Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4483/2024 23.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 15.000 manat məbləğində maddi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X17 xx.xx.2012-ci il tarixdə saat 09 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan “İsuuzu” markalı ** RG *** dövlət qeydiyyat nişanlı avtobusu ilə Bakı şəhəri Sabunçu rayonu Zabrat-1 qəsəbəsi Xavər Məmmədov küçəsi ilə hərəkət edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərini kobud surətdə pozub, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, bunlara riayət etməyərək qarşı yola çıxaraq həmin yolla hərəkət edən oğlu X6 idarə etdiyi Vaz 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. X7 ehtiyatsızlıqdan törətdiyi cinayət əməli nəticəsində X11 baş-beyin maddəsinin əzilməsi, baş-beyinin yumşaq qişalarına və maddəsinə qansızma, İ-İİ boyun fəqərələrinin qapalı sınıqları və həmin səviyyədə onurğa beyninin əzilməsi, döş sümüyünün sağda qabırğaların yerini dəyişən qapalı sınıqları və həmin səviyyələrdə döş plevrasının cırılması, sağ ağ ciyərin əzilmiş-cırılmış yarası və hematoması, pertitona və böyükətraflı yumşaq toxumalara qansızma, başın, çənə nahiyəsinin, yuxarı və aşağı ətrafların əzilmiş-cırılmış yarası və sıyrıqları ilə müşayiə olunan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olan xəsarətlər yetirilmiş və sonuncu həmin xəsarətlərdən həmin tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasında ölmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-143/2015 saylı 01 aprel 2015-ci il tarixli hökmü ilə X17 AR CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, cinayət işi üzrə oğlunun hüquqi varisi kimi tanınmışdır. Məhkum olunmuş şəxsin idarə etmiş olduğu “İsuzu” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtobus 198 nömrəli müntəzəm marşrut avtobusu kimi Bakı Nəqliyyat Agentliyinin balansında olmuşdur. Lakin Bakı Nəqliyyat Agentliyi tərəfindən həmin avtobus sığortalanmamışdır. Bu qanun pozuntusu nəticəsində Bakı Nəqliyyat Agentliyinə məxsus olmuş “İsuzu” markalı, ** RG *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsünün avtobus nəqliyyatını idarə etmək kateqoriyası olmadığı halda cavabdeh sürücünü marşurut xəttinə buraxması ucbatından baş vermiş hadisə oğlunun ölümünə səbəb olmuşdur. Nəticədə, doğma övladını və ailənin yeganə qazanc gətirən şəxsini itirmişlər. Oğlu ailəlidir və himayəsində 2 övladı var. Oğlunun ölümündən sonra ailəsini dolandırmaq olduqca çətin olmuş, aylıq dolanışıq gəlirlərindən məhrum olmuşlar. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X22 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, Bakı Nəqliyyat Agentliyi Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılmışdır. Amma sözügedən yol-nəqliyyat hadisəsi 2012-ci ildə baş vermişdir. Odur ki, hadisə ilə Bakı Nəqliyyat Agentliyinin əlaqəsinin olması mümkünsüzdür. Bundan əlavə, BNA bilavasitə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmayıb, yalnız dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaya müsabiqə qaydasında daşıyıcıları cəlb edir və müsabiqənin qalibləri ilə müvafiq müqavilə bağlayır, habelə müqavilə şərtlərinə riayət olunmasına nəzarət edir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 1902 saylı Fərmanı ilə təsdiq edilmiş “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsinin” 1.1-ci bəndinə əsasən BNA Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edən, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləməni və nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 3.1.2-ci yarımbəndinə əsasən agentlik dövlət sifarişi əsasında avtomobil nəqliyyatı ilə müntəzəm sərnişindaşımaya müsabiqə qaydasında daşıyıcıları cəlb edir və müsabiqənin qalibləri ilə müvafiq müqavilə bağlayır, habelə müqavilə şərtlərinə riayət olunmasına nəzarət edir. İddiaçıya 15.000 manat maddi ziyan dəyməsi ilə bağlı təsdiqedici heç bir sənəd mövcud deyildir və həmin maddi ziyanın BNA ilə və halhazırda AYNA ilə heç bir bağlılığı yoxdur. İddiaçı əsl cavabdehi müəyyən etməli və ona qarşı iddia sürməlidir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçı yol-nəqliyyat hadisəsinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən məhkum olunmuş X12 qarşı mülki iddia qaldırmalıdır. Hökmün preambula hissəsində X7 işsiz olduğu qeyd edilmişdir. Eyni zamanda, onun BNA ilə əmək müqaviləsi olmayıb və olmasını təsdiq edən heç bir sənəd mövcud deyildir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZ-İ seriyalı 591742 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2012-ci il tarixdə ölmüşdür. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-143/2015 nömrəli xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən görünür ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X17 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 2012-ci lin noyabr ayının əvvələrindən 198 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücüsü kimi işə düzəlmişdir. Belə ki, həmin xəttin nəzarətçisi işləyən Ramin onun sürücülük vəsiqəsi olduğuna görə həmin marşrut üzrə hərəkət edən avtobusu idarə etməyə icazə vermişdir. Lakin o, Ramindən gizlətmişdir ki, avtobusu idarə etməyə müvafiq kateqoriyası yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş İddiaçı göstərmişdir ki, mərhum X18 onun doğma oğlu olmuş və sonuncu Kürdəxanı qəsəbəsində yaşamışdır...Təqsirləndirilən şəxs X12 qarşı heç bir tələbi və şikayəti yoxdur, sonuncunun tutulmasını istəmir. -Bakı Nəqliyyat Agentliyinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, agentliyin xx.xx.2022-ci il tarixli S-00004 nömrəli sərəncamına əsasən 197 və 198 nömrəli müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidmətinin göstərilməsi "xxxx" MMC-nə həvalə edilmişdir. -AZ-İ seriyalı 423510 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X4 xx.xx.2008-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Seyidova soyadı verilmişdir. -"xxxx" MMC-nin 68/S nömrəli xx.xx.2012-ci il tarixli sərəncamının surətindən görünür ki, 56,71,118,139,148,166 və 198 nömrəli marşrut xətlərində müvafiq olaraq X2, X3, X8 və X1 daşıma fəaliyyətləri xx.xx.2012-ci il tarixdən dayandırılmış, sərnişin daşımanın təşkili xx.xx.2012-ci il tarixdən 56 nömrəli marşrut xəttində X14, 71, 118, 139, 148, 166 və 198 nömrəli marşrut xətlərində X19 müvəqqəti həvalə edilmişdir. -Cavabdehn xx.xx.2024-cq il tarixli məktubundan görünür ki, arxiv sənədlərindən əldə edilmiş "xxxx" MMC-nin 68/S nömrəli xx.xx.2012-ci il tarixli sərəncamının 1-ci hissəsinə əsasən müəyyən olunur ki, 198 nömrəli marşrut xətti xx.xx.2012-ci il tarixinədək X15 həvalə edilmişdir və xx.xx.2012-ci il tarixdən həmin marşrut xətti X19 müvəqqəti həvalə edilmişdir. Eyni zamanda, X17 ilə Bakı Nəqliyyat Agentliyi və ya AYNA arasında əmək müqaviləsinin mövcud olması müəyyən edilməmişdir. Bundan əlavə onun sürücülük hüququnun olub-olmaması barədə məlumat AYNA-da mövcud deyildir. -AZE seriyalı 10630886 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Seyidova Bahar xx.xx.2008-ci il tarixdə doğulmuşdur, atası Seyidov Rəşad, anası Seyidova Reyhandır. -AZE seriyalı 10143992 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Seyidov Rəvan xx.xx.2012-ci il tarixdə doğulmuşdur, atası Seyidov Rəşad, anası Seyidova Reyhandır. -AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı iddia tələbindən görünür ki, iddiaçının oğlu X18 xx.xx.2012-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölmüş, X17 isə hadisəni törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilmişdir. İddiaçı iddia tələbində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ailənin yeganə qazanc gətirən şəxsi kimi oğlunu itirdiyini, oğlunun himayəsində iki azyaşlı övladının olduğunu əsas gətirərək, cavabdehdən 15.000 manat maddi zərərin ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 1121.2. İşləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. 1122.1. Ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir. 1122.2. Zərərin əvəzinin ödənilməsi miqdarı müəyyənləşdirilərkən ailə başçısının ölümü ilə əlaqədar şəxslərə təyin edilmiº pensiyalar və həm ailə başçısı ölməzdən əvvəl, həm də öldükdən sonra təyin edilmiş digər növ pensiyalar, habelə həmin şəxslərin götürdükləri qazanc (gəlir) və aldıqları təqaüd onlara zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1122.3. Ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan hər kəsə təyin edilmiş əvəz miqdarı, aşağıdakı hallar istisna olmaqla, sonralar yenidən hesablanmamalıdır: 1122.3.1. ailə başçısı öldükdən sonra uşaq doğulması; 1122.3.2. ölmüş ailə başçısının uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan şəxslərə əvəz ödənişi təyin edilməsi və ya əvəz ödənilməsinə xitam verilməsi. 1122.4. Əvəz miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Göründüyü kimi mülki qanunvericilik zərərçəkən (ailə başçısı) öldüyü halda zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olan şəxslərin dairəsini konkret göstərmişdir. Hazırkı mübahisədə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını, yəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1121.1-ci maddəsində göstərilən şəxslər kateqoriyasına aid olduğunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Bundan başqa, iddiaçı maddi ziyanın ödənilməsini Cavabdehndən tələb etmişdir ki, məhkəmə araşdırması zamanı hazırkı cavabdehin iddiaçının tələbinə cavab verməli şəxs olmadığı müəyyən edilmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının oğlunun ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsində təqsirkarın X17 olması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(008)-143/2015 nömrəli xx.xx.2015-ci il tarixli hökmü vardır. Belə olan halda, iddiaçı maddi ziyanın ödənilməsini X5 tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-4483/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4483/2024
23.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver