Məhkəmə qərarları › İş №2(008)-3820/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3820/2023

31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3820/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehin nikahı Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsilə pozulmuş, uşaqları Zəhranın saxlanması üçün 93 manat məbləğində aliment tutulmuş, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 150 manat müəyyən edilmişdir. Hal-hazırda Zəhranın 11 yaşı var, 150 manat onun tələbatını ödəmir. Cavabdeh iddia ərizəsinə etiraz verərək qeyd etmişdir ki, tərəfindən hər ay aliment ödənilir və iddiaçıya aliment borcu yoxdur. Uzun müddətdir ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, ürək çatışmazlığı, hipertoniya xəstəliyindən əziyyət çəkir və Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona İİ dərəcəli əllilik verilmişdir. Tələb edilən miqdarda alimenti ödəmək iqtidarına malik deyil, qazancı aldığım əlliliklə bağlı pensiyadan ibarətdir, başqa gəlir və qazancı yoxdur. Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aliment müəyyən edildiyi vaxtdan onun maddi vəziyyətində hər hansı bir dəyişiklik, yaxşılaşma halı baş verməmişdir. Qanunun normasında tərəflərdən birinin maddi vəziyyətində dəyişiklik olduğu halda aliment miqdarının dəyişdirilməsi nəzərdə tutulmuşdur. Lakin onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamış və alimentin miqdarının dəyişdirilməsi üçün əsas yaranmamışdır . İddiaçı tərəfindən aliment məbləğinin artırılması üçün onun yetərli vəsaitə malik olmağı barədə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1. maddəsinin tələbinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. İddiaçının da bir valideyn kimi uşağın maddi tələbatlarının ödənilməsi vəzifəsi vardır və bu vəzifənin tək bir valideynin öhdəsinə qoyulması qanunvericilikdə nəzərdə tutulmamışdır. Sabunçu rayon Məhkəməsinin 26 fevral 2018-ci il tarixli qətnaməsi ilə onun uşaqla ünsiyyətdə olmağına dair iddia tələbi qismən təmin edilmiş və hər həftənin şənbə günləri ünsiyyətdə olmaq hüququ verilmişdir. İddiaçı bununla uşağn ünsiyyət qurmasına maneçilik törətməyə çalışır .Artıq uzun müddətdir ki, o, uşaqla görüşüb ünsiyyətdə ola bilmir. İddiaçı məqsədli şəkildə uşaqla ünsiyyətinə imkan vermir, iddiaçı heç də uşağın mənəvi və psixoloji inkişafını deyil, öz şəxsi maraqlarını güdür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək qeyd etdi o, ikinci qrup əlildir, lakin bir ildir ki, pensiyasını almır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı və Cavabdeh xx.xx.2012-ci il tarixdə Zəhra adlı uşaqları doğulmuşdur (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİseriyalı 030019 №-li doğum haqqında şəhadətnamənin surəti). İddiaçı ilə cavabdehin arasında nikah ləğv edilmişdir (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 180226 №-li nikahın pozulması haqqında şəhadətnamə). Sabunçu rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsilə Zəhranın saxlanması üçün 93 manat məbləğində aliment tutulmuş, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 150 manat müəyyən edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilidtasiya Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə cavabdehdə 2-ci qrup əlillik dərəcəsi müəyyən edilmiş və növbəti müayinə tarixi xx.xx.2016-cı il tarixə təyin edilmişdir. Cavabdeh tərəfindən yenidən əlilliyin təyin edilməsi barədə sənəd təqdim edilməmiş, elektron məhkəmə sistemində onun əlilliyi barədə məlumat aşkar edilməmişdir. Elektron məhkəmə sistemindən eldə edilmiş məlumatdan görünür ki, cavabdeh hazırda "xxxx" MMC-də inşaat fəhləsi vəzifəsində işləyir və 345 manat məbləğində əmək haqqı alır. Hazırda iddiaçı alimentin miqdarını 150 manatdan 220 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edildiyi kimi, Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olmuş, o hazırda 345 manat məbləğində əmək haqqı alır. xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Lakin cavabdehin əmək haqqının çox yüksək olmadığını nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdehdən 200 manat məbləğində aliment tutulmalıdır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar