Məhkəmə qərarları › İş №2(008)-3604/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3604/2025

22.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3604/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10.170 manat məbləğində borcun, gecikdirilmiş müddət ərzində bank faizinin və ödənilmiş 120,51 manat dövlət rüsumunun tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, sahibkar olaraq 2022-ci il tarixdən ünvan 1 ünvanında yerləşən "Texno home" mağazasında məişət avadanlıqlarının satışı ilə məşğul olur. Cavabdeh uzun müddətdir tanıyır. O, cavabdehin anası Qiymət Əhmədova ilə qonşudur. Cavabdehi də qonşuluqda yaşayan anası Qiymətin evinə gəlib-getməsi ilə əlaqədar tanımışdır. Cavabdeh 2023-cü ildə işlədiyi mağazaya gəlmiş, başqa şəxslərə satmaq məqsədi ilə bir neçə məişət avadanlığını almaq istədiyini demişdir. Buna görə bir neçə məişət avadanlığının satışını həyata keçirmişdir. Qeyd olunan pulları cavabdeh satdığı şəxslərdən alaraq hissə-hissə dükana ödəməli idi. Lakin cavabdehin aşağıdakı aldığı mallar üzrə borcları qalmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə 1555 manat dəyərində "Samsung" markalı soyuducu götürmüş, həmin soyuducuya görə müəyyən hissəsini ödəsə də, 595 manat qalıq qalmışdır. xx.xx.2023-cü il tarixdə mağazadan Nahibə adlı iş yoldaşı kimi təqdim etdiyi şəxsin adına 2200 manat dəyərində "LG" markalı televizor almış, həmin televizora görə ödəniş etmiş qalan 1312 manat qalıq qalmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh öz adına 5853 manat dəyərində məişət avadanlığı almışdır və pulunu ödəməmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh 2810 manat dəyərində "Aux" markalı soyuducu götürmüş, 310 manat qalıq qalmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh 2200 manat dəyərində "LG" markalı soyuducu almış, 100 manatını ödəsə də, həmin soyuducunun qalan pulunu (2100 manatını) ödəməmişdir. Eyni tarixdə Rəsul adlı şəxsin adına 3380 manat dəyərində "Aux" markalı soyuducu götürmüş, 400 manat qalıq qalmışdır. Cavabdeh bəzi əşyaları başqa şəxslərin şəxsiyyət vəsiqəsini təqdim etməklə onların adına alsa da, bu əşyaları özü aldığını etiraf etmişdir. Cavabdehin ona yekun 10.570 manat borcu qalmış, lakin sonradan 400 manat məbləği də ödəmiş, Rəsul adlı şəxsin adına götürdüyü "Aux" markalı soyuducunun pulunu bağlamışdır. Beləliklə 10.170 manat borcu qalmışdır. Məsələ polis bölməsində araşdırılarkən cavabdeh bu faktları etiraf etmiş və bildirmişdir ki, bu müddət ərzində ondan 60.000 manatdan artıq məbləğində məişət avadanlıqları almış, başqalarına sataraq pullarını ödəmiş və nəticə olaraq iddiaçıya 10.000 manat civarında borcu qalmışdır. Həmin pulu malları satdığı adamlardan alsa da, dükana ödəməmişdir. Cavabdehin 10.170 manat məbləğində pulu iddiaçıya qaytarmaması həm də onun mülkiyyət hüququnu pozur. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edib, ərizə ilə müraciət edərək iddiaçıya 10.170 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri, Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X1 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ünvan 2 ünvanında yaşayan İddiaçı ərizə ilə Xətai RPİ-nə müraciət edərək, tanışı Cavabdeh müxtəlif məişət avadanlıqları alıb satışını həyata keçirdikdən sonra həmin məişət avadanlıqlarının pulunu verəcəyi barədə vəd verib, 2023-cü ilin aprel ayında ünvan 1 ünvanında ümumi dəyəri 10.000 manat olan məişət avadanlıqlarını ələ keçirməklə ona maddi ziyan vurduğunu bildirmişdir. Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin məhkəmə iclasında araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı məişət avadanlıqları mağazasında məişət avadanlıqlarının satışı ilə məşğuldur. Cavabdeh başqa şəxslərə satmaq məqsədilə bir neçə məişət avadanlığını almaq istədiyini iddiaçıya bildirmiş, iddiaçı da satması üçün cavabdehə bir qisim məişət avadanlığı vermişdir. Cavabdeh həmin məhsulların satışından əldə ediləcək pulları hissə-hissə mağazaya ödəməli olsa da, ödənişləri tam şəkildə həyata keçirməmiş, bəzi məhsullar üzrə borcları qalmışdır. İddiaçı hazırkı iddia ilə müraciət edərək, cavabdehdən 10.170 manat borcu qaldığını bildirir, cavabdeh isə, məhkəmə iclasında iddiaçıya həmin məbləğdə borcu olduğunu etiraf edir. Belə olan halda, məhkəmə təqdim edilmiş sübutları, o cümlədən cavabdehin iddianın etirafı barədə ərizə və izahatını nəzərə alıb belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh 10.170 manat məbləğində borcun İddiaçı xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə, tələbin 10.170 manat borcun iddiaçıya qaytarılmadığı üçün gecikdirilmiş müddət ərzində bank faizinin tutulması hissəsi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qarşı tərəfin pul öhdəliyinin vaxtında icra edilməməsi nəticəsində ona nə kimi zərər dəydiyini, nə qədər zərər dəydiyini, eləcə də, qarşı tərəfin bundan hansı formada faydalandığını göstərməmiş və buna dair hər hansı təsdiqedici sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddianın qiyməti 10.000 manatdan 1.00.000 manatadək olduqda 120 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması ilə əlaqədar 120,51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 120,51 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10.170 (on min yüz yetmiş) manat məbləğində pul vəsaiti və 120,51 (yüz iyirmi manat, əlli bir qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar