Məhkəmə qərarları › İş №2(008)-3991/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3991/2021

17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3991/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, 05.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********52881 olan Samsung Galaxy J8 markalı telefon üçün 85 manat ödənilməmiş hissə, 8 manat cərimə borcu və 25.06.2019-cu il tarixli müqavilə ilə Hoffmann markalı kondisioner və dispenser üçün 982 manat ödənilməmiş hissə, 98 manat cərimə borcu olmaqla, ümumilikdə 1173 manat məbləğində pul və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh «xxxx» MMC ilə 05.01.2019-cu il və 25.06.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ kodu **********52881 olan Samsung Galaxy J8 markalı telefon, Hoffmann markalı kondisioner və dispenser almış və nəticədə onun 1173 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 903 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan 05.01.2019-cu il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Cavabdeh «xxxx» MMC-dən İMEİ kodu **********52881 olan Samsung Galaxy J8 markalı telefon və 25.06.2019-cu il tarixli müqavilə ilə isə Hoffmann markalı kondisioner və dispenser almış, onların dəyərini hissə-hissə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -«xxxx» MMC tərəfindən verilmiş 09.04.2021-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, 05.01.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh «xxxx» MMC-dən alqı-satqı qiyməti 732 manat olan İMEİ kodu **********52881 olan Samsung Galaxy J8 markalı telefon üçün cəmi ödədiyi məbləğ 647 manat, ödənilməmiş əsas borcu 85 manat, cərimə borcu 8 manat; 25.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1238 manat olan Hoffmann markalı kondisioner və dispenser üçün cəmi ödədiyi məbləğ 256 manat, ödənilməmiş əsas borcu 982 manat və cərimə borcu 98 manat olmaqla, ümumi ödənilməmiş borcu cəmi 1080 manat, ümumilikdə 1173 manat təşkil edir; -05.01.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, İMEİ kodu **********52881 olan Samsung Galaxy J8 markalı telefonın aylıq ödəniş məbləği 61 manat; 25.06.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Hoffmann markalı kondisioner və dispenserin aylıq ödəniş məbləği 51 manat təşkil edir; -«xxxx» MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış 11.12.2019-cu il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesablanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, Cavabdeh 05.01.2019-cu il və 25.06.2019-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 05.01.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********52881 olan Samsung Galaxy J8 markalı telefon üçün 85 (səksən beş) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə borcu; 25.06.2019-cu il tarixli müqavilə ilə Hoffmann markalı kondisioner və dispenser üçün 982 (doqquz yüz səksən iki) manat ödənilməmiş hissə, 98 (doxsan səkkiz) manat cərimə borcu, 30 (otuz) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1203 (min iki yüz üç) manat məbləğində pul «xxxx» MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar