Məhkəmə qərarları › İş №2(008)-4228/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4228/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4228/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı «xxxx» ASC Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc 1047,18 ABŞ dolları, faiz borcu 849,98 ABŞ dolları, cəmi 1897,16 ABŞ dollarının və ödənilmiş 30 manatın «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC ilə Cavabdeh oğlu arasında 08.06.2015-ci il tarixdə 30-15-11-025924 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə şəxsi məqsədlər üçünq illik 29% olmaqla 48 ay müddətinədək 1893 ABŞ dolları kredit verilmişdir. Lakin cavabdeh tərəfindən kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. 21.04.2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin tarixə banka əsas borcu 1047,18 ABŞ dolları, faiz borcu 849,98 ABŞ dolları, cəmi 1897,16 ABŞ dolları təşkil edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmiş, iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı «xxxx» ASC ilə Cavabdeh oğlu arasında 08.06.2015-ci il tarixdə 30-15-11-025924 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə şəxsi məqsədlər üçünq illik 29% olmaqla 48 ay müddətinədək 1893 ABŞ dolları kredit verilmiş və ödəniş cədvəli tərtib olunmuşdur. İş materiallarında olan Bankın tərtib etdiyi 21.04.2021-ci il tarixli arayışa əsasən Bank ilə Cavabdeh oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin banka cəmi borcu 1897,16 ABŞ Dolları, əsas borc üzrə 1047,18 ABŞ dolları, faiz borcu üzrə 849,98 ABŞ dolları təşkil edir. Hazırda iddiaçı cavabdehdən 1897,16 ABŞ Dolları məbləğində kredit borcunun tutularaq ödənilməsini istəyir. İş materiallarından cavabdeh tərəfindən yaranmış borcun iddiaçıya ödənilməsi görünmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilələrin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə borc yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh oğlundan əsas borc 1047,18 ABŞ dolları, faiz borcu 849,98 ABŞ dolları, cəmi 1897,16 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxx» ASCnin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan əsas borc 1047,18 ABŞ dolları, faiz borcu 849,98 ABŞ dolları, cəmi 1897,16 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı «xxxx» ASCnin xeyrinə tutulsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar