Məhkəmə qərarları › İş №2(008)-4030/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4030/2021

22.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4030/2021 22.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13488 ( on üç min dörd yüz səksən səkkiz ) manat dəymiş zərər və 30 ( otuz ) manat dövtət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN BDYP İdarəsinin 17.12.2015-ci il tarixli verdiyi AC № 514085 saylı pasporta əsasən "** GS ***" dövlət qeydiyyat nişanlı "X3- PRADO" markalı nəqliyyat vasitəsi ona məxsusdur. 01 may 2020-ci il tarixdə saat 18:00 radələrində vətəndaş Cavabdeh idarə etidiyi "Daewoo Racer" markalı, "** DF ***" dövlət qeydiyyat nişanlı avtomobillə H. Əliyev prospekti ilə Koroğlu metrosu istiqamətində soldan ikinci hərəkət zolağı ilə hərəkətdə olarkən, yolun Olimpiya stadionun qarşısından keçən hissəsində manevr qaydasının tələblərini kobud şəkildə pozaraq sağa manevr edərək səkkizinci hərəkət zolağında onun idarə etdiyi "Toyota Prado" markalı "** GS ***" dövlət qeydiyyat nişanlı avtomobili ilə sonuncu hərəkət zolağında toqquşmuşdur. Zərbədən birinci avtomobil "4.2.3" yol nişanına, onun avtomobili isə Atletlər kəndinə gedən yolun sağı ilə uzanan səkinin üstünə qalxaraq üzərində TŞ 9- 066 kamerası olan işıq dirəyinə dəymiş, nəticədə işıq dirəyi yerindən qoparaq aşmışdır. Yol nəqliyyat hadisəsi nəticəsində ona 17500 ( on yeddi min beş yüz ) manat məbləğində maddi ziyan dəymişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması təqdim olunan sənədlərlə təsdiq olunur. Göstərilən yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Sabunçu rayon RPİ DYPŞ əməkdaşları tərəfindən AP № ******* saylı inzibati protokol tərtib edilmiş və AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Cavabdeh barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Servis sahəsində tərtib olunmuş 20.05.2020-ci il tarixli qüsur aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş "Toyota Prado" markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir işləri ilə bağlı xərclər 9500 ( doqquz min beş yüz ) manat təşkil etmişdir. Bazar qiymətlərinə uyğun olaraq ona məxsus avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı əmtəə itkisi 8000 ( səkkiz min ) manat təşkil etmişdir. Beləliklə, "Daewoo Racer" markalı, "** DF ***" dövlət qeydiyyat nişanlı avtomaşını idarə edən Cavabdeh təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində ona, ümumilikdə 17500 ( on yeddi min beş yüz ) manat məbləğində zərər vurulmuşdur. Yol nəqliyyat hadisəsi nəticəsində işıq dirəyi yerindən qoparaq aşmış və dirəyin üzərində olan müşahidə kamerasına ziyan dəymişdir. Nəticədə Bakı şəhər İH, Bakı şəhər işığı "EŞM" müəssəsinə 2890 (iki min səkkiz yüz doxsan ) manat ziyan dəymişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnamədə üçüncü səxsin əmlakına vurulan zərərə görə nəzərdə tutulmuş limit 5000 ( beş min ) manat təşkil edir və həmin məbləğ zərər çəkmiş üçüncü şəxslərə dəymiş zərərdən azdır, üçüncü şəxslərin əmlakına vurulan zərər qanunvericiliklə müəyyən edilmiş sığorta məbləğləri dairəsində mütənasib surətdə ödənilir. Sığorta şirkəti bunları nəzərə alaraq onun hesabına 4012 ( dörd min on iki ) manat vəsait köçürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, maddi vəziyyətinin ağır olması səbəbindən dəymiş zərəri hissə-hissə ödəyə biləcəyini bildirmişdir. İş materiallarında olan İnzibati xəta haqqında AP serityalı, ******* nömrəli protokolun surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - TP ******* nömrəli qərarın surətindən görünür ki, 14.05.2020-ci il tarixli, İXP ******* nömrəli protokola əsasən Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. - Xalq Sığortanın PXA 63140 nömrəli sığorta aktından görünür ki, İddiaçı məxsus “X3 Prado” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 9500 manat ziyan dəymişdir, 4012.50 manat sığorta ödənişi ödənmişdir. -Yeni dövr Qiymətləndirmə Mərkəzinin 07.10.2021-ci il tarixli, 110 saylı ekspert rəyindən görünür ki, “X3 Prado” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri 11.491 (on bir min dörd yüz doxsan bir) manat, bazar dəyəri isə 25500 (iyirmi beş min beş yüz) manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 01 may 2020-ci il tarixdə saat 18:00 radələrində vətəndaş Cavabdeh idarə etidiyi "Daewoo Racer" markalı, "** DF ***" dövlət qeydiyyat nişanlı avtomobillə H. Əliyev prospekti ilə Koroğlu metrosu istiqamətində soldan ikinci hərəkət zolağı ilə hərəkətdə olarkən, yolun Olimpiya stadionun qarşısından keçən hissəsində manevr qaydasının tələblərini kobud şəkildə pozaraq sağa manevr edərək səkkizinci hərəkət zolağında onun idarə etdiyi "Toyota Prado" markalı "** GS ***" dövlət qeydiyyat nişanlı avtomobili ilə sonuncu hərəkət zolağında toqquşmuşdur və bununla əlaqədar Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, 01 may 2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “X3-Prado” markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər qüsur aktında habelə siğorta aktında da qeyd edildiyi kimi 9500 manat olduduğu müəyyən edilir. 9500 manat dəymiş zərədən isə 4012.50 manat məbləğində olan hissəsi Xalq Siğorta ASC tərəfindən İddiaçı ödənilmiş, yerdə qalan 5487.5 manat məbləğində hissənin isə ödənilməsi üçün yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli hesab edilən şəxs hazırda cavabdeh X1 tərəfindən zərər dəyən şəxsə ödənilməsi üçün hər hansı bir tədbir görülməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 Prado” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 9500 manat olduğundan, həmçinin 4012.50 manat sığorta ödənişi ödənildiyindən 5487.5 manat (9500-4012.50=5487.5 manat) pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə avtomobilin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı əmtəə itkisi olaraq 8000 (səkkiz min) manat pul vəsaitinin cavabdehdən tutulması hissəsində məhkəmə hesab edir ki, bu hissədə tələb əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməli, cavabdehdən 20 manat dövlət rüsumu iddiaçının hesabına tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 5487.5 (beş min dörd yüz səksən yeddi manat, əlli qəpik) manat pulun və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar