Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4137/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2000 manat məbləğində pulun cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızından tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı Bakı şəhəri, Xəzər rayonunda yerləşən 149 saylı məktəbdə işləyərkən həmin məktəbdə müvəqqəti müəllim işləyən qızını daimi işə qəbul etdirəcəyi adı ilə onlardan 3200 manat pul almış, lakin vədinə əməl etməmiş və pulu da qaytarmamışdır. İddiaçı pulu cavabdehə verərkən bir izahatnamə də yazdırmışdır ki, əllərində bu barədə sübutları olsun. Həmin izahatnamədə Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı pulu tezliklə qaytaracağı barədə üzərinə öhdəlik də götürmüşdür. Uzun müddət pulu Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızından geri tələb etsələr də o müxtəlif əsassız bəhanələrlə pulu qaytarmaqdan yayaınmış, onu dəfələrlə aldatmış, faktiki olaraq bundan imtina etmişdir. Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı 3200 manat pulu qaytarmadığı üçün onlar aidiyyəti üzrə polisə şikayət etmişdir, araşdırma aparılmış və Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı polisə verdiyi izahatında 3200 manat pulu almasını etiraf etmişdir, lakin həmin pulu qızının işi ilə bağlı deyil, borc olaraq almasını bildirmiş, hətta pulun 1200 manatını polis idarəsində iddiaçıya qaytarmışdır. Şikayətləri üzrə araşdıırma aparan Bakı şəhəri, Xəzər rayon Pİ-nin İŞ- nin müstəntiqi, polis kapitanı Anar Bəxtiyarovun xx.xx.2021-ci il tarixli, HK-1 1032 saylı qərarı ilə pulun işə düzəltmə məqsədi ilə alınmasına sübut olmaması motivi ilə toplanılmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Müstəntiqin həmin qərarından iddiaçının şikayətinə cavab olaraq ona bildirilmişdir ki, qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir, eyni zamanda şifahi olaraq Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızından pulunu tələb etmək üçün mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Lakin iddiaçı dəfələrlə tələb etsə də cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı pulun qalan 2000 manatını qaytarmaqdan yenə də yayınır. Halbuki Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı həm yazdığı izahatnamədə, həm də polisə vermiş olduğu izahatında pulu qaytaracağına dair öhdəlik götürmüşdür. Faktiki olaraq cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı həmin sübut sənədlələ iddiaçıdan borc alması barədə müqavilə bağlamış olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızından 2000 ( iki min) manat pulun məcburi alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, yas məclisində iştirak etməsini üzürlü sayaraq, məhkəmədən işi başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı İddiaçı 3200 manat pul aldığını etiraf etmişdir. Həmçinin işdə olan 29 mart 2018-ci il tarixli Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı tərəfindən yazılmış əlyazmadan görünür ki, Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızı İddiaçı aldığı 3200 manat pul aldığını, 1 həftə ərzində qaytaracağını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki işin matraiallarına əlavə edilmiş cavabdeh tərəfindən icra edilmiş əlyazmadan görünür ki, iddiaçı 3200 manat məbləğində pul vəsaitini 1 həftə müddətində qaytarmaq şərti ilə cavabdehə vermişdir. İddiaçının bildirdiyinə görə qeyd edilən pul məbləğindən cavabdeh bundan yalnız 1200 manat hissəsini qaytarmışdır. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək yerdə qalan 2000 manat hissəsinin cavabdeh tərəfindən qaytarılmamasını iddia edərək həmin pul vəsitini tələb edir, cavabdeh isə dəfələrlə məhkəmə iclasına dəvət edilsədə məhkəmədə iştirak etməmiş, ona verilmiş pul vəsaitinin qaytarılamsını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Qetd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızından 2000 (iki min) manat pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh Əjdərzadə (Məmmədova) Samirə Məhəmməd qızından 2000 (iki min) manat pul və 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4137/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4137/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver