Məhkəmə qərarları › İş №2(008)-356/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-356/2023

16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-356/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndələri X2, X1, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əmlakının əldən çıxarılmasının əvəzi olaraq 15.000 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 135 manat dövlət rüsumunun, cavabdehin əmlakını qanunsuz olaraq mənimsəməsi nəticəsində 1 il 6 ay ərzində 25 manat olmaqla, cəmi 13.500 manat əldən çıxmış faydanın, əlavə iddia üçün ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 28.666 manat məbləğində pul vəsaitinin birdəfəlik alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, oğlu 2 il ərzində “Bakıxanov Çörək Zavodu”nda işləmiş və cəzaçəkmə müəssisələrinə paylanmış çörəklərin pulunu yığıb təhvil verməklə məşğul olmuşdur. Onunla əmək müqaviləsi bağlanmamışdır. 2021-ci ilin mart ayında 1000 manat məbləğində pulu təsadüf nəticəsində itirmişdir. Zavod direktorunun oğlu olan və faktiki idarəçiliklə məşğul olan Cavabdeh pulu hansı şəraitdə itirməsi barədə məlumat vermiş və təklif etmişdir ki, qeyd edilən məbləğ hər ay onun maaşından tutulsun. Lakin cavabdeh onu kamerasız otağa salaraq döymüş, zorla, hədə-qorxu altında ona guya 11.486 manat borcu olması barədə iltizam yazdıraraq imza etdirmişdir. Cavabdeh ondan avtomobili neçəyə aldığını soruşduqdan o, 11.500 manata aldığını bildirmişdir. Cavabdeh həmin avtomobili 11.486 manat məbləğində qiymətləndirdiyini bildirmiş və bunun əvəzi olaraq avtomobili onun tanışının adına keçirilməsinə məcbur etmişdir. Sonra isə bir neçə nəfər tanışı ilə onu Bakı şəhəri 16 saylı notariat ofisinə göndərmiş və ona məxsus “Daewoo Gentra” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı cavabdehin tanışına verilməsi üçün baş etibarnaməyə imza etdirmişdir. Cavabdehin iki dostu onun başının üstündə dayanmış və hərəkət etməsinə imkan verməmişlər. Ona zor tətbiq etməklə istədiklərinə nail olaraq, avtomobil özgəninkiləşdirilmişdir. O, həmin avtomobili 11.500 manata almış və əlavə olaraq avtomobilə xərc çəkilmiş, müəyyən hissələri dəyişdirilmiş, təzə təkərlər alınmış, təmir edilmiş və avtomobilin dəyəri 15.000 manatadək yüksəlmişdir. Həmin məbləğin yarısı iddiaçının anası, yəni, özünün, yarısı isə bacısı Svetlana Hümbətova tərəfindən ödənilmişdir. Cavabdeh ailələrinə məxsus olan avtomobili ona zor tətbiq etməklə, vəhşicəsinə döyərək əlindən almışdır. Bu hadisədən sonra stress keçirib, xəsətəxanaya düşmüş, bu vəziyyət onlara olduqca pis təsir göstərmiş və hələ də psixologiyasıda travma kimi qalmışdır. Cavabdeh zor tətbiq etməklə onun əmlak hüquqlarını əldə etmişdir və onu maddi ziyana məruz qoymuşdur. Bu barədə Sabunçu rayon Polis İdarəsinə şikayət etsələr də, nəticəsi olmamışdır. Oğlu qorxu altında olduğundan və hüquqlarını bilmədiyindən həmin vaxt etibarnamənin ləğv edilməsinə təşəbbüs göstərməmişdir. Qeyd olunanlara əsasən, nümayəndə iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ididaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X9 iddianı müdafiə edib, nümayəndələrin izahatlarında göstərdiklərini təsdiq etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin avtomobilini cavabdeh hədə-qorxu yolu ilə ələ keçirmiş və məcburən borcunun olmasına dair iltizama qol çəkdirmişdir. Həmin avtomobilin harada olması barədə hazırda məlumatları yoxdur, lakin eşitdiklərinə görə satılmışdır. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh, iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı və Etibar adlı şəxslər məhkəmə iclasında şəxs izahat verməlidirlər, onların iştirakı təmin edilmədən, özünün tam izahat verməsi qeyrimümkündür. Belə ki, həmin şəxslərin ona borcu olmuş, avtomobillə bağlı məsələ də oradan qaynaqlanmışdır. Avtomobilin alqı-satqısında iştirak etməmiş, iddiaçıya məcburi yolla iltizama imza etdirməmiş və hər hansı zor tətbiq etməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun İddiaçı müraciəti ilə əlaqədar toplanmış 193 C-21 nömrəli materialdan görünür ki: - Sabunçu RPİ-nin 13-cü PB-nə "xxxx" MMC-nin “Bakıxanov çörək zavodu”nda işləyən X7 tərəfindən ünvanlanmış ərizə və izahatında bildirmişdir ki, təxminən 1 ildən artıqdır ki, Ceyhun və Ehtibar adlı şəxslərə nisyə çörək vermişlər, həmin şəxslər hər ay çörəklərin ödənişini etmişlər. Yanvar-fevral aylarında ödənişləri tam etmədikləri üçün 11483 manat borc yaranmışdır. Bu borcu ödəyə bilmədiyi üçün, pulu xərclədiyinə görə ona bildirmişdir ki, pulun müqabilində “Daewoo Gentra” minik markalı avtomobilini borc əvəzi 10.000 adına keçirməyə razılıq verir. xx.xx.2021-ci il tarixdə notariat qaydada etibarnamə alınmış, qalan pulu isə 3 gün ərzində ödəyəcəyini bildirmişdir. Daha sonra Ceyhun ona sms yazaraq, aldıdıldığını və avtomobilinin əlindən alındığını bildirmiş, lakin Ceyhunun ona olan borcu müqabilində qarşılıqlı razılıq əsasında həmin avtomobil onun adına keçirilmiş və borcunu ödəyərsə, avtomobilin qaytarılması şərtləşdirilmişdir. - Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nə ünvanlanmış müraciətə cavabdan görünür ki, İddiaçı "xxxx" MMC-nin işçisi olmamış və onunla əmək müqaviləsi bağlanılmamışdır. Həmin şəxs cəmiyyətə müştəri qismində müraciət etmiş və şifahi əqdlər əsasında satış həcminin artırılması məqsədilə yeni satış məntəqələri təklif etmiş və bu müsbət qarşılanaraq MMC-yə məxsus nəqliyyat vasitələri ilə çörəklər paylanılmışdır. Tərəflər arasında əldə edilmiş razılıq əsasında Ceyhun endirimli qiymətlərlə çörəyin satışından əldə edilmiş pul vəsaitlərini həmin məntəqələrdən şəxsən alaraq müəssisəyə təhvil vermişdir. C.N. Hümbətovun cəmiyyətə 11483 manat borcunun olmasını təsdiq edən öz əlyazması vardır. - xx.xx.2021-ci ildə çap edilmiş inkassator zonasına dair tərtib edilmiş cədvəldən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi 11.483,56 manat borc vardır. İddiaçı “Bakıxanov çörək zavodu”nda götürülən çörək sayına görə 11.483 manat borcun olduğunu təsdiq etmiş və ona qarşı heç bir zorakılıq tətbiq edilmədiyini bildirmişdir. - Bakı şəhəri 16 saylı notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə X10 nümayəndəsi İddiaçı tərəfindən “Daewoo Gentra” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair X3 adına etibarnamə verilmişdir. - Sabunçu rayon prokurorunun böyük köməkçisi X12 tərəfindən qəbul edilmiş cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, inkassator zonasına aid hesabatdan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qəbul etdiyi çörəyə görə 4992,89 manat, 11 saylı cəzaçəkmə müəssisəsinin 6173,23 manat, 16 saylı cəzaçəkmə müəssisəsinin 2081,5 manat, 3 saylı istintaq təcridxanasının 3464,72, 6 saylı cəzaçəkmə müəssisəsinin 3897,98 manat, 9 saylı cəzaçəkmə müəssisəsinin 5004,9 manat borcu yaranmış, həmin borcdan 4400 manat ödənilmiş və qalıq borc 11.483,56 manat olmuşdur. - Həmin qərara əsasən, İddiaçı müraciəti ilə əlaqədar toplanmış 193 C-21 nömrəli material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı "xxxx" MMC-də qeyri-rəsmi işlərin görülməsinə görə, sonuncu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilmiş, cəmiyyətin vəzifəli şəxsi X16 xidmətin xx.xx.2021-ci il tarixli qərarı ilə inzibati məsuliyyətə cəlb edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, xidmətin cəzaçəkmə müəssisələrini çörək norması ilə təmin etmək üçün Təchizat idarəsi və "xxxx" MMC (“Bakıxanov çörək zavodu”) arasında heç bir müqavilə bağlanılmamışdır. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, iddiaçı, ona aid olmayan borcla bağlı, cəzaçəkmə müəssisələrinə tərəfindən paylanılmış çörəklərə görə ödənilməmiş 11.486 manat pul məbləğinin borc şəklində qaytarılmalı olduğuna dair məcburi şəkildə adından xx.xx.2021-ci il tarixdə iltizam alındığını, bundan sonra elə həmin tarixdə “Daewoo Gentra” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair məcburi olaraq "xxxx" MMC-nin “Bakıxanov çörək zavodu”nda işləyən X3 adına etibarnamə verdiyini iddia edir. Cavabdeh tərəf isə iddiaçının ona borcu olduğunu, hazırkı mübahisənin bundan qaynaqlandığı, lakin özünün iddiaçıdan heç bir iltizam almadığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə isə İddiaçı Sabunçu RPİ-nin 13-cü PB-nə göstərilənlərlə bağlı müraciət etmişdir. "xxxx" MMC-nin (“Bakıxanov çörək zavodu”nun) aidiyyəti əməkdaşları, o cümlədən cavabdeh tərəfindən (həmçinin İddiaçı müraciəti ilə əlaqədar Bakı şəhəri Sabunçu rayon prokurorluğunda toplanmış 193 C-21 nömrəli materialdan göründüyü kimi) iddiaçının cəmiyyətə 11.486 manat pul borclu olduğu bildirilib, həmin borcun yaranma əsası kimi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin çörək norması ilə təmin edilməsi göstərilsə də, həmin xidmətin xx.xx.2021ci il tarixli məktubuna əsasən, Təchizat idarəsi və "xxxx" MMC arasında bununla bağlı müqavilənin bağlanılmadığı bildirmişdir. Belə olan halda, məhkəmə tərəfindən iddiaçının 11.486 manat məbləğində borcunun yaranması üçün əsasın olmadığı müəyyən edilir. Odur ki, olmayan borca görə iddiaçının qanuni sahibliyində olan 2023-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sahiblik və istifadəsindən çıxmışdır ki, bu fakt işin mübahisəsiz halı olub iş materialları ilə təsdiqlənir. Həmçinin o da aşkardır ki, İddiaçı əmlakından qeyri-qanuni məhrum olmasından əldə edilmiş pul vəsaiti onun “Bakıxanov çörək zavodu”nun rəhbəri Cavabdeh əslində mövcud olmayan 11.486 manat borcunun silinməsinə xidmət etmiş, bununla da sonuncu, əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, yuxarıda görtərilənlərə əsasən, habelə avtomobilin markasını və buraxılış ilini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırkı iddia tələbi qismən, 11.500 manat pulun Cavabdeh tərəfindən İddiaçı qaytarılması hissəsində təmin edilməli, qalan hissədə isə aşağıdakılara əsasən rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (MM-in 443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hazırkı iş üzrə isə cavabdeh (borc alan) tərəfindən borc öhdəliyinin icra edilməməsi nəticəsində iddiaçı (borc verən) ona nə kimi zərər dəydiyini göstərməmiş, buna dair hər hansı təsdiqedici sübutu məhkəməyə təqdim etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli Qərarında da qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddia tələbinin 11.500 manat hissədə təmin edildiyini nəzərə alaraq, hesab edir ki, təmin edilmiş məbləğə mütənasib olaraq, 124,5 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 11.500 (on bir min beş yüz) manat məbləğində pul vəsaiti və 124,5 (bir yüz iyirmi dörd manat, əlli qəpik) manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar