Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-447/2022 10.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İsrafil qızına qarşı “maneənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İsrafil qızına qarşı “maneənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Ali Məhkəmənin qərarına əsasən naturada bölünmüş, şəxsi torpağına hasar çəkməyə köməklik göstərilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh İsrafil qızı ilə 01 mart 1991-ci ildə birgə nikaha daxil olmuşdur. Birgə yaşadığı təxmini 25 il müddətində 3 övladı dünyaya gəlib. Kiçik qızı tələbədir, böyük qızını Ekologiya Nazirliyinə, oğlunu Avropa firmasına, yoldaşını isə 316 nömrəli məktəbə direktor müavini vəzifəsinə düzəltmişdir. Ramana qəsəbəsində 6 sot torpağın içində 2 sot sənədsiz, 4 sot sənədli, 13.2 metr uzunu, 12.2 metr eni olan 2 mərtəbəli tam təmirli, kombi sistemi ilə təmin olunmuş, bütün məişət əşyaları, mebellərini təzə almışdır. Ailə münasibətləri bir müddət yaxşı olsa da, cavabdehin özünün və qardaş bacısının təqsiri üzündən tədricən pozulmağa başlamışdır. 2016-cı ilin iyun ayından onlar faktiki olaraq ayrı yaşamışlar. 2016-cı ilin dekabr ayında birgə yaşamağı mümkünsüz olduğunu görüb o, evdən kirayə çıxmış, özü ilə bir dəst anası verdiyi pasteli götürmüşdür. O, bu ailənin dağılmasında uşaqların əziyyət çəkməsini istəməmişdir. Ona görə də evini, evin əşyalarını, mersedesi, nə varsa hər bir şeyi uşaqlarına vermiş, ancaq 2 sot torpaq və nikahın pozulması üçün Xətai rayon Məhkəməsinə müraciət etmişdir. 17 noyabr 2017-ci ildə Xətai rayon Məhkəməsi 4 sot torpağın ½ hissə İddiaçı, ½ hissə Cavabdeh İsrafil qızına olmaqla payları müəyyən etdi. 11 yanvar 2019-cu ildə nikahları pozulmuşdur. Cavabdeh ona hasar çəkməyə imkan verməmişdir. O, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə torpağın naturada bölünməsi üçün ərizə vermişdir. Uzun çəkən proseslərdən sonra torpaq naturada bölünmüşdür. Yenə də Cavabdeh İsrafil qızı hasar çəkməyə imkan vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin payına düşən hissəsinə tərəfindən hasarın çəkilməsinə Cavabdeh İsrafil qızı tərəfindən mane yaradılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə Azərbaycan Respublikası Mülki Prosesuall Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan məhkəmə ərizəni mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, 06.05.2022-ci il tarixdə məhkəməyə ərizə ilə mürciət edərək, Lənkaran Ağır Cinayətlə Məhkəməsində saat 10.00-a təyin edilmiş mıəhkəmə iclasının olmasını, bu səbəbdən də mülki işin baxış iclasını başqa vaxta təxirə salınmasını məhkəmədn xahiş etsə də, buna dair sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddiaçı X1 caavbdehə qarşı “maneənin aradan qaldırılması barədə" iddia tələbini qəbul etmir. İddia tələbi qanunsuz və əsasızdır, ona görə də tələb təmin edilməməlidir. Mühasibənin mahiyyəti aşağıdakı kimidir: o, X3 ilə 01 mart 1991 -ci il tarixdə nikah qeyd etdirməklə evlənmişdir. Həmin nikahdan hazırda yetkinlik yaşına çatmış üç övladı vardır. 2016-cı ilin iyun ayından faktiki olaraq ayrı yaşayır. 2016-cı ilin dekabr ayından cavabdeh başqa ünvana köçmüşdür və onunla yaşamır. Nikahı Xətai rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsində ev inşa etdirmiş və 2000-ci ildən həmin evdə yaşayırlar. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim:S.Ş.Talıbov) iddiaçı X1 ona qarşı “torpaq sahəsinin naturada bölünməsi barədə” iddiası təmin olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən ½ hissəsi X2 və ½ hissəsi ona məxsus olan 0,04 ha torpaq sahəsinin naturada bölünməsi, hər bir sahənin eni və uzununun iş materiallarına əlavə edilmiş bölgü sxeminə uyğun müəyyənləşdirilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli, 2(103)-2909/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 28 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2020- ci il tarixli, 2(102)-5299/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2020-ci il tarixli 2(103)-2909/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin mülki iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası keçirilmişdir. 05 dekabr 2019-cu il tarixli 18604 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi iki tərəfdən qonşu və iki tərəfdən yol ilə əhatə olunmuşdur, həmin torpaq sahəsinin tərəflər arasında paylara uyğun bölünməsi, fərdi yaşayış evi nəzərə alınmadan, mümkündür. İnşa olunan iki mərtəbəli fərdi yaşayış evi torpaq sahəsinin 161,04 kv.m hissəsini təşkil edir. Rəydə qeyd edilir ki, torpaq sahəsində fərdi yaşayış evi yerləşdiyindən və həmin evə bir giriş yolu olduğundan torpaq sahəsinin hasarla ayrılması mümkün deyildir. Əgər torpaq sahəsi iki hissəyə bölünərsə, onda evə giriş bağlanacaqdır. Torpaq sahəsinin uzununa bölgüsü mümkün deyildir, ev torpaq sahəsinin aşağı hissəsində inşa edildiyindən, torpaq sahəsi uzununa bölünə bilməz, belə ki, onda ev sökülməlidir. Eninə bölgü aparılarsa, evə giriş qapanacaqdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli, 2(011)- 9775/2017 saylı qətnaməsi ilə iddiaçı X1 ona qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi təmin olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsində X1 payının 1/2 hissədə müəyyən edilməsi, qalan 1/ 2 hissəsinin onun payının hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3051/2019 saylı, 26 aprel 2019-cu il tarixli qətnaməsi ilə X1 ona qarşı Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin ½hissəsindən istifadəyə maneənin aradan qaldırılması barədə iddia tələbi təmin edilməmişdir. Hazırkı mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. İddiaçı X1 iddia ərizəsində qeyd etdiyi faktlar həqiqətə uyğun deyildir, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən torpaq sahəsində X1 payının 1/2 hissədə müəyyən edilməsi, qalan 1/2 hissəsinin onun payının hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. İddiaçı X3 özbaşına olaraq həyətyanı torpaq sahəsini iki hissəyə bölərək hasarlamaq istəyir, əgər onun pay torpağı hasarla ayrılarsa, ona düşən hissəyə gediş-gəliş yolu bağlanacaqdır. Ona görə də paylı mülkiyyət olan mübahisəli torpaq sahəsinin naturada bölgüsü mümkünsüzdür. X1 hazırkı iddiası həmin səbəblərdən əsassız və qanunsuzdur, mübahisəli torpaq sahəsinin onun istəyinə əsasən hasarla iki hissəyə bölünməsi yolverilməzdir. Hazırda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində hakim Ədilə Paşayevanın icraatında onun X2 qarşı “ictimai yola tam əvəzi ödənilməklə keçid ayrılması barədə” iddia tələbi üzrə 2(008)-4184/2021 saylı mülki iş vardır. Mülki iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhz həmin iddia tələbindən sonra Rafiq Məsməliyev hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Onun iddia tələbi təmin olunacağı təqdirdə hazırkı mübahisəyə lüzum qalmayacaqdır. İddiaçı X1 ona qarşı “maneənin aradan qaldırılması barədə” iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində 0.04 hektar torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hisssəsi Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ünvanındakı torpaq sahəsinin bölgü sxeminin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh bölgü ilə razı olduqlarını, şikayət və əlavə olmadıqlarını bildirmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-9775/2017 nömrəli, 17 noyabr 2017-ci il tarixli qətnamənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindəki yerləşən 0.04 ha torpaq sahəsində İddiaçı payı ½ hissə müəyyən edilmiş, qalan ½ hissəsi isə Cavabdeh payı hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4267/2019-cu il tarixli, 26.12.2019-cu il tarixli qətnaməsnin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən ½ hissəsi İddiaçı, ½ hissəsi Cavabdeh İsrafil qızına məxsus olan 0.04 hektar torpaq sahəsi naturada bölünməsi, hər bir sahənin eni və uzunu iş materillarına əlavə edilmiş bölgü sxeminə uyğun müəyyənləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2909/2020 nömrəli, 03.06.2020-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayət təmin edilməmişdir, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4267/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-125/2021 nömrəli, 01.03.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2909/2020 nömrəli iş üzrə 03 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3051/2019 nömrəli, 26.04.2019cu il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia tələbi təmin edilməmişdir. 18.08.2021-ci il tarixli aktın surətindən görünür ki, icra vəqrəqəsi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Qasımova İsrəfil qızına naturada bölünərək təhvil verilmişdir. İcra vərəqəsinin icrası iş materiallarına əlavə edilmiş, bölgü sxeminə uyğun qaydada müəyyənləşdirilmişdir. İcra vərəqəsinin icrası başa çatdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2022-ci il tarixli, 10/6325 nömrəli ekspertizanın rəyindən görünür ki, 29.11.2021-ci il tarixli, 10/6325 nömrəli ekspert vəsatətində qeyd olunan əlavə materiallar Mərkəzə təqdim edilmədiyindən qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır, ekspertiza xərci 50 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məlum olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsi iddiaçı ilə cavabdehin paylı mülkiyyətindədir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4267/2019-cu il tarixli, 26.12.2019-cu il tarixli qətnaməsindən də məlum olur ki, tərəflərin payına düşən torpaq sahəsi naturada bölünmüşdür. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 ha torpaq sahəsinin payına düşən hissəsinə tərəfindən hasarın çəkilməsinə Cavabdeh İsrafil qızı tərəfindən mane yaradılmasının qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülkiyyətçi konistitusiya ilə qorunan mülkiyyət hüququndan maneəsiz istifadə etmək hüququna malik olduğundan, cavabdehin iddiaçının mülkiyyət hüququnu həyata keçirməsinə mane olan hətəkətləri əsasız hesab edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflər məhkəmə məsrəflərinə daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 10 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh İsrafil qızından ekpert rəyi üzrə 50 (əlli) manat ekspert xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 0.04 hektar torpaq sahəsinin İddiaçı payına düşən hissəsinə iddiaçı tərəfidən hasarın çəkilməsinə Cavabdeh İsrafil qızı tərəfindən maneə yaradılması qadağan edilsin. 10 (on) mant dövlət rüsumu Cavabdeh İsrafil qızından tutlaraq İddiaçı ödənilsin. Cavabdeh İsrafil qızından ekpert rəyi üzrə 50 (əlli) manat ekspert xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-447/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-447/2022
10.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver