Məhkəmə qərarları › İş №2(008)-3973/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3973/2024

25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3973/2024 25.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.500 (iki min beş yüz) manat məbləğində borc pulun və ödədiyi 45 (qırx beş) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu ərazisində yerləşən N saylı hərbi hissədə qulluq edən tanıdığı və yaxşı münasibətdə olduğu Cavabdeh xx.xx.2023-cü il tarixdə təcili borc pula ehtiyacı olduğundan ondan 1.500 (bir min beş yüz) manat məbləğində borc pul istədi və həmin borcunu tez bir zamanda geri qaytarcağına dair öhdəlik götürdü. O, cavabdehin səmimiyyətinə və etibarına inandığından “Million” elektron ödəmə sistemi vasitəsi ilə onun bank hesabına xx.xx.2023-cü ıl tarixdə, saat 13:34:32-də 1.300 manat və xx.xx.2023-cü il tarixdə, 16:35:09-da isə 200 manat pul köçürdü. Cavabdeh bir müddət sonra aldığı 1.500 manat borcundan 500 manatını ona geri qaytardı. Lakin xx.xx.2023-cü il tarixdə əlavə olaraq ondan 1.500 manat borc istədi. O da cavabdehə inandığından öz hesabından cavabdehin bank hesabına xx.xx.2023-cü il tarixdə, saat 22:58-də 1.000 manat, xx.xx.2023-cü il tarixdə, saat 12:51-də isə 500 pul köçürdü. Bir sözlə, cavabdeh ondan 3.000 manat aldığı borc puldan indiyədək yalnız 500 manat pul geri qaytarmışdır. Lakin yerdə qalan 2.500 manat borc pulu indiyədək geri qaytarmamışdır. Cavabdeh hər səfərində borcunu tez bir zamanda geri qaytaracağına dair ona dəfələrlə söz versə də, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu geri qaytarmamışdır. Əvvəllər telefonuna cavab versə də, sonradan cavab belə verməmişdir Hazırda cavabdeh borcunu ödəməkdən boyun qaçırır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə teleqram göndərərək, maddi imkanı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıya borcu vardır. Ondan 1000 manat pul almışdır, üç nəfər şahidi var. İddiaçı pulu kartına göndərib, o isə pulu əlbəəl iddiaçıya geri qaytarmışdır. İddiaçı faizə pul verir. Yanında olan şəxs iddiaçıdan pul istəyib, o, iddiaçıdan həmin pulu kartına göndərməyi xahiş etmişdir. İddiaçı ona bir neçə dəfə pul göndərib. O, iddiaçıya 3000 manat da vermiş, sonra aralarında 1000 manat borc pul qaldı. Həmin 1000 manatın faizi kimi iki il ərzində o, iddiaçıya hər ay 150 manat pul vermişdir. İddiaçı ilə aralarında heç bir yazılı müqavilə olmayıb. Cavad adlı şəxsin yanında o, Bəylər və Raufa əlbəəl 2500 manat pul sayıb vermişdir. Rauf da iddiaçının köməkçisidir. İddiaçı ilə iş yoldaşı deyillər, onu Beyləqanda faizə pul verən şəxs kimi tanımışdır. İddiaçının dedikləri əsassızdır, iki şahidi var, ona 2500 manat pul verdiyini Cavad təsdiq edə bilər. 2500 manatı Cəlal adlı şəxsin yanında kafedə iddiaçıya vermişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, İslamla Bəylərin arasında pul söhbəti olduğunu eşitmişdir. İslam “3 qardaş” kafesində Raufla Bəylərə 2500 manat pul vermişdir. Rauf Bəylərin tanışıdır. 2500 manat pulu verəndə onların yanında olmuşdur. İslam həmin pulu Bəylərin özünə verdi, o pulu özü saymamışdır, elə 2500 manat olardı. İslam özündə olan bütün pulu Bəylərə verdi. Amma həmin pulun verilmə tarixini, gününü və ayını dəqiq bilmir, 2024-cü ilin əvvəlləri olardı. İslam 2500 manatı tam şəkildə gözünün qarşısında Bəylərə verib. Bildiyi qədər borcu 3000 manat olub, 500 manatı da əvvəlcədən Bəylərin kartına göndərib, çeki də saxlayır. Orada ondan başqa, Əhmədov Kənan, Abdullayev Pərviz və Əsgərov İlkin də var idi. Onlar da hərbi qulluqçudurlar. Məhkəmə, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “Milliön” ödəmə sistemi vasitəsi ilə saat 16:34:42-də M *** İ*** N*** oğlunun hesabına 1300 manat məbləğində pul mədaxil edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “Milliön” ödəmə sistemi vasitəsi ilə saat 16:15:09-da M *** İ*** N*** oğlunun hesabına 200 manat məbləğində pul mədaxil edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 416973***0878 nömrəli kart hesabından 416973***9133 nömrəli kart hesabına (qəbul edən İS*** M***) 1000 manat məbləğində pul mədaxil edilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 416973***3145 nömrəli kart hesabından 416973***9133 nömrəli kart hesabına (qəbul edən İS*** M***) 500 manat məbləğində pul mədaxil edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 45 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasındakı şifahi razılaşmaya əsasən iddiaçı tərəfindən sonuncuya xx.xx.2023-cü il tarixdə 1500 (1300+200) manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, xx.xx.2023-cü il tarixdə 500 manat olmaqla, ümumilikdə 3000 manat borc pul verilmişdir. X1 aldığı borc puldan 500 manatını nağd şəkildə iddiaçıya qaytarmış, qalan 2500 manat borcunu isə hazırkı vaxtadək qaytarmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbinə baxılarkən iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmaması, yəni tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlərin yaranması, şifahi və ya yazılı borc müqaviləsinin mövcudluğu, borcun qaytarılması müddətinin başa çatması və tələb hüququnun yaranması, həmin hallar mövcud olduqda cavabdehin etirazları nəzərə alınmaqla iddianın əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması və işin diqqətəlayiq digər halları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki qanunvericiliyə görə məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan mülki məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış şifahi borc müqaviləsinə əsasən iddiaçı xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə ümumilikdə 3000 manat məbləğində borc pul vermiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmışdır. Cavabdeh aldığı borc pulun bir qismini yəni 500 manatını iddiaçıya qaytarsa da, qalan 2500 manat borc bu günədək ödənilməmiş qalır. Cavabdehin öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçının tələb hüququ yaranmış, bu zaman iddia müddəti ötürülməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında iddiaçının cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir. Məhkəmə, şahid ifadəsinə hüquqi qiymət verərək qeyd edir ki, həmin ifadə işin halları, həmçinin, cavabdehin etirazı ilə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh izahatında aldığı pulu iddiaçıya nağd şəkildə qaytardığını bildirsə də, şahid, ifadəsində cavabdehin 500 manat borcu iddiaçının kartına köçürdüyünü, həmçinin, özünün cavabdehin iddiaçıya verdiyi pulu saymadığını, verilən pulun 2500 manat ola biləcəyini bildirmişdir ki, məhkəmə, həmin ifadəni ziddiyyətli və qeyri-müəyyən olduğundan sübut kimi qəbul etmir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində borc tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 45 (qırx beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində borc və 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar