Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4030/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin əsassız varlanması nəticəsində dəymiş 42700 manat miqdarında maddi ziyanın, habelə ödənilmiş 218,1 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bir müddətdir ki, Cavabdeh ilə iş birliyi yaratmış, məqsəd avtomaşın alveri ilə məşğul olmaq olmuş, razılaşma cavabdeh tərəfindən müəyyən məbləğdə pul vəsaitinin kommersiya fəaliyyətinə qoyulması, avtomaşınların alışı və satışı ilə məşğul olaraq qazancın bölüşdürülməsindən ibarət olmuşdur. Cavabdeh tərəfindən bu işlərin görülməsi üçün müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaiti qoyuluşu həyata keçirilir. Lakin cavabdeh razılaşmanın müddəalarından kənara çıxaraq iş birliyinə qoyduğu pəl vəsaitinə görə iddiaçıdan faizlər tələb edir və nəticədə hissə-hissə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə faiz qismində pul alır. Bu pulların məbləği 42700 manat təşkil etmişdir. Əslində iddiaçı birgə kommersiya fəaliyyətinə qoyulmuş pullara görə faiz ödəməli deyildi. Lakin caabdehin hədə-qorxuları nəticəsində bu pulları faiz qismində ona ödəmişdir. Başqa sözlə, iddiaçı ilə cavabdeh iş birliyi qurmuşdular, bu fəaliyyətdən gələn gəliri isə bölməliydilər. Tərəfindən ödənilən faizlər isə cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Göründüyü kimi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində 42700 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil oğlu ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehə hazırki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi məsələsinə fikrini bildirməyi təklif etdi. Cavabdeh etirazının olmadığını bildirdi. Məhkəmə cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, elektron məhkəmə sistemində əldə edilmiş məlumatdan iddiaçı və cavabdehin fərdi sahibkar olduqları müəyyən edilmişdir. İddia ərizəsindən də göründüyü kimi, onların aralarındakı mübahisə onların kommersiya fəaliyyətindən irəli gəlir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 45, 263-269-cu maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyətı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4030/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4030/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver