Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3559/2025 17.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5750 (beş min yeddi yüz əlli) manat sığorta ödənişi məbləğinin və 77,50 (yetmiş yeddi manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 5827,50 (beş min səkkiz yüz iyirmi yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçı “AtaSığorta" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2023cü il tarixində PAA********** nömrəli, sığorta müqaviləsi bağlanmış və "BMW X-5” markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə "BMW X-5’’ markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X1 yüngül xəsarət və "Hyundai İX-35” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "AtaSığorta” ASC tərəfindən 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Nəsimi Rayon Məhkəməsinin Qərarına əsasən Cavabdeh2 yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan Qərarda Cavabdeh2 yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt "BMW X-5" markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. 14 mart 2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “BMW X-5” markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 mülkiyyətindədir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barəsində rəsmi qaydada xəbərdar edilsə də, məhkəmə iclasda iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 185.6ci maddələrinin tələblərinə əsasən, işə cavabdehlərin və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan sənədlərə əsasən, "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixində PAA********** nömrəli sığorta müqaviləsi bağlanmış və “BMW X- 5” markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. İş materiallarından göründüyü kimi Cavabdeh2 xx.xx.2023-cü il tarixdə “BMW X-5’’ markalı, ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində X1 yüngül xəsarət yetirilməklə, "Hyundai İX-35” markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5750 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-984/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarına əsasən Akhmedov Elmin Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, lakin inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. “İcbari sığortalar haqqında" Azərbaycan Respublikasi Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, "bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasia hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır". Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci madəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun. İcbari sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır. Məhkəmə qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən, Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki-Prosessual Məcəllənin 81-ci maddəsi müəyyən edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla cavabdehin təqsirliliyi, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış və işdə olan digər sübutlarla təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində subroqasiya qaydasında pul tələbinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 5750 (beş min yeddi yüz əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan, ödənilmiş rüsumla bağlı da təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 77,50 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5750 (beş min yeddi yüz əlli) manat sığorta ödənişi məbləği və 77,50 (yetmiş yeddi manat əlli qəpik) manat dövlət rüsumunun, cəmi 5827,50 (beş min səkkiz yüz iyirmi yeddi manat əlli qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3559/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3559/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver