Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3660/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 16.024 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 19.07.2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh arasında avtomobilin icarəsi barədə müqavilə bağlanılaraq, “Hyundai Accent” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün etibarnamə ilə cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh 25.09.2019-cu il tarixdə avtomobili idarə edərkən qəza törətmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən verilmiş 024498 seriyalı arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada cərimə olunmuşdur. Yol nəqliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində olan icarə predmeti "Hyundai Accent" markalı, 99 PZ 512 dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən 15.924 manat məbləğində ziyan vurulmuşdur. Dəymiş ziyanın hesablanması üçün 15.11.2019-cu il tarixdə “Auto Azərbaycan” şirkəti tərəfindən AA 039594 saylı akt tərtib edilmişdir. Cavabdehdən dəfələrlə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin icra olunması tələb edilsə də, o, dəymiş ziyanın ödənilməsindən qərəzli şəkildə boyun qaçırır. Cavabdehin hərəkətləri nəticəsində, iddiaçıya icarə predmeti olan avtomobilə 15.924 manat, həmçinin “Auto Azərbaycan” şirkəti tərəfindən avtomaşına dəymiş zərərin məbləğinin müəyyən olunması üçün ödənilmiş 100 manat olmaqla, cəmi 16.024 manat maddi ziyan dəymişdir. İddiaçı-nin direktoru ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, 19.07.2019-cu il tarixdə onunla İddiaçı ilə arasında avtomobilin icarəsi barədə müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən, “Hyundai Accent” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün etibarnamə ilə onun istifadəsinə verilmişdir. 25.09.2019-cu il tarixdə avtomobili idarə edərkən qəza törətmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi zamanı iddiaçının mülkiyyətində olan icarə predmeti "Hyundai Accent" markalı, 99 PZ 512 dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəysə də, həmin ziyanın məbləği 15.924 manat deyil, daha da azdır. İş üzrə verilmiş ekspert rəyi ilə də razılaşmır. O, qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD N 359637 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Hyundai Accent" markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı-nin mülkiyyətindədir. İş materiallarında olan “icarəyə verən” İddiaçı ilə “icarəçi” Cavabdeh arasında bağlanmış 19.07.2019-cu il tarixli, 2 saylı “Avtmobilin icarəsi barədə” müqaviləyə əsasən, “icarəyə verən” İddiaçı “Hyundai Accent" markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili “icarəçi” Cavabdeh icarəyə vermişdir. Həmin müqavilənin 3.14.2-ci bəndində avtomaşının istifadə və istismar qaydalarına riayət etmək, həmin müqavilənin 3.14.6-cı bəndində yol nəqliyyat, yanğın və oğurluq hadisələri zamanı avtomaşına dəyən ziyanı ödəmək, həmin müqavilənin 3.14.7-ci bəndində avtomaşını hər hansı bir səbəbdən icarəyə verənə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyi ilə bağlı “icarəçi” üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 18.09.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən “Hyundai Accent” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh Zəfər oğluna 1 il müddətinə etibarnamə verilmişdir. İş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsi tərəfindən verilmiş 024498 seriyalı arayışından görünür ki, Cavabdeh inzibati xəta törəmiş, onun törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb olunmuşdur. İş materiallarında olan “Auto Azərbaycan” servis mərkəzinin 15.11.2019-cu il tarixli, AA 039594 saylı aktından görünür ki, “Hyundai Accent" markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 15924,20 manat təşkil edir. İş materiallarında olan 20.11.2019-cu il tarixli qəbzdən görünür ki, avtomaşına dəymiş zərərin məbləğinin müəyyən olunması üçün “Auto Azərbaycan” şirkətinə 100 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə- Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17.09.2021-ci il tarixli, 9/5009 saylı ekspert rəyindən görünür ki, “Auto Azərbaycan” servis mərkəzinin 15.11.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Hyundai Accent” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 15.355 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə) . Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsi təşkil edir. Belə ki, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 19.07.2019-cu il tarixdə Cavabdeh ilə İddiaçı arasında avtomobilin icarəsi barədə bağlanmış müqaviləyə əsasən, “Hyundai Accent” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün etibarnamə ilə Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh avtomobili idarə edərkən qəza törətmiş, həmin yol-nəqliyyat hadisəsi nəticəsində, iddiaçının mülkiyyətində olan icarə predmeti avtomobilə maddi ziyan dəymişdir. Ekspert rəyinə əsasən, qeyd olunan avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 15.355 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab ki, iddia qismən təmin edilməli, iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 15.355 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı-nin xeyrinə ödənilməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmiş, həmçinin ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 25 manat, ekspert tədqiqatının dəyərinin isə 75 manat hissəsi cavabdehə, dövlət rüsumunun qalan hissəsi, ekspert tədqiqatının dəyərinin isə 25 manat hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçıya məxsus “Hyundai Accent” markalı, ** PZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin əvəzi olaraq 15.355 (on beş min üç yüz əlli beş) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 25 (iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, İddiaçı-nin xeyrinə ödənilsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci hesabına İddiaçı-dən 25 (iyirmi beş) manat, Cavabdeh 75 (yetmiş beş) manat məbləğində pul vəsaiti tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3660/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3660/2021
23.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver