Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3935/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 4200 manat məbləğində pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddia İddiaçı iddianı müdafiə edərək onunla əsaslandırdı ki, 2023-cü ilin yanvar ayında yaxın yoldaşlarından eşitmişdir ki, Bakı şəhəri, Ramana qəsəbəsi, Yeni yaşayış massivində sosial evlərin satışına başlanılmışdır. O da həmin binadan mənzil almaq istəmişdir. Əraziyə daxil olub mənzillərin satışı ilə maraqlandıqda, ona həmin mənzillərin satışı üzrə məsul şəxsin mənzil kommunal idarəsinin rəisi Etibar Nəcəfov olduğu bildirilmişdir. O, həmin şəxsin qəbulunda olarkən, sonuncu, ona həmin işləri Cavabdeh tapşırdığını bildirərək, onu həmin şəxslə tanış etmişdir. İlqar adlı şəxs ona mənzili göstərmiş, şərtlərlə tanış etmiş və bildirmişdir ki, 3 otaqlı mənzilin dəyəri 64000 manat, ilkin ödəniş 8000 manat və 20 il müddətinə hər ay 250 manat ödəniş etməlidir. O, bununla razılaşmış və hansı sənədlər lazım olduğunu soruşduqda cavab vermişdir ki, notariat ofisində həm evi qeydiyyatdan keçirməli, həm də 8000 manat ödəniş olunmalı, 3 aydan sonra isə evin açarlarını ondan götürməlidir. Dediklərinə əməl edərək, notariat ofisində Cavabdeh 8000 manat vermiş və müqavilə bağlamışlar. Lakin 3 aydan sonra evin açarlarını tələb edəndə cavabdeh müxtəlif bəhanələr gətirmişdir. Sonradan müqaviləni oxuyanda aldadıldığını başa düşmüşdür. Müqaviləyə oxumadan qol çəkmişdir. Orada ev haqqında heç bir məlumat yazılmamışdır. Sadəcə olaraq borc müqaviləsi yazılmışdır. 2 il keçməsinə baxmayaraq, Cavabdeh puldan hissə-hissə 3800 manat qaytarmış, 4200 manatı hələ də qaytarmamışdır. Buna görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "borc verən" İddiaçı və "borc alan" Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, "borc verən" "borc alana" notariusun bankda açılan depozit hesabı vasitəsi ilə 8000 manat məbləğində pul borc verir. “Borc alan" notariusun bankda açılan depozit hesabı vasitəsi ilə xx.xx.2023cü il tarixinədək "borc verənə" qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. "Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Məhkəmə hesab edir ki, tərəflər arasında notariat qaydada kredit müqaviləsi adlı müqavilə bağlansa da, onların əsl niyyəti borc alıb-borc vermək olmamışdır. Belə ki, İddiaçı həm iddia ərizəsində, həm də məhkəmədə verdiyi izahatında ev almaq niyyəti ilə Cavabdeh ona dediyi qaydada müqavilə bağladığını, ev almaq niyyəti ilə həmin şəxsə 8000 manat ödəniş etdiyini, cavabdehin dediyi 3 ay vaxt keçdikdən sonra evin açarlarının verilmədiyini gördükdən sonra müqaviləni oxuduğunu və aldadıldığını başa düşdüyünü, müqaviləyə oxumadan qol çəkdiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi uydurma əqddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.1-ci maddəsində göstərilmişdir ki, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh niyyəti heç bir mənzil satılmayacağını bildiyi halda, İddiaçı pul əldə etmək, onun hesabına əsassız olaraq varlanmaq olmuşdur. Ona görə də, hazırkı mübahisəyə əsassız varlanmaya dair müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4200 manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması üçün 63 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün ödənilmiş 63 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat məbləğində pul və 63 (altmış üç) manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3935/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3935/2025
08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver