Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-364/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1186 manat məbləğində pul vəsaitinin və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq, cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx.xx.2017-ci il tarixli, 216-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2017-ci il tarixli əmrlə işdən azad edilmişdir. O, iş vaxtı ərzində iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-nin – “Oba-Sabunçu 2” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2017-ci il tarixdə “İnventarizasiya nəticələrinə dair” yekun akta əsasən cəmiyyətə 2037 manat məbləğində zərər vurduğu məlum olmuşdur. Maliyyə arayışına əsasən çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 851,27 manat pul şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, cavabdehin hazırda cəmiyyətə həmin məbləğdə borcu qalmışdır. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, hazırkı vaxtadək heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, o, "xxxx" MMC-nin – “Oba-Sabunçu 2” mağazasında 5 il əvvəl işləmiş və administrator vəzifəsinə qədər yüksəlmişdir. Mağazanı təhvil-təslim edən zaman aktı imzalamışdır. Hesab edir ki, hazırkı tələb əsassızdır, odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, “X5” MMC-nin adı İddiaçı MMC-yə dəyişdirilmişdir. - xx.xx.2016-cı il tarixli əmək müqaviləsi “X5” MMC ilə Cavabdeh arasında bağlanmış, müqavilənin şərtlərinə görə, əmək müqaviləsi müddətsiz bağlanmış, işin ilk 3 ayı sınaq müddəti hesab edilmişdir. - xx.xx.2016-cı və xx.xx.2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilələr “X5” MMC ilə Cavabdeh arasında bağlanmışdır. - “X5” MMC-nin xx.xx.2017-ci il tarixli, 216-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh administrator vəzifəsinə işə qəbul edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, “X5” MMC-nin xx.xx.2017-ci il tarixli 291-K saylı əmrinə əsasən, Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. - xx.xx.2017-ci il tarixdə “OBA Sabunçu-2” filialında aparılmış yoxlama nəticələrinə dair yekun aktın “X5” MMC-nin İnventarizasiya siyahısından görünür ki, həmin tarixdə cəmi 651 sıra nömrəsi ilə mal sayılmışdır. - “X5” MMC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2017-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 2037,27 manat çatışmazlıq müəyyən edilmişdir, 851,27 manat güzəşt edildikdən sonra xx.xx.2021-ci il tarixə 1186 manat borcu vardır. - “X5” MMC-nin xx.xx.2017-ci il tarixli iltizamnamədən görünür ki, Cavabdeh bildirmişdir ki, araşdırma nəticəsi ilə tanış olmuş, 2037,27 manat əksik məbləğdə kənarlaşmanın aşkar olunduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipinə əsasən, hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Odur ki, məhkəmə, formal həqiqət prinsipinin önəmini vurğulayıb, mülki işin faktiki hallarını nəzərə alaraq, mübahisənin düzgün hüquqi həlli üçün işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyəti və onun həlli qaydalarını nəzərə tutan əmək qanunvericiliyinin bir sıra normalarının təhlilini zəruri hesab edir. Belə ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. İşçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Belə ki, əmək münasibətlərinin əsas prinsiplərindən biri əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılmasıdır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Bu prinsipə müvafiq olaraq, qanunverici, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrini sadalayaraq, onun əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək (Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” bəndi) və işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq (Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndi) vəzifələrini müəyyən etmişdir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, vurduğu ziyana görə işçinin işəgötürən qarşısında maddi məsuliyyət daşıması üçün işçinin təqsirli şəkildə, yəni qəsddən və ya ehtiyatsızlıqla hər hansı əməl törətməsi, işəgötürənə ziyanın həqiqətən vurulması, işçinin əməlinin, yəni hərəkət və ya hərəkətsizliyinin qanuna zidd olması və bu əməllə onun nəticəsi arasında səbəbli əlaqənin müəyyən olunması zəruridir. Bununla belə, o da nəzərə alınmalıdır ki, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub və onların orta aylıq əmək haqqı miqdarında ödənilir. Eyni zamanda, qanunverici, işçinin işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıması əsaslarını da müəyyən etmiş və bu əsaslardan biri kimi əmək münasibəti tərəflərinin işçinin tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilənin bağlanması halını nəzərdə tutmuşdur. Belə ki, ƏM-nin 199-cu maddəsinin 1-ci hissəsinin “a” bəndinə görə, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-ci maddəsinin 1-ci hissəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Göstərilənlərə əsasən, hazırkı mülki iş üzrə araşdırma predmetini Cavabdeh qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, işçinin işəgötürənə vurduğu ziyana görə, maddi məsuliyyət daşıması üçün ilk növbədə işçinin əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalıdır. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir (Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarı) İşdə olan xx.xx.2022-ci il tarixli, 9/9052 saylı ekspert rəyinə (tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı MMC tərəfindən təqdim olunmuş maliyyə arayışı məlumatlarının, xx.xx.2017-ci il tarixli təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda “Oba Sabunçu-2” filialında yaranmış çatışmazlıq 1186 manat müəyyən edilmişdir. Məhkəmə, həmin ekspert rəyi ilə gəlinmiş nəticənin aydınlıq gətirilməli olan xüsusi bilik sahəsinə aid olduğunu, habelə toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparıldığını nəzərə alaraq hesab edir ki, rəy işin müəyyən olunmuş halları ilə üst-üstə düşür və onunla razılaşmamaq üçün əsas yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə, Konstitusiya Məhkəməsinin 15 iyul 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunverici, təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işçi öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Lakin, hazırkı mülki işdə Cavabdeh administrator kimi işlədiyi İddiaçı MMC-nin “Oba-Sabunçu 2” mağazasında aşkar olunmuş çatışmazlıqda təqsirinin olmadığını təsdiqləyən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, cəmiyyətin məruz qaldığı zərər cavabdehin hüquqazidd hərəkəti nəticəsində yaranmış və bunlar arasındakı səbəbli əlaqəni yuxarıda sadalanan sübutlar tam təsdiqləyir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Cavabdeh əmək qanunvericiliyi çərçivəsində İddiaçı MMC qarşısında cəmi 1186 manat məbləğində tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən çəkilmiş mediasiya xərci 50 manat pul ödənilmişdir. İddia tələbi tam təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin işdə olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir və həmin pul məbləği iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 1186 (bir min yüz səksən altı) manat və mediasiya xərcinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı xeyrinə ödənilsin. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-364/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-364/2023
01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver