Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4317/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 18 ünvanda yerləşən “BOROFONE by SSO” mağazasının instaqram sosial şəbəkəsindən uşaqlar üçün smart saat sifariş vermiş, mağaza əməkdaşı ilə danışmış və bir saatın qiyməti 150 manat olmaqla cəmi 300 manata razılaşmışdır. Hər iki məhsulu ona göndərmişlər və o mağazanın istəyinə görə həmin 300 manatı kuryerə vermişdir. Saatların qutularının açıq olmasını soruşduqda ona saatları yoxlamaq üçün açdıqlarını bildirmişlər. 15-20 dəqiqə sonra saatları qutudan çıxarıb baxdıqda məhsulun qüsurlu olduğunu görmüşdür. Daha sonra dəfələrlə mağazaya zəng edərək, saatların geri qaytarılmasını tələb etmiş, hətta, bununla bağlı Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. 03 aprel tarixində isə mağazaya gedərək malları təhvil vermiş və ödədiyi məbləği tələb etmişdir. Ödədiyi məbləğ ona geri qaytarılmadığından həmin məbiəğin alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, 2023-cü ilin iyul ayının 27-də instagram səhifəsindən 2 (iki) ağıllı saat sifariş verdiyini, saatları reklamda gördüyünü, bütün funksiyaları da orada göstərildiyini, sifariş verdikdən sonra məhsulları iş yerinə getirdiklərini, pulu vermədən qabaq saatların qutusu açıq olduğu üçün mağaza ilə əlagə saxladığını və ona cavab olaraq sim kart olduğu üçün açıb qeydiyyata saldıqlarını bildirmişdir. Həmçinin, qızının saatı ümumiyyətlə bəyənmədiyini və oğlununda bir-iki dəfə işlətdikdən sonra saatın tez-tez açıldığından işlədə bilmədiyi üçün təqribən 10 gün sonra qaytarılması üçün müraciət etsə də, saatları geri götürmədiklərini sonuncu dəfə isə mağazaya gedərək saatları təhvil verərək hazırda ödədiyi 300 (üç yüz) manat pulunu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında müştəri onlara 10 gün sonra yaxınlaşan zaman övladlarının məhsulların istifadə etdiyini, lakin xoşlarına gəlmədiyi üçün geri qaytarmaq istədiklərini bildirmiş və onlar da müştəriyə cavabında saatların hər hansı qüsuru barədə nasazlıq varsa aradan qaldıra biləcəklərini əks halda istifadə edilmiş məhsulun geri götürə bilmədiklərini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə olunan Zəmanət talonundan görünür ki, zəmanət şərtlərinə aid edilmişdir: saatların zavod parametrlərində olan texniki problemlər və ya qüsurların aradan qaldırılması; proqram təminatının dayandırılması zamanı texniki dəstək; qüsurlu halda satılan məhsulun dəyişdirilməsi və ya qüsurun aradan qaldırılması; qutusu açılmamış, əmtəə görünüşü pozulmamış və ya hər hansısa bir telefona heç vaxt quraşdırılmayıbsa 14 gün ərzində məhsulun qaytarılması və ya eyni dərəcədə olan məhsul və ya məhsullarda dəyişdirilməsi. Zəmanət şərtlərinə aid edilmir: təbiət hadisələri zamanı məhsula dəyən ziyanın aradan qaldırılması; su və ya nəmişlik zamanı yaranan nasazlığın aradan qaldırılması; saatların bir gmailə bağladıqdan sonra unudulan şifrənin geri qaytarılması; zərbə nəticəsində sınmış və ya yararsız hala düşmüş ehtiyyat hissəsinin dəyişdirilməsi; itirilmiş saatın tapılması; saatlar gigiyenik məhsul sayılır, taxıldıqda və ya istifadə olunduqda qaytarılması; məhsulu yüksək voltajlı Adapter başlıqlarla enerji təmini etdikdə yaranan problemin aradan qaldırılması; quraşdırılma ədə bilməmə səbəbindən qaytarılması. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 3-21-1/2-21405/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli cavab məktubunda İddiaçı müraciəti ilə əlaqədar aparılmış araşdırma zamanı “BOROFONE by SSO” mağazasının sahibi Cavabdeh tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarda smart saatı alınan zaman hər tərəfli baxış edərək bəyənilsə də, cihazı əldə etdikdən bir müddət sonra mağazaya müraciət edərək məhsulları istifadə edildiyini, lakin eyni buraxılışdan olan, eyni funksiyaya malik daha incə modelli məhsul ilə dəyişdirilməsini tələb edildiyi bildirilmişdir. Mağazada istənilən çeşiddə məhsul satışda mövcud olmadığına görə, həmçinin məhsul istifadə edildiyi üçün dəyişdirilməsi və ya geri qaytarılmasının mümkün olmadığı məktubda qeyd edilmişdir. Bundan əlavə, müraciətdə alınan smart saatların qüsurlu olduğunu iddia edilməsinə baxmayaraq, məhsulda mövcud olan qüsurun nədən ibarət olduğunu bildirmədiyi, həmçinin qüsurun xarakteri barədə mağazaya məlumat verilmədiyi məktubda qeyd edilmişdir. Eyni zamanda, məhsulların qablaşdırılmamış şəkildə təqdim edilməsinin mümkün olmadığı, mağazada mövcud olan bütün məhsulların öz qutusunun olduğu və qablaşdırmada göndərildiyi, həmçinin saatın bağlanan hissəsində problem olduğunu iddia edilməsinə baxmayaraq, mağazaya yaxınlaşan zaman bu barədə məlumat verilmədiyi, həmin zaman məhsullara baxış keçirildiyi və bağlanan hissədə heç bir qüsur aşkar edilmədiyi bildirilmişdir. Bununla yanaşı, mağazanın instaqram sosial şəbəkəsində məhsulun “Amoled” displey funksiyasına malik olduğu barədə məlumat yerləşdirildiyini iddia edilsə də, elanda bu barədə qeydin mövcud olmadığı, belə ki, heç bir uşaq saatının “Amoled” displey funksiyasına malik olmadığı, yalnız böyüklər üçün nəzərdə tutulmuş saatların “Amoled” displey funksiyasına malik olduğu məktubda qeyd edilmişdir. Smart saatlarda iddia edilən qüsurlarla əlaqəli olaraq məhsulların müayinə edilməsi ilə bağlı istehlakçı mağazaya dəvət olunsa da, mağazaya yaxınlaşılmadığı, mağazaya yaxınlaşacağı təqdirdə məhsulların müayinə ediləcəyi və qüsur aşkar olunduğu halda məhsulların qaytarılması ilə bağlı tələbinin təmin ediləcəyi məktubda qeyd edilmiş, həmçinin saatın xüsusiyyətləri haqqında “smart.saat.online” instaqram səhifəsində yerləşdirilmiş məlumatın görüntüsü Dövlət Xidmətinə təqdim edilmişdir. İş materiallarına əlavə olunan Malın müayinəsinə dair rəydən görünür ki, istehlakçı İddiaçı xx.xx.2023-cü il tarixdə Microwear markalı, Y99C modelli, Y99c seriya nömrəli Smart saat almışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə saatın kilid mexanizminin öz-özünə açılması barədə şikayət verərək, məhsul mağazaya təhvil vermişdir. Müayinə aparılan zaman məhsulda heç bir texniki qüsur aşkarlanmamışdır. Kilid mexanizmi düzgün şəkildə faəliyyət göstərdiyi və kilidin xüsusi açılma hissəsini sıxraq açmaq mümkün olduğu bildirilmişdir. «İstehlakçı hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə görə:
1. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir.
2. İstehlakçıların həyatına, sağlamlığına və əmlakına, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir.
3. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 7-ci maddəsinə görə:
1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımı keyfiyyətli mala dəyişdirməyi; - satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modeili (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir.
3. İstehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə tərəfindən işin araşdırılması zamanı müəyyən edilmişdir ki, “BOROFONE by SSO” mağazasının sahibi Cavabdeh tərəfindən Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarda, həmçinin məhkəmə iclaslarında verdiyi izahatlardan görünür ki, smart saatı alınan zaman iddiaçı tərəfindən hər tərəfli baxış edərək bəyənilsə də, cihazı əldə etdikdən bir müddət sonra mağazaya müraciət edərək məhsulları istifadə edildiyini, lakin eyni buraxılışdan olan, eyni funksiyaya malik daha incə modelli məhsul ilə dəyişdirilməsini tələb edildiyi bildirilmişdir. Mağazada istənilən çeşiddə məhsul satışda mövcud olmadığına görə, həmçinin məhsul istifadə edildiyi üçün dəyişdirilməsi və ya geri qaytarılması mümkün olmamışdır. Bundan əlavə, alınan smart saatların qüsurlu olduğunu iddia edilməsinə baxmayaraq, iddiaçı tərəfindən mağazaya geri qaytaran zaman məhsulda mövcud olan qüsurun nədən ibarət olduğunu bildirməmiş, həmçinin qüsurun xarakteri barədə mağazaya məlumat verilməmişdir. Eyni zamanda saatın bağlanan hissəsində problem olduğunu iddia edilməsinə baxmayaraq, məhsullara baxış keçirildiyi və bağlanan hissədə heç bir qüsur aşkar edilməmişdir. «İstehlakçı hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən istehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. Həmçinin iddiadan göründüyü kimi hazırda iddiaçı 2 ədəd saat üçün ödəmiş olduğu 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında 2 ədəd smart tipli saatın alışı ilə bağlı razılıq olunmuş, malın qüsurlu olması ilə bağlı məhkəməyə qədər olan mərhələ də və məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Eyni zamanda saatların alınması ilə bağlı tərəflər arasında xx.xx.2023-cü il tarixli zəmanət talonu imzalanmış, zəmanət şərtlərində saatların zavod parametrlərində olan texniki problemlər və qüsurların aradan qaldırılması, proqram təminatının dayandırılması zamanı texniki dəstək, qüsurlu halda satılan məhsulun dəyişdirilməsi və ya qüsurun aradan qaldırılması, qutusu açılmamış, əmtəə görünüşü pozulmamış, istifadə olunmamış və ya hər hansısa bir telefona heç vaxt quraşdırılmayıbsa 14 gün ərzində qaytarılması və ya eyni dəyərdə olan məhsula və ya məhsullara dəyişdirilməsi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi iddiaçının tələbi malın qüsurlu olması ilə deyil, saatların daha icə remenli modelə dəyişdirilməsi və bəyənilməməsi ilə bağlı olmuşdur. Eləcə də, qanunvericiliyin tələblərinə uyğun olaraq əgər malın qüsurlu olması halı olduğu halda isə işlədilmədən 14 gün ərzində qaytarılması nəzərdə tutulduğu halda iddiaçı xx.xx.2023-cü il tarixdə aldığı malı xx.xx.2024-cü il tarixdə mağazaya gedərək saatlrı təhvil vermiş və ödəmiş olduğu 300 manat pulu tələb etmişdir. Alınmış saatların qüsurlu olması ilə bağlı tərəflərin iştirakı ilə xx.xx.2024-cü il tarixdə müayinə olunmasına dair rəy verilmiş rəydə malın işlək olması və heç bir qüsur aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 94 nömrəli Qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının 5.58-ci bəndinə əsasən malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. İstehlakçı ekspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər. Göründüyü kimi İddiaçı rəyin nəticələri barədə heç bir mübahisə etməmişdir. Nəticə olaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya lazımı keyfiyyətli malın qüsurlu malın satılması ilə bağlı zərər dəyməsi halı iş materiallarına əlavə edilmiş sənədlərlə və məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığından iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 26-cı və «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddələrinin tələblərinə əsasən, istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ
İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə ("Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzəliyev