Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3780/2024 23.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alqı-satqı müqaviləsinə görə 91.200 (doxsan bir min iki yüz) AZN ödənilməmiş pulu qaytarmaqla yanaşı, eyni zamanda, pulunu vaxtında ödəmədiklərinə görə məhkəməyə müraciəti ilə bağlı tərəfindən ödənilmiş 364 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sabunçu rayonu ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi olan 133 saylı uşaq bağçasının paylı mülkiyyətçisidir. Bu barədə adına xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış və texniki pasport var. Cavabdehlər ona alqı-satqı vasitəçisi ilə müraciət etdilər ki, qeyriyaşayış sahəsini almaq istəyirlər. O da əmlakını satmaq istəyirdi. İlkin olaraq 200 kv.m almaq məqsədilə alqı-satqıda işləyən vasitəçinin iştirakı ilə beh müqaviləsi bağlamışlar. Sonra cavabdehlər 446 kv.m sahəni 500.000 manata almaq istədiklərini bildirdilər. Yenidən fikirlərini dəyişdilər, pul azdır dedilər. Təkrar yenə də hamısını almaq fikrində olduqlarını bildirdilər, nəticədə onu aldadıb 258 kv.m sahəni alqı-satqı etdilər, ona 270.000 manat pul verdilər. Ona bildirdilər ki, bu son deyil, yenə də qeyri-yaşayış sahəsinin qalan hissəsini alacaqlar, qalan pulu birlikdə verərlər. İki dəfə ona vaxt təyin etdilər ki, gedib notariusda qeyri-yaşayış sahənin qalan hissəsini və əlavə olaraq binaya bitişik 180 kv.m torpaq sahəsini, həmin binanın zirzəmisindən 160 kv.m sahəni almaq fikrində olduqlarını bildirdilər. O, cavabdehlərin bu hərəkətlərinə aldandı. Ancaq onunla cavabdehlər ilkin olaraq, kvadratı 1400 manatdan olmaqla, 200 kv.metr üçün ilkin müqavilə bağlamışdılar. Cavabdehlər isə hər dəfə bu gün alırıq, sabah alırıq deyə-deyə o, aldandı. 258 kv.metr sahəyə alqı-satqı etdilər. Ona 361.200 manat verilməli idi, lakin 270.000 manat verildi. 6 aydır ki, cavabdehlər onun 91.200 manat pulunu vermirlər. O da vəziyyəti belə görüb məhkəməyə müraciət edir. Əmlakın qalan hissəsini almırlar, pulları çatmır, özləri bilsin. Onun mülkiyyəti olan 258 kv.m sahəni 1400 manatdan alıb pulunu ödəsin. O, 6 aydır sarsıntı keçirir, psixologiyası təmiz pozulub, satdığı qeyri-yaşayış sahəsinin pulunu tam alıb arzularını həyata keçirə bilmir. Hal-hazırda kirayədə yaşayır. Eyni zamanda, bildirir ki, cavabdehlərin ona verməli olduqları 91.200 (doxsan bir min iki yüz) manat pul bu günə kimi öz dəyərini itirmiş və infilyasiyaya uğramışdır. Ona görə də ona ödəniləcək pul verilərkən infilyasiya səviyyəsi nəzərə alınmalıdır. Daha sonra iddia məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 101.200 manat məbləğində pulun, ödənilmiş 364 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, eyni zamanda, iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək, səhhətində yaranmış narahatlıq səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə mahiyyəti üzrə baxılmasını tələb etmişlər. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, alqı-satqı müqaviləsi tam qanuni şəkildə bağlanmışdır. Əmlakı 260.000 manata razılaşmışlar, həmin pul vəsaiti notariusun depozit hesabına qoyulmuş, iddiaçı da pulu bankdan almışdır. İddiaçının iddia ərizəsində göstərdiyi məbləğ tam əsassızdır, onun iddiaçıya heç bir borcu yoxdur. Əmlakın razılaşdıqları dəyərini tam şəkildə müqavilə bağlanan gün ödəmişlər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etmədi, Cavabdeh1 izahatındakı xüsusatları təsdiq edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 365 manat dövlət rüsumu ödənilmişdir. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 892.3 kv.m olan qeyri-yaşayış sahəsi - 133 saylı uşaq bağçası 85%-dən 1/2 hissə və 15%-dən 14/26 hissə İddiaçı və 85%-dən 1/2 hissə və 15%-dən 12/26 hissə X1 xüsusi mülkiyyətindədir. - AN-İ seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 892.3 kv.m olan qeyri-yaşayış sahəsi-133 saylı uşaq bağçasının paylı mülkiyyət üzrə ona məxsus hissəsini (85%-dən 1/2 hissədən və 15%-dən 14/26 hissədən - 258 kv.m) 260.000 manata Cavabdeh1 (1/2 hissə) və Cavabdeh2 (1/2 hissə) satmışdır. - xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı və beh qoyulması üzrə ilkin müqavilənin surətindən görünür ki, satıcı X2 Xasməmmədov küçəsi 7 ünvanında yerləşən əmlakın satılmasına görə alıcı Cavabdeh1 tərəfindən 50.000+20.000+100.000 manat, cəmi 170.000 manat beh verilmişdir. - 003226 nömrəli xx.xx.2021-ci il tarixli vəsiqənin surətindən görünür ki, Cavabdeh2 şəhid ailəsi üzvüdür. - xx.xx.2023-cü il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 2 (yeni qaydalarla: AZ1040, ünvan 3 ünvanında yerləşən, sahəsi 258.4 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 və başqalarının mülkiyyətindədir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarla: AZ 1040, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 258.40 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İddia tələbindən görünür ki, iddiaçı mübahisəli daşınmaz əmlakın satış qiymətini cavabdehlərlə 371.200 manata razılaşdıqlarını, lakin sonuncuların ona 270.000 manat ödədiklərini, əmlakın dəyərinin qalan 101.200 manatını isə bu günədək ödəmədiklərini iddia edərək, hazırda həmin pulu cavabdehlərdən tələb edir. Lakin iddiaçı tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdehlərin ona borclu olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Əksinə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 892.3 kv.m olan qeyri-yaşayış sahəsi-133 saylı uşaq bağçasının paylı mülkiyyət üzrə ona məxsus hissəsini (85%-dən 1/2 hissədən və 15%-dən 14/26 hissədən - 258 kv.m) Cavabdeh1 (1/2 hissə) və Cavabdeh2 (1/2 hissə) satmışdır. Əmlakın dəyəri müqavilədə 260.000 manat göstərilməsinə baxmayaraq, iddiaçı cavabdehlər tərəfindən ona 270.000 manat məbləğində pul vəsaitinin ödənildiyini etiraf etmişdir. Göründüyü kimi tərəflər müqavilə azadlığı prinsipi çərçivəsində müqavilənin bütün şərtləri (əmlakın dəyəri də daxil olmaqla) barədə razılıq əldə etdikdən sonra müqaviləni bağlamış, həmin müqavilə tərəflərin iradə ifadəsini əks etdirmiş, müqavilənin hədə-qorxu, aldatma və ya əqdin etibarsız sayılmasına səbəb olacaq digər şərtlərlə bağlanması öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaçı alqı-satqı müqaviləsinin predmeti olan əmlakın dəyərinin ona tam ödənilmədiyini, cavabdehlər tərəfindən aldadıldığını iddia etsə də, həmin müqaviləni hazıradək mübahisələndirməmiş, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda, iddiaçının müqavilə predmeti olan əmlakın satış qiymətini əslində 371.200 manata razılaşdıqlarını, lakin cavabdehlərin ona 270.000 manat ödədiklərini, əmlakın dəyərinin qalan 101.200 manatını isə bu günədək ödəmədiklərini iddia edərək, hazırda həmin pulu cavabdehlərdən tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş 365 manat dövlət rüsumu İddiaçı aid edilməli, ödənilməli olan 26.20 manat dövlət rüsumu isə İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 365 manat dövlət rüsumu İddiaçı aid edilsin. Ödənilməli olan 26,20 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3780/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3780/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver