Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4097/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı İddiaçı Cavabdeh "xxxx" TASC-yə qarşı istehsalatda baş vermiş qəza nəticəsində vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh "xxxx" TASC-yə (sonradan – zavod) qarşı məhkəməyə iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək 2015-ci ilin may ayından 2021ci ilin iyun ayı nəzərə alınmaqla 17242 manat məbləğində ödənişin birdəfəlik, 2021-ci ilin iyul ayından başlayaraq hər ay qanuni ödənişlərin iddiaçının «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim etdiyi bank hesab nömrəsinə köçürülməsi vəzifəsinin Zabrat Maşınqayırma zavodu TASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1982-ci il tarixdə zavodda qaynaqçı peşəsi üzrə əmək fəaliyyətinə başlamş, 1988-ci il tarixdə əmək xəsarəti almış, əmək qabilliyətinin 80 faiz itirdiyi müəyyən edilmiş və həmin xəsarətlə əlaqədar ikinci qrup əlillik dərəcəsi almışdır. Cavabdeh tərəfindən əmək qabilliyətinin itirildiyinə görə hadisə baş verdiyi dövrdə 1995-ci ilin may ayınadək aylıq ödənişlər edilsə də, sonra dayandırılmışdır. Müəssisə X2 xidmətinə ünvanladığı müraciətində 2015-ci ilin may ayından 2020-ci ilin aprel ayınadək 13984 manat ödənişin ediləcəyini bildirmirmişdir ki, bu da həmin müddət ərzində 60 aylıq ayda 233 manat ödəniş deməkdir. Bu məbləğ artıq 17242 manat təşkil edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin zavod məhkəmə iclasında öz nümayəndəsinin iştirakının təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə zavodun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin və iddia tələbinin dəyişdiriməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında əvvəllər iştirak etmiş cavabdehin nümayəndəsi X3 ümumilikdə işin hallarını təsdiq etmiş, lakin onların mövqeyinə görə iddiaçının əlilliyinin ləğv edilmə ehtimalı olduğundan hazırda işin dayandırılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı 01.04.1982-ci il tarixdən zavodda işləmiş, istehsalatda 16.07.1988-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçı başından zədə alması nəticəsində beyin silkələnməsi xəsarəti almış və 18.07.1988-ci il tarixdə işdən azad edilmişdir (zavod tərəfindən 16.07.1988-ci il tarixdə tərtib və təsdiq edilmiş «İstehsalatda bədbəxt hadisə haqqında 2 №-li Akt). İddiaçıya əmək qabilliyətinin 80 faiz itirdiyinə ömürlük ikinci dərəcə əllillik müəyyən edilmişdir (097216 №-li arayış). Zavodun X2 Xidmətinin Bakı şəhəri İdarəsinə ünvanladığı məktubunda 2015-ci ilin may ayından 2020-ci ili naprel ayına qədər zərərə görə yaranmış aylıq ödənc borcunun 13984,00 manat təşkil etdiyini, bu borcun əvvəlki rəhbərliyin səhlənkarlığı səbəbindən yarandığını, hal-hazırda yeni rəhbərliyin belə neqativ halların aradan qaoldırılması üçün bütün imkanlardan istifadə etdiyini və bu məsələlərin yaxın vaxtlarda öz müsbət həllini tapacağını bildirmişdir. Əmək Müfəttişliyi qısa zaman ərzində həmin ödənişin edilməsi və bu barədə məlumatın verilməsi barədə zavodun rəhbərliyinə müraciət etmişdir. (Azərbaycan Respublikası Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsi tərəfində iddiaçıya ünvanlanmış 10.07.2020-ci il tarixli, **********0 №-li məktub). Zavod rəhbərliyi Əmək Müfəttişliyinə belə bir məktub ünvanladığına baxmayaraq, 26.05.2021-ci il tarixdə 01/20 №-li məktubla Azərbaycan Respublikası Əmək və Əhlinin Sosial Müdafiəsi Nazirliyi Sabunçu-Suraxanı rayonları üzrə 4 saylı Tibbi Sosial Ekspertiza komissiyasının sədrinə müraciət edərək, İddiaçı ödəniş aldığı dövrdə TSEK-dən sağlamlıq durumu barədə sənəd vermədiyi, bu müddət ərzində onun sağlamlığında müəyyən irəliləyişlərin olduğu ehtimalından, onun sağlamlığının diqqətlə müayinə edilməsi və ədalətli qərarın verilməsini xahiş etmişdir. Hazırda iddiaçı 2015-ci ilin may ayından 2021-ci ilin iyun ayı nəzərə alınmaqla 17242 manat məbləğində ödənişin birdəfəlik, 2021-ci ilin iyul ayından başlayaraq hər ay qanuni ödənişlərin iddiaçının «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim etdiyi bank hesab nömrəsinə köçürülməsi vəzifəsinin Zabrat Maşınqayırma zavodu TASC-nin üzərinə qoyulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli 3 №-li Qərarı ilə təsdiq edilmiş «İstehsalat qəzası və yaxud peşə xəstəli nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən halık olmuş işçinin ailə üzvləriə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği»nə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlr hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin Qaydala əsasən belə zərər aylıq ödənişlər yolu ilə ödənilir. İddiaçının istehsalat qəzası nəticəsində əmək qabilliyətinin 80 % itirməsi, ömürlük ikinci qrup əlillik alması, 2015-ci ilin may ayınadək işəgötürən tərəfindən lazımi ödənişlərin edilməsi, 2015-ci ilin may ayından 2021-ci ilin iyun ayna qədər həmin ödənişlərin edilməməsi işin mübahisəsiz hallarıdır. Lakin, hazırda müəssisə iddiaçının əlilliyini şübhə altına alır, onun sağala biləcəyini ehtimal edir və bu əsasdan ödənişləri etmək istəmir. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən verilmiş və qüvvədə olan hər hansı bir qərara şübhə ilə yanaşmaq yolverilməzdir. Bundan başqa, iddiaçıya əlillik müəyyən bir dövr üçün deyil, ömürlük verilb. Bu əsasədan məhkəmə hesab edir ki, iddia təmin edilməli, 2015-ci ilin may ayından 2021-ci ilin iyun ayı nəzərə alınmaqla 17242 manat məbləğində ödənişin birdəfəlik, 2021-ci ilin iyul ayından başlayaraq hər ay qanuni ödənişlərin iddiaçının «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim etdiyi bank hesab nömrəsinə köçürülməsi vəzifəsi zavodun üzərinə qoyulmalıdr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. 2015-ci ilin may ayından 2021-ci ilin iyun ayı nəzərə alınmaqla 17242 manat məbləğində ödənişin birdəfəlik, 2021-ci ilin iyul ayından başlayaraq hər ay qanuni ödənişlərin iddiaçının «Nağdsız hesablaşmalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təqdim etdiyi bank hesab nömrəsinə köçürülməsi vəzifəsi Zabrat Maşınqayırma zavodu TASC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4097/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4097/2021
22.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver