Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4508/2020 24.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçıya dəymiş zərərin əvəzi qismində 200 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 220 manat pulun tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2019-cu il tarixdə İMEİ: **********39779 kodlu Samsung Galaxy A3 2017 DS markalı mobil cihazı təmir üçün «xxxxxxxxxxx» MMC-nin əməkdaşlıq etdiyi "Servis Link" texniki xidmət mərkəzinə 143249 №-li qəbzə əsasən təqdim etmişdir. Servisə təmir üçün təqdim olunmuş telefonun əvəzində isə təmir müddəti ərzində istifadə olunması məqsədi ilə xx.xx.2019-cu il tarixli Razılaşmaya əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada «xxxxxxxxxxx» MMC-nin mülkiyyətində olan İMEİ: **********36324 kodlu Hoffmann Neo A300 markalı mobil cihazı cavabdehin müvəqqəti istifadəsinə verilmişdir.Sözügedən razılaşmaya əsasən müvəqqəti istifadəyə verilmiş mobil telefonun dəyəri 200 manat təşkil edir. Sox saylı müraciətlərə baxmayaraq cavabdeh texniki servisə təmir üçün təqdim etdiyi cihazı bü günə kimi təhvil almamış, həmçinin də təmirdə olan telefonun əvəzində müvəqqəti istifadə üçün ona verilmiş xxxxxxxxxxx» MMC-nin mülkiyyətində olan İMEİ: **********36324 kodlu Hoffmann Neo A300 markalı mobil cihazı geri qaytarmamışdır. Tərəflərindən cavabdehə cihazın geri qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və qeyd olunan məktub xx.xx.2019-cu il tarixdə cavabdehin anasına çatdırılmışdır. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə rəsmi qaydada göndərilmiş və bildirişi aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri (elektron qaydada verildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq) məhkəməyə təqdim etmək təklif edilmişdir. Göstərilən müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, hazırkı iddia üzrə iddianın qiyməti 200 manat təşkil edir. Azəırbaycan Respublikası MPM-nin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.4-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır.Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-cü maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 284-6.3-cü maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda sadalanan xüsusatlara və qanunvericilik aktı normasına əsaslanaraq məhkəmə hesab edir ki, iddia sadələşdirilmiş icraat qaydasında baxılaraq təmin edilməlidir. İş materiallarından görünür ki, “xxxxxxxxxxx” MMC ilə Cavabdeh arasında olan müştəriyə müvəqqəti istifadə üçün mobil telefonun təqdim edilməsi barədə xx.xx.2019-cu il tarixli razılaşmaya əsasən aşağıda göstərilən şərtlərlə razılığa gəlmişlər:
1. Müştəriyə müvəqqəti istifadə üçün «xxxxxxxxxxx» MMC-nin mülkiyyətində olan mobil telefon (Model: Hoffmann Neo A300, İMEİ kod: **********36324) təqdim edilir. Müştəri razılaşır ki, telefonun dəyəri 200 manat təşkil edir və telefon tam saz vəziyyətdədir.
2. Telefon müştəri tərəfindən servisə təhvil verilmiş mobil telefonun (Model: Samsung A3 2017, İMEİ kod: **********39779) təmir müddəti ərzində istifadə üçün təqdim olunur. Təmir başa çatdıqdan sonra telefon “xxxxxxxxxxx” MMC-yə dərhal geri qaytarılmalıdır.
3. Müştəri telefonu «xxxxxxxxxxx» MMC-yə hər hansı bir səbəbdən geri qaytara bilmədikdə və ya telefon işlək vəziyyətdə olmadıqda və ya korlandıqda bu razılaşmanın 1ci bəndində göstərilən məbləği tam şəkildə ödəməyi öhdəsinə götürür. İş materiallarından görünür ki, “xxxxxxxxxxx” MMC tərəfindən müvəqqəti istifadə üçün verilmiş telefonun geri qaytarılması, əks halda məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xx.xx.2019-cu il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh evdə olmadığı üçün məktub müvafiq sənədə imza etdirməklə anasına çatdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Həmin Məcəllənin 452.2-ci maddəsinə əsasən kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanın şərtlərini pozmuş, nəticədə iddiaçıya zərər dəymiş, bununla da razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh dəymiş zərərin əvəzi qismində 200 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 220 manat pul tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi qismində 200 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 220 manat pul tutularaq “xxxxxxxxxxx” MMC-yə ödənilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova