Məhkəmə qərarları › İş №2(008)-4152/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4152/2023

27.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4152/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh X1 iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Məhkəməsinin 2(008)-5150/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il tarixdə doğulmuş X8 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən tutulan alimentin artırılaraq hər ay hər üşağa görə 220 manat sabit pul məbləğində alimentin və 50 manat məbləğində mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sabunçu rayon Məhkəməsinin 2(008)- 5150/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, xx.xx.2018-ci il tarixdə doğulmuş X8 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutulmuşdur. Övladları böyüyür, onların tələbatları artır, özü ana olduğu üçün onun üzərinə daha çox yük düşür. Cavabdeh iddia ərizəsinə verdiyi etirazı onunla əsaslandırmışdır ki, cavabdeh uşaqları ona göstərmir, hazırki məbləğdən artıq alimenti ödəmək imkanı məhduddur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Qeyd etdi ki, özü işləmir, cavabdehin maddi vəziyyətində hər-hansı bir yaxşılaşma barədə məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Qeyd etdi ki, taksi sürücüsüdür, 600-700 manat məbləğində ayda gəlir əldə edir, nikah pozulanda da maddi durumu eyni idi, öhdəsində xəstə anası var. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşaqları var - xx.xx.2018-ci il tarixdə doğulmuş X8 və xx.xx.2019-cu il tarixdə doğulmuş X7 (4 saylı Bakı «Asan xidmət» X4 tərəfindən verilmiş 866729 və 866730 №-li doğum haqqında şəhadətnamələr). Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-5150/2022 №-li xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, xx.xx.2018-ci il tarixdə doğulmuş X8 və xx.xx.2019-cu il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment tutulmuşdur. Hazırda iddiaçı alimentin miqdarını hər uşağa görə 193 manatdan 220 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd olunmalı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində gbstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd edildiyi kimi, cavabdehin maddi vəziyyətində hər-hansı bir dəyişikliyin olması barədə iddiaçı sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa, iddiaçı 6 ay ərzində (iddia xx.xx.2023-cü il tarixdə verilmişdir) alimentin artırılmasına yaranmış zərurət barədə də məhkəməyə sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia rədd edilməlidir. İddiaı eyni zamanda 50 manat mediasiaya xərcinin tutulmasını istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən həmin xərc də iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Ödənilmiş 50 manat mediasiaya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar