Məhkəmə qərarları › İş №2(008)-4176/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4176/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4176/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1a, Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1a, Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4000 manat pul vəsaitinin tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıdan cavabdehlər Cavabdeh1, Cavabdeh2 tərəfindən aldatma yolu ilə 4000 manat pul almışlar, lakin indiyədək qaytarmamışlar. Belə ki, cavabdehlər onu aldadaraq xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan deyilən yaşayış massivində 6 sot torpaq sahəsi sataraq saxta sənəd sərəncam vermişlər. Bundan sonra iddiaçı dəfələrlə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 torpaq sahəsi üçün ödədiyi 4000 manat pulunu geri tələb etməyinə baxmayaraq həmin pulu onlardan ala bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Sevil onun bacısı, Əli isə bacısının əridir. Əli torpaq işi ilə məşğul olduğundan, iddiaçı kredit götürərək hər iki cavabdehə verib, müəyyən müddət sonra bilinib ki, tanışı da eyni yerdən torpaq alıb. Cavabdehlər polisdə izahat verərək, pulu hər il əlbəəl verəcəklərlərini bildirmişlər, lakin 2023-cü ilin fevral ayından cəmi 250 manat pul qaytarmışlar. Torpaq sahəsi üçün ödədiyi pulu geri qaytarmasını tələb edərək, iddianı təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azəbaycan Respublikası Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətin başçısının xx.xx.1993-cü il tarixli 682 nömrəli sərəncamından görünür ki, Cavabdeh1 Maştağa qəsəbəsi, Savalan yaşayış massivi yaxınlıqda sahibkarlıq məqsədilə 185-000-111c nömrəli layihə tipinə əsasən 3 ha torpaq sahəsi ayrılmışdır; - Sabunçu RPİ-nin 14-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında toplanılmış material üzrə cinayət hadisənin olması müəyyən edilmədiyindən cinayət işinin başlanılmasından rədd edilmişdir. Mülki işin materiallarına Cavabdeh1 Azəbaycan Respublikası Bakı Şəhər Sabunçu Rayon İcra Hakimiyyətin başçısının xx.xx.1993-cü il tarixli 682 nömrəli sərəncamı ilə verilməsi nəzərdə tutulmuş 3 hektar torpaq sahəsinin sxemi əlavə edilmişdir. Məkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, işin mübahisəli halı iddiaçı tərəfindən Maştağa qəsəbəsi Savalan yaşayış massivində 6 sot torpaq sahəsi müqabilində 4000 manat miqdarında pulun verilib verilməməsi, verilibsə hansı məbləğdə verilməsindən ibarətdir. İş üzrə təqdim edilmiş əsas sübut olan, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 izahatında "Maarifə 1 sot hədiyyə olaraq ümumilikdə 6 sot torpaq sahəsini 4000 manata" satdığını bildirmişdir. Beləliklə, iddiaçının tələb etdiyi pulun Cavabdeh2 verilməsi faktı Cavabdeh2 özünün polisdə verdiyi izahatı ilə təsdiq olunur. Eyni zamanda, iddiaçı məhkəmə iclasında cavabdeh tərəfindən 250 manat məbləğində pulun qaytarıldığını da bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 3750 manat məbləğində pul tutularaq iddiaçıya qaytarılmalıdır. Həmçinin, digər cavabdehdən də pulun müştərək qaydada tutulması hissəsində iddia təmin olunmamalıdır. Çünki, iddianın təmin olunmasına əsas olan cinayət işinin rədd olunması barədə qərarda pulun Cavabdeh1 ilə müştərək alınması halı təsdiqini tapmamışdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsində deyilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunun 9.1.3-cü maddəsinə əsasən, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş iddiaçılar dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Mülki iş üzrə təqdim edilmiş Azəbaycan Respublikası Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin xx.xx.2008-ci il tarixli 010981 nömrəli vəsiqəsindən görünür ki, İddiaçı İİİ qrup müharibə əlillidir. Ona görə o, dövlət rüsumunu ödəməkdən azaddır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Hazırkı iddianın qiyməti 4000 manat olduğundan 60 manat məbləğindən dövlət rüsumu ödənilməlidir. Cəmi 4000 manat məbləğində iddianın 3750 manat hissəsi (93,75%) təmin olunduğuna görə bu məbləğə mütənasib olaraq dövlət rüsumunun 93,75 faizi, yəni 56,25 manatı cavabdehə aid edilməli, həmin məbləğ Cavabdeh2 alınaraq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 3750 (üç min yeddi yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. 56,25 manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq dövlət nəfinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar