Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-424/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olğuna qarşı “kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 olğuna qarşı “kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10.973,61 ABŞ dollar əsas, 268,35 ABŞ dollar müddət sonuna hesablanan faiz, 6909,47 ABŞ dollar məbləğində cərimə və 1097,44 ABŞ dollar kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 19248,87 ABŞ dollar kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi və ipotekaya qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, ünvan 1-da giriş 1-də yerləşən ümumi sahə 94,49 kv.m, yaşayış sahəsi 49,25 kv.m, yardımçı sahə 45.24 kv.m ibarət 3 otaqlı, 37 nömrəli mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 087 saylı kredit xətti müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 20% ödənilmək şərtilə, 90.000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 ilə həmin tarixdə 007 saylı ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, ünvan 1-da giriş 1-də yerləşən ümumi sahə 94,49 kv.m, yaşayış sahəsi 49,25 kv.m, yardımçı sahə 45.24 kv.m ibarət 3 otaqlı, 37 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə 087 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.3-cü maddəsinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun banlk qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birgə məsuliyyət daşıyırlar. Lakin, buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit faizləri vaxtında ödəməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 087 saylı kredit xətti müqaviləsinin surətindən görünür ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kreditalana 90 000 ABŞ dolları məbləğində uzunmüddətli kredit xəttini açır. Kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında əsasında veriləcək. Bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ 24 ay müddətinə illik 20% olmaqla verilmişdir; -xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 087 saylı kredit xətti müqaviləsi üzrə əsas borcu 10973,61 ABŞ dolları, faiz borcu 268,35 ABŞ dolları, cərimə borcu 6909,47 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanmış 1097,44 ABŞ dolları faiz borcu təşkil edir; - İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu Cavabdeh1 ilə bank qarşısında birgə məsuliyyət daşıyır; - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 007 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan öz mülkiyyətində olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı bank ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhərində bağlanmış 087 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşması, bank qarantiyası verilməsi haqqında müqavilə formasında bağlanan ayrıca razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün bank qarşısında ipoteka ilə yüklü edir. Müqavilənin 2.1-ci bəndinə görə ipoteka predmeti ünvan 1 da, 1-ci girişdə yerləşən ümumi sahəsi 928 kv.m, yaşayış sahəsi 49,25 kv.m və 43,55 kv.m köməkçi sahədən ibarət 3 otaqlı 36 nömrəli mənzildir; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünavnında yerləşən 36 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2009-cu il tarixdə Cavabdeh1 adına dövlət reyestrində 975 nömrəli reyestr kitabının 87415 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1saylı Bakı Ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov prospekti ev 37 İddiaçı ASC-nin **********242 saylı məktubuna əsasən mənzilə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. - İş materiallarından görünür ki, İpoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş xx.xx.2019-cu il tarixdə Cavabdeh1 göndərilmişdir. - “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli QXM 349/M nömrəli Rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-4122/2020 saylı Qərardadına əsasən ünvan 1 ünvanda yerləşən, 37 saylı mənzilin bazar dəyərinə uyğun qiymətləndirilmiş və mənzilin orta bazar dəyəri 85000, likvid dəyəri 80000 manat müəyyən edilmişdir. Həmçinin keçirilmiş qiymətləndirmə işinə görə ödəniləcək xidmət haqqı 350 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini Cavabdeh1 vermiş, digər Cavabdeh2 zamin qismində bank qarşısında borclu ilə birlikdə məsuliyyət daşımış, bunun nəticəsində bankın cavabdehlərə müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdehlər isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Əsas borclu müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehlərin bank qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklər icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdehlər həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçının Cavabdeh2 qarşı olan tələbinə dair münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zamin isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə xx.xx.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə əsas borcun 10973,61 ABŞ dolları, faiz borcunun 268,35 ABŞ dolları məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 6909,47 ABŞ dolları məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 1000 ABŞ dolları müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. İddia ərizəsinin öhdəliyin gecikdirməsi nəticəsində yaranmış 1097,44 manat məbləğində pulun tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. İstinad olunan qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün həmin müqavilə üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma bağlanmış İpoteka Müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan mənzilə yönəldilməli, mənzilin satışından əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməli, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, cavabdehlər çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. İstinad olunan qanunun 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Bundan başqa məhkəmə hesab edir ki, tərəflər arasında hesablar ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdehlərdən tutulmalı olan pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat cavabdehlərdən müştərək qaydada tutulub iddiaçıya ödənilməlidir. Eyni zamanda keçirilmiş qiymətləndirmə barədə xidmət haqqı olaraq hesablanmış 350 manat məbləğində pul cavabdehlərdən tutularaq “xxxx” MMC-nin AZ13 NABZ******************** müxbir hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10973 (on mon doqquz yüz yetmiş üç) ABŞ dolları 61 (altmış bir) sent əsas, 268 (iki yüz altmış səkkiz) ABŞ dolları 35 (otuz beş) sent faiz borcu, 1000 (min) ABŞ dolları cərimə borcu və müqavilə müddəti bitdikdən sonra hesablanmış 1097 (min doxsak yeddi) ABŞ dolları 44 (qırx dörd) sent olmaqla, cəmi 13339 (on üç min üç yüz otuz doqquz) ABŞ dolları 40 (qırx) sent məbləğində pul (ödəniş gününə olan manat məzənnəsi ilə), məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 37 saylı mənzilin evə yönəldilərək açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait İddiaçı ASC-nin hesabına ödənilsin. İpoteka predmeti olan, ünvan 1 ünvanda yerləşən, 37 saylı mənzilin ilkin satış qiyməti 80000 (səksən min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsi Cavabdeh1 qaytarılsın. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada tutulsun. Cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada qiymətləndirmə rəyi üzrə cəmi 350 manat ekspertiza xərci tutularaq “xxxx” MMC-nin AZ13 NABZ******************** müxbir hesabına ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-424/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-424/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver