Məhkəmə qərarları › İş №2(008)-3823/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3823/2020

26.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3823/2020 26.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı X1 iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2003-cü il tarixdə doğulmuş X5, xx.xx.2004-cü il tarixdə doğulmuş X8 və xx.xx.2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin artırılaraq 170 manat olmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından xx.xx.2003-cü il tarixdə X5, xx.xx.2004-cü il tarixdə X8 və xx.xx.2007-ci il tarixdə X7 adlı övladları doğulmuşdur. Cavabdehlə bir müddət bir yerdə yaşasalarda sonradan ailə münasibətləri məhkəmənin qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan uşaqları onun himayəsinə verilmişdir. Ona məhkəmənin qətnaməsinə əsasən 87 manat sabit pul məbləğində alimentin tutulması təyin olunmuşdur. Ha-hazırda o, övladlarını saxlamaqdan olduqca çətinlik çəkir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2003-cü il tarixdə doğulmuş X5, xx.xx.2004-cü il tarixdə doğulmuş X8 və xx.xx.2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarının artırılaraq, Cavabdeh hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. X6 və Cavabdeh birgə nikahdan 3 uşaqları doğulmuşdur: xx.xx.2003-cü il təvəllüdlü X5 (Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İ seriyalı 503143 №-li doğum haqqında şəhadətnamə). xx.xx.2004-cü il təvəllüdlü X8 (Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İ seriyalı 503144 №-li doğum haqqında şəhadətnamə). xx.xx.2007-ci il təvəllüdlü X7 (Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİ seriyalı 213293 №-li doğum haqqında şəhadətnamə). Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-353/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə X6 ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə Şuşa rayon VVADQ şöbəsində bağlanmış 126 nömrə ilə qeyd olunmuş nikah pozulmuş, birgə nikahdan xx.xx.2003-cü il tarixdə doğulmuş X5, xx.xx.2004-cü il tarixdə doğulmuş X8 və xx.xx.2007ci il tarixdə doğulmuş X2 analarının himayəsində saxlanılması, xx.xx.2011-ci il tarixdən başlayaraq Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 87 manat, cəmi 261 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı X6 ilə Cavabdeh nikahları ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə 357 № ilə qeyd edilmişdir (Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 144832 №-li nikahın pozulması haqqında şəhadətnamə). Hazırda iddiaçı hər uşağa təyin olunmuş alimentin məbləğinin 170 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, tərəflərin 3 övladlarının olması, yetkinlik yaşına çatmamış uşaqların iddiaçının yanında qalması, həmçinin uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Buna görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 170 manat olduğu halda, bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2003-cü il tarixdə doğulmuş X5, xx.xx.2004-cü il tarixdə doğulmuş X8 və xx.xx.2007ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarının artırılaraq, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat aliment tutularaq X3 ödənilməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda hazırki iddianın qiyməti 2988 manat təşkil edir (249 man x 12 ay = 2988 man). Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.12.-ci maddəsinə əsasən iddianın qiyməti 500 manatdan çox olduqda dövlət rüsumunun məbləği 30 manat müəyyən edilmişdir. Odur ki, iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. xx.xx.2003-cü il tarixdə doğulmuş X5, xx.xx.2004-cü il tarixdə doğulmuş X8 və xx.xx.2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarının artırılaraq, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay hər uşağa görə sabit pul məbləğində 170 manat aliment tutularaq X3 ödənilsin. Cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar