatını həyata keçirmişdir. Onunla cavabdeh arasında öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə o, öhdəliyi yerinə yetirərək pulunu (əmlakını) vermiş, bunun nəticəsində onun cavabdehdən aralarında müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də yaranmış öhdəlik üzrə pul cavabdehdən tutularaq ona ödənilməlidir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh əlavə olaraq bilet üçün xərclənmiş 10048.00 rubl = 277.52 AZN, 1999 rubl = 55 AZN, 9773 rubl = 268.65, digər xərclər 1900 rubl = 52.23 AZN, 2500.00 rubl = 68.73 AZN, 8049 rubl = 221.36 AZN, 459 rubl = 12.62 AZN pulun, ümumilikdə 15.071,36 (on beş min yetmiş bir manat otuz altı qəpik) AZN pulun və 135.22 AZN ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı Nıyara Nalgıeva (İddiaçı) iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, iddiaçı tərəfindən verilmiş iddia ilə razı deyil. Doğrudur, o, 2019-cu ilin təxminən noyabr ayının ortalarından 2020-ci ilin yanvar ayının ortalarına kimi Moskva şəhərində olmuşdur. Moskva şəhərində iki qardaşı ailəsi ilə birlikdə yaşayırlar. İddiaçı Niyara bacısı Qəmərin qızıdır, onlar ailəlikcə Moskva şəhərində yaşayırlar. O, təxminən 2019-cu ilin dekabr ayının 19-da xəstəxanada olmuşdur. Onun ciddi əməliyyat olunası bir xəstəliyi yox idi. Yumurtalığın birində kiçik bir şiş var idi, onu Bakıda həm rahat, həm də uyğun qiymətə əməliyyat etdirə bilərdi. İddiaçı özü onu aldadaraq 3000 (üç min) dollar aldı, dedi ki, “səni aparım Moskvaya, həm təzə ili orda keçirərsən, həm də səni müalicə etdirərəm”. O da iddiaçıya inanıb 3000 (üç min) dollar verdi. İddiaçı bilirdi onda pul var, ona görə onu aldadıb pulunu aldı. Onu Moskva şəhərində tanımadığı xəstəxanaya apardılar, anası Qəmərin adı ilə onun sığortası ilə onu əməliyyat etdirdilər. Üç gün xəstəxanada qalmışdır. Ona elə bir xərc çəkməyiblər, hətta onu xarici vətəndaş kimi yox, sığortalı yerli Rusiya vətəndaşı kimi Qəmərin adı, onun sığortası ilə xəstəxanada yerləşdiriblər. Üç gündə adi qayda ilə müalicə aparılıb, evə gələndən sonra ona heç bir iynə-dərman edilməyib. Tək bir dəfə tibb bacısı gəlib tikişi söküb. Sonradan bilmişdir ki, xərcləri çıxmasın və onun verdiyi 3000 (üç min) dollar pulu da xərcləməsin deyə iddiaçı onu anasının qeydiyyatda olduğu ailə xəstəxanasına aparıb. Onun iddiaçıya borcu yoxdur. Onunla nə yazılı, nə də şifahi formada müqaviləsi, razılığı olmayıb. Müddət məsələsinə gəldikdə isə onun əməliyyatından 4 il 9 ay, ona 3000 (üç min) dollar pul verdiyi vaxtdan 4 il 11 ay vaxt keçib. Bütün hallarda iddia müddəti keçib, onun indi belə bir yalan, böhtan iddialar, saxta çeklər, saxta sənədlərlə məhkəməyə müraciət etməsinin əsl səbəbi onu narahat etmək, məhkəmələrdə süründürmək, başını qarışdırmaqdı. İndiyə kimi cürbəcür hiylələrlə Sabunçu rayon İcra Şöbəsini aldadaraq evindən çıxmaq istəmirlər. İddiaçı və anası Qəmər evini zəbt edib orada yaşayırlar. Bundan əvvəl Ələviyyə adlı bacısı ona böhtan atan ərizə ilə məhkəmədə ona qarşı iddia qaldırdı, indi isə Niyara bunu edir. İddiaçının iddiası yalan və böhtandan ibarətdir. İddiaçının müayinə və digər məqsədlər üçün xərclədiyi pul onun iddiaçıya verdiyi 3000 (üç min) dollardan az olub. Xəstəxanadan kənar xərclərini isə qardaşı Lütfiyar ödəyib. Bundan əlavə, iddiaçı bacısı qızı kimi özü, anası və iki bacısı uşaqlığından 2022-ci ilə kimi hər il bir neçə dəfə, xüsusən də yay aylarında Bakıya gələndə çox vaxt onun evində onun yanında qonaq qalardılar, onlara sevə-sevə qulluq edərdi. İndi utanmadan ona böhtan ataraq onu məhkəməyə verir, evinə sahib çıxmaq istəyirlər. Göstərilənlərə əsasən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədi, cavabdehin izahatındakı xüsusatları təsdiq etdi və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 133 manat dövlət rüsumu ödənilmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 5 manat dövlət rüsumu ödənilmişdir. - Ailə həkimi, 2 saylı Poliklinika Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı verilmiş 418992 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü, Moskva şəhəri Şipilovsk keçidi ev 63, k. 1, mən. 237 ünvanında yaşayan Cavabdeh üçün novalgin həb şəklində 50MQ+200MQ+200 MQ dozada, amoksiklav həb şəklində 625 MQ dozada, kanefron məhlulu, azitral kapsul şəklində 250 MQ dozada. - Ailə doktoru, poliklinika № 2 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 317881 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlü əcnəbi vətəndaş Cavabdeh göstərilən tibbi xidmətə görə 126540 rubl ödəniş edib. Ödənişin tarixi xx.xx.2019. - Ailə doktoru, poliklinika № 2 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 119035 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlü əcnəbi vətəndaş Cavabdeh göstərilən tibbi xidmətə görə 342500 rubl ödəniş edib. Ödənişin tarixi xx.xx.2020. - xx.xx.2019-cu il tarixli rezarvasiya edilmiş aviabiletin surətindən görünür ki, Cavabdeh və X1 Maxaçqala-Moskva aviareysi ilə Moskva şəhərinə gəlmələri üçün X3 tərəfindən 1999 rubl pul ödənilmişdir. - "xxxx" TM MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli müayinə sənədlərindən görünür ki, həmin tarixdə Cavabdeh qarın boşluğu orqanlarının ultrasəs müayinəsi edilmişdir. - xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, qarın boşluğu orqanlarının ultrasəs müayinəsi üçün "xxxx" TM MMC-nə 3900 rubl ödənilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli göndəriş blankından və xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, həmin tarixdə Cavabdeh analiz nümunələri götürülmüşdür. Tibbi xidmətlər üzrə yekun məbləğ 6795 rubl təşkil etmiş və həmin pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh xx.xx.2019-xx.xx.2020-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva şəhərində olmuşdur. Bu müddətdə, yəni xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə və xx.xx.2020-ci il tarixdə müxtəlif həkim müayinələrində olmuş, ondan müxtəlif analiz nümünələri götürülmüşdür. Həmin tarixlədə göstərilən tibbi xidmətlərə görə tibb müəssisələrinə iddiaçı Nıyara Nalgıeva tərəfindən müvafiq olaraq 126540 rubl, 342500 rubl, 3900 rubl, 6795 rubl məbləğində pul vəsaitləri ödənilmişdir. Qeyd olunan hissədə iddia tələbi iş materiallarında olan sübutlarla təsdiq olunur. Cavabdehə göstəriləcək tibbi xidmətlərin dəyərinin ödənilməsi üçün onunla iddiaçı arasında müqavilə və ya qanuni əsas olmamışdır. Belə olan halda, cavabdeh ona göstərilən xidmətlərə görə iddiaçının ödədiyi pul vəsaitini ona qaytarmamaqla əsassız varlanmışdır. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və müxtəlif xidmətlərin (tibb, taksi və s.) göstərilməsinə görə ödənilmiş digər pul vəsaitlərinin cavabdehə aidiyyəti sübuta yetirilməmiş, yəni həmin xidmətlərin məhz cavabdehə göstərilməsi öz təsdiqini tapmamışdır. Həmçinin, təqdim edilmiş aviabiletdə cavabdehin adının qeyd edilməsinə baxmayaraq, məhz cavabdehə aid hissədə biletin alınmasına görə hansı məbləğdə pul vəsaitinin ödənilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olsa da, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülməklə verildiyindən rədd edilməlidir. Həmçinin, Cavabdeh hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü qeyd edib, bu barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Qanunvericilikdə kəsici və iddia müddətləri bir-birindən fərqləndirilmişdir. Kəsici müddət, şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. İddia müddətləri isə bir qayda olaraq, tələb hüquqları üçün xarakterikdir. Bu müddətin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn məhkəmə vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını aradan qaldırır. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir, kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Bəzi maddi nemətlər (dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əvəzedilən əşyalar: pul, taxıl, düyü və s.) əldə edənin əmlak aktivinə qarışdığı andan onu verən tərəfin mülkiyyət hüququ aradan qalxır. Bu səbəbdən əşyanı əldə edən şəxs mülkiyyəti qazanmaqla varlanmış olur. Lakin bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadığına, yəni əşyanın əldə edilməsinə əsas olan əqd etibarsız sayıldığına görə əsassız varlanma əmələ gəlir. Əsassız varlanmaya söykənən iddia isə qanundan irəli gələn tələb hüququ olduğu üçün ona iddia müddəti tətbiq edilir. Odur ki, Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik müddət məhz ikinci halda, yəni etibarsız əqd üzrə icra edilmişlərin əsassız varlanma əmələ gətirdiyi təqdirdə ondan məhrum olan tərəfin irəli sürdüyü iddiaya tətbiq olunan iddia müddətidir. Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektini qaytarmaq üçün iki illik iddia müddəti nəzərdə tutulsa da, əqdin əhəmiyyətsiz olmasından irəli gələn əsassız varlanma tələblərinə xüsusi norma kimi həmin Məcəllənin 354.1-ci maddəsindəki bir illik iddia müddəti tətbiq edilir. Müddətin əvvəli müqavilənin bağlandığı tarixdən deyil, əqdin icrasına başlanıldığı gündən hesablanır. Mülki Məcəllənin 354.1-ci maddəsindəki iddia müddətinin mülkiyyətin müdafiəsinə dair iddialara deyil, yalnız etibarsız əqd üzrə əmələ gələn əsassız varlanma tələblərinə, özü də cavabdehin ərizəsi əsasında tətbiq edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, cavabdeh Moskva şəhərində ona göstərilən tibbi xidmətlərə görə xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə və xx.xx.2020-ci il tarixdə iddiaçının ödədiyi pulu ona qaytarmamaqla əsassız varlanmasına baxmayaraq, iddiaçı həmin pul vəsaitini qanunvericiliklə müəyyən edilmiş müddətdə tələb etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini (1 il) hər hansı üzürlü səbəb olmadan ötürmüşdür. Cavabdeh tərəf isə hazırkı mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı, iddiaçı Nıyara Nalgıevanın (İddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏT ETDİ:
İddiaçı Nıyara Nalgıevanın (İddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Şəbnur Qədirova