Məhkəmə qərarları › İş №2(008)-4050/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4050/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4050/2025 29.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 3000 ABŞ dollarının ekvivalenti olan 5100 manat pul vəsaiti, 12500 manat məbləğində qızılın dəyəri, 3000 manat mənəvi zərərin əvəzi olmaqla, cəmi 20600 manat pul vəsaitinin və 151,80 manat dövlət rüsumunun əvəzinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh xx.xx.2022-ci ildə 15000 manat dəyərində qızılzinət əşyalarını iddiaçıdan götürmüş, ilkin ödəniş kimi 1500 manat ödəmişdir. Qızıl-zinət əşyalarına qalan 13500 manat hissəsini 2022-ci ilin aprel ayının 15-də və may ayının 3-də tamam ödəyəcəyini vəd etmişdir. Əvvəllər də bir neçə dəfə Cavabdeh ondan kiçik məbləğdə qızıl götürərək pulunu ödəmiş, borc da götürüb qaytarmışdır, bununla da onun etibarını qazanmışdır. Ona görə o, cavabdehə inanaraq 15000 manat məbləğində qızılı və 3000 ABŞ dollarını vermişdir. İddiaçı ona qəbzlərin notariusda verilməsini təklif etsə də, cavabdeh notariusda rüsumun məbləğinin böyük olduğunu bildirdiyi və onun etibarını qazandığı üçün o, sadə qəbzlərlə qızılı və pulu cavabdehə vermişdir. Bu günə qədər olan müddət ərzində Cavabdeh borcundan kiçik hissələrlə 1000 manata yaxın məbləğini ödəsə də, 2022-ci ildə götürdüyü qızıl-zinət əşyalarına görə həmin vaxt razılaşdırdıqları məbləğin 12500 manatını ödəməmişdir. Sonuncu ödənişi 2023-cü ilin dekabr ayında etmişdir. xx.xx.2022-ci ildə cavabdehə 15000 manat məbləğində qızıl-zinət əşyalarını verməyini cavabdehin özü tərəfindən yazdığı qəbz təsdiq edir. Bundan başqa, xx.xx.2022-ci ildə Cavabdeh iddiaçıdan 3000 ABŞ dolları məbləğində borc götürmüş, həmin borcu xx.xx.2022-ci ilə qədər qaytaracağına söz versə də, vədinə əməl etməmiş, bu günə qədər borcunu qaytarmamışdır. Borc məbləğini cavabdehdən istədikdə, cavabdeh imkanının olmadığını, xəstəsinin olduğunu bildirmişdir. Bildirir ki, iddiaçı həmin məbləği tanışından borc götürərək ona vermiş, cavabdeh borcu qaytarmadığı üçün o, həmin məbləği özü bankdan kredit götürərək qaytarmağa məcbur olmuşdur. İndi də gecə növbəsində olan işdə işləyir ki, banka olan borcunu qaytarsın. Bundan başqa, iddiaçı cavabdehin hərəkətləri nəticəsində əsəb sarsıntısı keçirmiş, evdə söz-söhbət yaranmış, ailə üzvlərinin yanında çətin vəziyyətdə qalmışdır. Məruz qaldığı mənəvi zərəri 3000 manat məbləğində qiymətləndirir. Qeyd olunanlara əsasən nümayəndə və vəkil iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixli ərizə ilə müraciət edərək, iddianı qəbul etdiyini qeyd etmiş, xx.xx.2025-ci il tarixli məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, iş materiallarında olan əlyazmalar ona aiddir. O, 3000 ABŞ dolları borcundan 2400 manat, 12500 manat borcundan isə ayrı-ayrı vaxtlarda 1500 manat və 1000 manat qaytarmışdır. Həmin 1500 manatı dərhal qaytarmışdır. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Əlyazmadan görünür ki, “Mən, Cavabdeh, İddiaçı xx.xx.2022-ci il tarixində 3000 $ dollar (üç min dollar) borc pul götürmüşəm. Həmin məbləği xx.xx.2022-ci il tarixinə qədər qaytaracağıma söz verirəm. Əks təqdirdə, yəni qaytarmadığım halda hüquq mühafizə orqanlarına müraciət etməyə etiraz etmirəm. İmza: CavabdehÇ (çəkilmiş imza) Tarix: xx.xx.2022”. - Əlyazmadan görünür ki, “Mən, Cavabdeh, İddiaçı xx.xx.2022-ci ildə 15000 (on beş min) manat dəyərində qızıl zinət əşyası götürmüşəm. İlkin ödəniş kimi 1500 manat (min beş yüz) manat ödədim. Qalan borcu (yəni yerdə qalan pulu) aprelin 15-i və mayın 3-ü tarixində tamamlayacağıma söz verirəm. Pulun yerdə qalanını ödəmədiyim təqdirdə, hüquq mühafizə orqanlarına şikayət etməyə etiraz etmirəm. Tarix: xx.xx.2022 İmza: CavabdehÇ (çəkilmiş imza) ”. - “Whatsapp” sosial şəbəkəsində “X2...” ilə aparılan yazışmalardan görünür ki, həmin şəxs qarşı tərəfin “Bir kəlmə yaz. He yox” yazılmış sözünə cavab olaraq “Gülşen xanım 1 ci gune qaldı. Olmasa əgər ərizəni yazıb qoyarsız 1 ci. Xahiş edirəm sizdən axırıncı şansı mənə verin. Yenə də nəsə desəm əgər bası batmıs ərizəni yazın qoyun.” “Uzada gedirsen. Ayın axırında gəldi” “Söz veriblər konkret mən ci gün pulları götürəcəyəm” “Çatdı” “Xahiş edirəm axırıncı dəfə vaxt istəyirəm sizdən. Uje ürək qalmayıb məndə vallah” yazmışdır. - “Whatsapp” sosial şəbəkəsində “X2...” ilə aparılan yazışmalardan görünür ki, həmin şəxs xx.xx.2023-cü il tarixdə “Gəldim. Gülşen xanım salam necesiz. Dedik bu gün bayramdı müəllim gününə görə keçər hələki yoxdu maaşda. O bankda sabah sehere hell olacaq zamin sabah gedəcək dünən gələ bilməyib banka isdə olub 15 gün evdə olur 15 gün işdə ona görə. Axşam gələcək Səhər gedəcək onlarla banka o birilində maaş keçsin yiğıb verəcəklər mənə. Vallah musiqi məktəbləri köçməyib. Siz onsuzda xəbər tutursuz köçən kimi Vallah alınan kimi gətirib gələcəyəm. Sabah səhərə mümkün olarsa xahiş edirəm gözləsin o xanım. Aygün salam necəsiz Bağışlayın bu gün maaş olar?” yazmışdır. - “Whatsapp” sosial şəbəkəsində “X2...” ilə aparılan yazışmalardan görünür ki, həmin şəxs qarşı tərəfin xx.xx.2023-cü il tarixdə “İnşallah. Allah aqzından eşitsin.Amin” yazılmış sözünə cavab olaraq “Gülşen xanım salam necesiz. Men bütün pulları ayın 17 də birigün hamsını duxuların sebetin o qızılın sonra o xanımın pulunu hamısını gətirib gələcəyəm. Xahiş edirəm məni polisə falan verməyin. Bilirəm şikayət eləmisiz amma yazmamısız hələ şifahi demisiz. Meni 1 ce günde sebr eleyib gözləsəz minnetdar olaram. Hamısını qəpiyinə kimi yığıb yığısdırıb getirəcəyəm. Bir dənə hirslənməyin eseb olmayın siz. Çox şox xahiş edirəm. Yenə gedib həftə sonuna filana çıxmayacaq canımsız” yazmışdır. - “Whatsapp” sosial şəbəkəsində “X2...” ilə aparılan yazışmalardan görünür ki, həmin şəxs xx.xx.2024-cü il tarixdə “Gülşen xanım salam necesiz konturum yoxdu yoxsa sizə zəng edərdim vatsapa səsdə ata bilmirəm meqabyt zəifdi ancaq yazı gəlir. Ayın 5-i pulu alırıq. İnşallah bütün borclardan qurtarıram Gedib nəzirimi də veririəm Allah yolunda demişəm. 5 də bütün borclara söz söhbətlərə son qoyulur inşallah. Allahın izniylə. Nə siz daha əsəb olacaqsız nə də mən inşallah.” yazmışdır. - “Whatsapp” sosial şəbəkəsində “X2...” ilə aparılan yazışmalardan görünür ki, həmin şəxs qarşı tərəfin “10 saniyəlik ses yazısına” cavab olaraq “Başa düşdüm Gülşen xanım. Sabah onsuzda onlarla gedəcəyəm. Pulu da yığılmışam boğaza canım alıb təngə. Sabah gətirib verəcəyəm fsyo tamamdır Gülşən xanım Mən heçkəsi firlatmıram sabah gedəcəyəm onlarla pulsuz gəlmeycəyəm yanınıza. Daha yazıb bezdirməyim sizi özümdə bezmisəm artıq. 27 saniyəlik ses yazısına” yazmışdır. - “Whatsapp” sosial şəbəkəsində “X2...” ilə aparılan yazışmalardan görünür ki, “Gülşən xanım qurban sizə. Yenədə sizdən dönə dönə üzr istəyirəm” həmin şəxs qarşı tərəfin “29 saniyəlik ses yazısına” cavab olaraq “Sizi heç vaxt incitmək istəmərəm mən. Birigünə kimi sizin pulu əlbəəl çatdıracağam canım gözüm. Heç bir başqa borcda vermirəm mən. Qızıl məsələsi adi borc deyil onu axıra çatdırmaq lazımdı başıma bəla olacaq bilirəm. Heç vaxt siz mənə belə sözlər deməmisiz. Aha mən də çox uzatmışam bu qədər yubanma olmayıb” yazmışdır. - Cavabdeh Nizami RPİ-nin 25-ci PŞ-nin rəisi Turab Paşayeva verdiyi xx.xx.2025-ci il tarixli izahatından qeyd etmişdir ki, “... Bu gün mənə məlum olan tanıdığım Gülşən xanım barəmdə bölməyə ərizə ilə müraciət edib. Bildirmək istərdim ki, son 2 il ərzində ailə vəziyyətimlə bağlı maddi və mənəvi problemlər yarandığı üçün Gülşənə olan borcumu geri qaytara bilməmişəm. Lakin bugünə kimi onunla ünsiyyətim davam edir. Ümumilikdə Gülşən xanıma olan borcum 13500 AZN-dir. Söz verirəm ki, xx.xx.2025-ci il tarixində həmin pulun bir qismini, yəni 5000 (beş min) AZN pulu geri qaytaracağam. Digər hissəsi isə maddi vəziyyətimlə əlaqədar olaraq hissə-hissə ödəyəcəm. Əks halda tam məsuliyyətimlə qanunda nəzərdə tutulmuş qaydada cavabdehlik daşıyacağıma hazıram. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Beləliklə, işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci ildə iddiaçıdan 3000 ABŞ dolları məbləğində borc götürmüş, həmin borcu xx.xx.2022-ci ilə qədər qaytaracağına söz versə də, vədinə əməl etməmişdir. Daha sonra xx.xx.2022-ci ildə 15000 manat dəyərində qızıl-zinət əşyalarını iddiaçıdan götürmüş, ilkin ödəniş kimi 1500 manat ödəmişdir. Qızıl-zinət əşyalarına qalan 13500 manat hissəsini 2022-ci ilin aprel ayının 15-də və may ayının 3-də tamam ödəyəcəyinə vəd vermişdir. Sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə görə borc müqaviləsinə görə borc alana hansı məbləğdə borc verilməsini sübut etmək vəzifəsi borc verənin üzərinə düşür. Lakin həmin borc müqaviləsi üzrə borcun borc verənə hansı məbləğdə qaytarılmasını sübut etmək vəzifəsi borc alanın üzərinə düşür. Cavabdeh iddiaçıya müəyyən məbləğlər (ayrı-ayrı vaxtlarda 1500 manat və 1000 manat) qaytarıldığını bildirməklə, həmin məbləği qəbul etdiyini etiraf etmiş olur və bununla da iddiaçını həmin məbləğdə pulu cavabdehə borc verməsini sübut etmək yükündən azad edir. İşin məhkəmə iclasında araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh İddiaçı 3000 ABŞ dollarını borca götürdüyü və 12500 manat dəyərində qızılı qəbul etdiyi ona məxsus əlyazmalarla, məhkəmə iclasında verdiyi izahatı və Nizami RPİ-nin 25-ci PŞnə verdiyi ifadəsi ilə təsdiqini tapır. Cavabdeh tərəfin məhkəmə iclasında iddiaçıya həmin məbləğin bir hissəsini qaytardığını bildirsə də, bu halı sübut etmək vəzifəsi onun üzərinə düşür. Lakin cavabdeh pulun qaytarıldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutları, o cümlədən cavabdehin iddianı etiraf etməsi barədə izahatını nəzərə alıb belə nəticəyə gəlir ki, iddia tələbi Cavabdeh 3000 (üç min) ABŞ dolları məbləğində borc və 12500 manat məbləğində qızılların dəyərinin tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 4 nömrəli qərarında Plenum izah edir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Göründüyü kimi, qanunvericilikdə fiziki şəxslərə münasibətdə vurulmuş mənəvi ziyanın ödənilməsi imkanı, şərtləri və s. nəzərdə tutulmuşdur. Qeyd olunan halları və 3 il müddət ərzində pulu qaytarılmadığına görə, iddiaçının keçirdiyi mənəvi sarsıntıları nərəzə alaraq, məhkəmə Cavabdehndan mənəvi zərərə görə 300 manat məbləğində görə pul kompensasiyasının tutulması ədalətli, tərəfin maddi vəziyyətinə uyğun və ağlabatan hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 151 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələblərini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 151 manat dövlət rüsumunun 143,70 manat hissəsi cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarında qeyd edilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3000 (üç min) ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, 12500 manat məbləğində qızılın dəyəri olan maddi ziyan və 300 (üç yüz) manat məbləğində mənəvi zərər tutularaq, İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) ABŞ dolları məbləğində borc (qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla), 12500 (on iki min beş yüz) manat məbləğində qızılların dəyəri və 300 (üç yüz) manat məbləğində mənəvi zərər tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş 151 (yüz əlli bir) manat dövlət rüsumunun 143,70 (yüz qırx üç manat yetmiş qəpik) manat hissəsi cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulsun. Dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilsin.. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar