Məhkəmə qərarları › İş №2(008)-3611/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3611/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3611/2021 26.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Abdullayev Ümid Məhərrəm oğlunun, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh2 arasında bağlanmış 23.08.2019-cu il tarixli, İK № Özəl (1.5) 839/F-19-10 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 2808.87 manat əsas, 471.20 manat faiz, 537.11 manat cərimə borcu olmaqla, cəmi 3817,18 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Binəqədi” filialı ilə Cavabdeh2 arasında bağlanmış 23.08.2019-cu il tarixli, İK № Özəl (1.5) 839/F-19-10 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 25.5 faiz dərəcəsi ilə 36 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bankla Cavabdeh1 arasında 23.08.2019-cu il tarixli, İK № Özəl (1.5) 839/F-19-10 saylı zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər müqavilə üzrə öhdəliyə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş qrafikinin tələblərini davamlı şəkildə pozmuşlar. Bununla əlaqədar, cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, nəticə əldə edilməmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 23.08.2019-cu il tarixli, İK № Özəl (1.5) 839/F-19-10 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 2808.87 manat əsas, 829.52 manat faiz, 887.28 manat cərimə borcu olmaqla, cəmi 4425.67 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, 23.08.2019-cu il tarixli, İK № Özəl (1.5) 839/F-19-10 saylı kredit müqaviləsi üzrə hesablanmış əsas borc məbləği ilə razı olsa da, faiz və cərimə məbləği ilə razı olmadığını bildirmiş və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinin tələbinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh2 arasında bağlanmış 23.08.2019-cu il tarixli, İK № Özəl (1.5) 839/F-19-10 saylı kredit müqaviləsinə əsasən, sonuncuya illik 25.5 faiz dərəcəsi ilə 36 ay müddətinə 3500 manat məbləğində kredit verilmişdir. - İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış 23.08.2019-cu il tarixli, İK № Özəl (1.5) 839/F-19-10 saylı zaminlik müqaviləsinə əsasən, sonuncu özünə məxsus bütün daşınar və daşınmaz əmlakları ilə 23.08.2019-cu il tarixli, İK № Özəl (1.5) 839/F-19-10 saylı kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 bank qarşısında öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirilməsi ilə əlaqədar məsuliyyəti öz üzərinə götürmüşdür. - 23.08.2019-cu il tarixli, İK № Özəl (1.5) 839/F-19-10 saylı kredit müqaviləsinə dair ödəniş qrafikindən görünür ki, Cavabdeh2 23.09.2019-cu il tarixdən 23.07.2022-ci il tarixədək hər ay 140.09 manat, 23.08.2022-ci il tarixdə isə 139.92 manat olmaqla, cəmi 5043.07 manat məbləğində banka ödəniş etməlidir. - 23.08.2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 nağd qaydada 3500 manat məbləğində kredit verilmişdir. - 29.10.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, iddiaçı tərəfindən kredit borcunun ödənilməsi üçün cavabdehlərə müvafiq qaydada xəbərdarlıq edilmişdir. - 17.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 banka 2808.87 manat əsas, 829.52 manat faiz, 887.28 manat cərimə borcu olmaqla, cəmi 4525.67 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1-ci maddə). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi, Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386cı maddəsinə əsasən, həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdehlər müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlıvaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 2808.87 manat məbləğində əsas borcun, 829.52 manat məbləğində faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdeh tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi, Cavabdeh1 isə, zaminlik müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca yerinə yetirmədiklərindən, iddia qismən təmin edilərək, cavabdehlərdən 23.08.2019-cu il tarixli, İK № Özəl (1.5) 839/F-19-10 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 2808.87 manat əsas, 829.52 manat faiz, 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3658.39 manat məbləğində borc iddiaçının xeyrinə tutulmalı, tərəflər arasında bağlanmış 23.08.2019-cu il tarixli, İK № Özəl (1.5) 839/F-19-10 saylı kredit müqaviləsi ləğv edilməlidir. Məhkəmə iddianın qismən təmin edilməsini nəzərə alaraq, hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 23.08.2019-cu il tarixli, İK № Özəl (1.5) 839/F-19-10 saylı kredit müqaviləsi üzrə müştərək qaydada 2808.87 (iki min səkkiz yüz səkkiz manat səksən yeddi qəpik) manat əsas, 829.52 (səkkiz yüz iyirmi doqquz manat əlli iki qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə borcu olmaqla, cəmi 3658.39 (üç min altı yüz əlli səkkiz manat otuz doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi 20 (iyirmi) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 ilə arasında bağlanmış 23.08.2019cu il tarixli, İK № Özəl (1.5) 839/F-19-10 saylı kredit müqaviləsi ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar