Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4231/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul" tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "pul" tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış şifahi əqd üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı 30.000 manat pul məbləğini geri qaytarmadığı üçün Cavabdeh 30.000 manat və 180 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cəmi 30180 manat pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə təxminən iki ilə yaxındır ki, birbirlərini tanıyırlar. Cavabdeh mütəmadi olaraq iddiaçıya qayğı göstərək etimadını qazanmışdır. Niyyətini tam şəkildə həyata keçirə bilmək və görünütü yaratmaq üçün hətta iddiaçı ilə ailə də qurmuşdur. Lakin münasibətlərin rəsmi formalaşması zamanı mütəmadi olaraq cavabdeh yalan danışaraq və etibardan sui-istifadə edərək iddiaçının adına xeyli miqdarda borcların alınmasına və daha sonra isə həmin məbləğləri iddiaçıdan alaraq mənimsəməyə nail olmuşdur. Cavabdeh tanışlıq müddətində özünü guya DTX əməkdaşı olaraq təqdim etmişdir. Bir neçə müddət əvvəl vətəndaşların ondan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etdiyini və narazı şəxsləri sakitləşdirmək üçün təcili pul lazım olduğunu bildirmişdir. İddiaçı onun bu sözlərinə inanaraq qardaşının dostundan 9500 min (faizi ilə birlikdə 11.500) manat vəsaiti, bankdan "xxxx"-dan 12000 manat kredit, 1000 manat bol kartdan nağdlaşdırma və gümüş kartdan 100 manat, "İrşad Telecom"-dan sonradan satılmaq məqsədilə 3.000 manat dəyərində "İphone" markalı telefonu alaraq cavabdehə vermiş, cavabdeh də həmin telefonu dərhal sataraq pulunu götürmüşdür. Bundan başqa, real əmtəə dəyəri 4500 manat olan iddiaçının öz qızıllarını isə iddiaçıdan gizli və icazəsiz qızıl-zinət əşyalarını X1 rəhbərlik etdiyi lombarda girov qoyaraq əvəzində 2000 manat pul götürmüşdür. Ümümilikdə İddiaçı cavabdehə 30.000 manatadək pul və qızıl-zinət əşyası vermişdir. Cavabdeh hər dəfə yeni yalanlar danışaraq iddiaçını aldatmış, iddiaçını banklar və borc aldığı adamlar qarşısında pis vəziyyətə qoymuşdur.İddiaçı bir neçə dəfə problemləri həll etməli olduğunu bildirsə də aldığı pulları və qızıl-zinət əşyalarını qaytarmamışdır. xx.xx.2024-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərardan görünür ki, cavabdeh iddiaçıdan qeyd edilən məbləği aldığını qismən etiraf etmiş və pulu ödəməyi öhdəsinə götürmüşdür. Həmin qərarla ərizədə qeyd olunanların mülki mübahisə predmeti olduğundan mülki qaydada məhkəmədə baxılmalı olduğunu bildirdi. Bu səbəbdən də cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edib, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Uğur Lombard”-nın müqaviləsindən görünür ki, cavabdeh 2000 manat məbləğində pul götürərək qızıl-zinət əşyalarını girov qoymuşdur. - xx.xx.2023-ci il AL/11342/91/25 nömrəli kredit sazişindən görünür ki, İddiaçı kredit məhsulu bolkart kartı əldə edərək, 10.000 manat pul məbləğınə kredit xətti açıb. - xx.xx.2024-cü il “Cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, vətəndaş İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasına rədd edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü ildə "xxxx" MMC-dən 2999,99 manat məbləğində nisyə alqı-satqı müqaviləsi üzrə İphone 14 Pro markalı telefon almışdır, xx.xx.2023-cü ildə "xxxx" ASC-dən kredit xətti açdırmışdır. xx.xx.2023-cü ildə cavabdeh “Uğur Lombard”a qızıl-zinət əşyalarını girov qoyaraq 2000 manat məbləğində pul götürmüşdür. Cavabdeh iddiaçının Nizami RPİ-yə etdiyi müraciəti əsasında aparılmış araşdırma zamanı onda hissə-hissə ümumilikdə 17.000 manat borc pul götürdüyünü və imkanı olduğu kimi qaytaracağını izahatında bildirmişdir. Məhkəmə hesab edir ki, mübahisə həll olunarkən Mülki Məcəllənin əsassız varlanmaya dair müddəları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmn Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin; Həmin məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər; Sadalanan normaların birgə təhlilindən görünür ki, ödhdəliyin müqavilə üzrə əmələ gəlməsi üçün qanunla məüyyən edilmiş formaya riayət edilməlidir. Hazırki işdən görünür ki, İddiaçı tələbinin əsasını borc müqaviləsi kimi göstərərək cavabdehdən 30000 manat məbləğində pul istəmişdir. 30000 manatlıq məbləğində borc müqaviləsi hüquqi nəticələr yarada bilməsi üçün müəyyən edilmiş formada bağlanmalı olmasına baxmayaraq, tərəflər bu formaya riayət etməmişdirlər. Ona görə də, tərəflər arasında olan münasibətlər borc müqaviləsi üzrə qiymətləndirilə bilməz. Beləliklə də, iddiaçı cavabdehə qanuni əsas olmadan pul vermişdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmişdir ki, bir tərəf qanuni əsas və ya müqavilə olmadan digər tərəfə pul verildikdə bu əsassız varlanma hesab edilir. Öhdəlikdən kənar qazanılanlar əsassız varlanma qaydalarına uyğun olaraq qaytarılmalıdır. Lakin iddiaçı tələb etdiyi 30000 manat məbləğində pulun Cavabdeh verdiyini sübuta yetirilməlidir, çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və bu müddəa tərəflərə göndərilən, hüquqlarının və vəzifələrinin izahına dair məhkəmə bildirişində qeyd olunmuşdur. Hazırki işdən görünür ki, İddiaçı cavabdehə məhz 30000 manat məbləğdə pulun verilməsini sübut edə bilməmişdir. Eyni zamanda, təqdim edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, 2023-cü ilin aprel ayının 15-si çətin vəziyyətə düşdüyü üçün iddiaçıdan 17000 manat borc götürmüş, bunu danmır və imkanı olan kimi həmin pulları qaytaracaqdır. Göründüyü kimi, cavabdeh 17000 manat pulun ona verilməsini etiraf edir, bununla da İddiaçı tələbin bu hissəsini sübut etmək vəzifəsindən azad etmiş olur. Qalan hissə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 17000 manat iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən xx.xx.2024-ci ildə ********** nömrəli mədaxil qəbzlə 180 manat dövlət rüsumu ödənilmişdir. Cəmi 30000 manat məbləğində iddianın 17000 manat hissəsi (56,67 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 56,67 faizi, yəni 102 manatı cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq iddiaçıya qaytarılmalı, qalan 78 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 17000 (on yeddi min) manat pul vəsaiti alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş övlət rüsumunun 102 manatı cavabdehdən alınaraq iddiaçıya verilsin, qalan 78 manat hissəsi isə iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-4231/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4231/2024
14.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver