Məhkəmə qərarları › İş №2(008)-3682/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3682/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3682/2025 15.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixdə nağd olaraq şifahi borc müqaviləsi əsasında ondan aldığı borcdan ödəmədiyi 4000 manat borcun və 60 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində ABB Bankından 6450 manat kredit götürərək həmin məbləği borc olaraq eyni gündə cavabdehə vermişdir. Cavabdeh həmin kredit məbləğini özü ödəyəcəyini öhdəliyinə götürmüşdür. Həmin kredit məbləğindən bugünə kimi müəyyən qədər ödəniş etsə də, kredit borcundan 4000 manat borcu qalır. Lakin cavabdeh artıq heç bir ödəniş etmir. Ondan dəfələrlə ödənişləri etməyini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə ödəniş etməkdən boyun qaçırır. Dəfələrlə cavabdehə borcunu ödəməsini tələb etsə də, cavabdeh onu ələ salır, telefon zənglərinə cavab vermir. Bununla bağlı Daxili İşlər Nazirliyinə də müraciət etmiş, lakin ona işin mülki iş olduğu üçün məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Bu səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, xx.xx.2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərmiş, lakin cavabdeh pretenziya məktubuna cavab verməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdi ki, iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra onun hələ də maaşından tutulmalar aparılır deyə cavabdeh hazırda həmin pulları hissə-hissə ödəyir. Cavabdeh 4000 manat qalıq borcdan iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra hissə-hissə olmaqla 3 dəfəyə 711 manat (207+300+204) məbləğdə ödəniş etmişdir. Odur ki, iddianın qismən, yəni qalan 3289 manat hissəsində təmin edilməsinə etiraz etmədi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf etdi və izahatında bildirdi ki, iddiaçı ilə bir xəstəxanada işləyirlər, uşağının sağlamlığında problem olduğundan Rəna xanım bankdan 6450 manat məbləğində kredit götürərək, ona borc pul vermişdir. Həmin borcdan qaytarsa da, 4000 manat borcu qalmaqda idi. İddiaçı hazırda həmin borcun hamısını tələb etsə də, onun maddi imkanı çatmamışdır. Başqa banka kredit borcu üzrə zamin olduğundan öz adına kredit götürə bilməmişdir. Ən son pulu ödəyən zaman qalıq borcunun 3780 manat olduğu göstərilmişdir. İddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra hissə-hissə olmaqla 3 dəfəyə 711 manat (207+300+204 manat) məbləğdə ödəniş etmişdir. Hazırda 3289 manat borcu qalmışdır. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 60 manat dövlət rüsumu ödəmişdir. - xx.xx.2024-cü il tarixli Bakı Baş Polis İdarəsi Sabunçu Rayon Polis İdarəsinin İddiaçı ünvanlanmış məktubundan görünür ki, onun müraciətinə baxılmış və aparılan araşdırma zamanı göstərilən xüsusatların mülki xarakterli olması müəyyən edildiyi üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. - "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış BPM**********90 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 6450 manat kredit verilmişdir. İddiaçı 48 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ona verilmiş borcdan qalan 4000 manatın qaytarılması, əks təqdirdə mübahisənin həlli üçün məhkəməyə müraciət edəcəyi bildirilmişdir. - Cavabdeh Cəli qızı tərəfindən imzalanmış vərəqdə Rənaya 4000 manat pul verəcəyi qeyd olunmuşdur. - xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən kredit borcundan cədvəl üzrə ödəniş təyinatı ilə 207 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən kredit borcundan cədvəl üzrə ödəniş təyinatı ilə 300 manat məbləğində ödəniş edilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən kredit borcundan cədvəl üzrə ödəniş təyinatı ilə 204 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı şifahi razılaşma olmuş, iddiaçı tərəfindən cavabdehə 6450 manat məblələğində pul verilmişdir. Cavabdeh həmin puldan iddia ərizəsi məhkəməyə təqdim edilənədək (xx.xx.2025-ci il tarixədək) ödənişlər etmiş və 4000 manat borc qalmışdır. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən həmin borcdan xx.xx.2025-ci il tarixdə 207 manat, xx.xx.2025-ci il tarixdə 300 manat və xx.xx.2025-ci il tarixdə 204 manat olmaqla, cəmi 711 manat ödəniş edilmişdir. Qeyd olunan hallar iddiaçı və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərlə və öz etirafedici ifadələri ilə də təsdiq olunur. İddiaçı məhkəmə araşdırması zamanı 711 manat ödəniş edildiyini, cavabdeh isə hazırda 3289 manat borcu qaldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğundan, borc müqaviləsi yazılı formada bağlanılmalı olduğundan, borc müqaviləsinin yazılı formasına riayət olunmadığından tərəflər arasındakı münasibətlər etibarsız əqdə əsaslanmış və cavabdeh iddiaçının verdiyi pul vəsaiti hesabına əsassız varlanmışdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İddiaçı tərəfindən tutulmalı olan pul məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3289 (üç min iki yüz səksən doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3289 (üç min iki yüz səksən doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun 52.89 manatı Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3289 (üç min iki yüz səksən doqquz) manat məbləğində pul və 52.89 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar