Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4486/2024 30.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3528 manat pulun, 360 manat faiz məbləği, 1000 manat mənəvi zərərə görə pul, cəmi 4888 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinı xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Məhkəmə iddia icraatı qaydasında pozulmuş hüququn və ya qanuni mənafeyin müdafiəsinə dair iddialara baxır. İddia ərizəsinin məzmunundan görünür ki, Sabunçu Rayonu Balaxanı Bələdiyyəsinin 217/07 saylı, 04 iyun 2007-ci il tarixli qərarı ilə iddiaçı Balaxanı Bələdiyyəsindən fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin dəyəri olaraq Balaxanı Bələdiyyəsinin büdcəsinə 528 manat pul vəsaiti 2007-ci il tarixdə ödəmişdir. Sonradan məlum oldu ki, həmin torpaq sahəsi Balaxanı Bələdiyyəsinin deyil, Balaxanı neftin ərazisidır. Bu səbəbdən ona verilmiş 217/07 saylı,04 iyun 2007-ci il tarixli qərarı öz qüvvəsini itirdi. Həmin ərazinin abadlaşdırılmasına və mişar daşı ilə hasarlanmasına onun 3000 manatdan çox pul vəsaiti sərf olunmuşdur. Dəfələrlə müraciət etməsinə baxmayaraq həmin pul vəsaitini Balaxanı Bələdiyyəsi qaytarmaqdan imtina edir ki, bu da onun hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1.-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”na əsasən Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqan hesab edilir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır, hazırkı tələb üzrə iddiaçı inzibati orqana və ya inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının: 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, bələdiyyə inzibati orqandır, qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxıldığından və hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edilməli, iddiaçıya hazırkı tələblə bağlı müvafiq inzibati orqana və ya inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur, 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Məhkəmə, həmçinin Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən qeyd edir ki, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Balaxanı Bələdiyyəsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, hazırkı tələblə bağlı müvafiq inzibati orqana və ya Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən ödənilmiş 39 manat (qəbzin nömrəsi **********) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-4486/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4486/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver