Məhkəmə qərarları › İş №2(008)-4516/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4516/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4516/2023 28.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Ruslan Mirzəliyev Əsəd qızının sədrliyi, Məhkəmə iclas katibi Şərif Səlimzadə Hümbət oğlunun katibliyi, İddiaçı X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 870 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıdan yaşadıqları evin sənədlərinin qanunvericiliyin tələblərinə uyğun alınması üçün hüquqi xidmət adı ilə 920 (doqquz yüz iyirmi) manat almışdır. Ona hem bir xidmət göstərilmədiyindən Cavabdeh hüquqi xidmət göstərmədiyi üçün ödənilmiş pulu geri istəyib. Lakin, o müxtəlif bəhanələr gətirərək pulu ona ödəməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfındən iddiaçıya həmin pulun 50 (əlli) manatı poçt vasitəsilə geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək pulun bir hissəsinin onların Abşeron rayonu ərazisindəki torpaq sahəsinin sənədləşdirilməsi üçün, qalan məbləğin isə anasının həkim müayinələrindən keçirilməsinə köməklik göstərilməsi məqsədilə verdiyini deyərək, iddianın təmin olunmasını xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edən X4 izahatında iddiaçını Daşınmaz Əmlakın Reyestri Xidmətində gördüyünü, evlərindən qovulduqlarını sənəd ala bilmədiklərini dedikdə onlara sənədləşmə işləri ilə bağlı köməklik göstərə biləcəyimi lakin xidmətin ödənişli olduğunu demişdir. Xidmət haqqı olaraq 100 manat aldığını daha sonra isə bundan 50 mantını poçt vasitəsi ilə qaytardığını dedi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında iddiaçının anası X6 ilə, Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə hüquqi xidmət göstərilməsi barədə müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq, Cavabdeh 100 manat ödəniş verilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli 041900 nömrəli qəbz verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* nömrəli məxaric qəbzinin surətindən görünür ki, X1 Gülnarə Masi qızına 50 manat pulu poçt vasitəsilə göndərmişdir. Məhkəmə bu hallarla bağlı qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçının sənədləşmə işlərinin aparılması ilə bağlı aralarında xx.xx.2021-ci il tarixdə müqavilə imzalanmış xidmət haqqı olaraq 100 manat ödəniş olunmuş və bu barədə cavabdeh tərəfindən ərizələr yazılmış Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə X5 öz təkidi ilə məhkəmə sənədləri geri götürülərək xidmətin göstərilməsindən imtina olunmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi Cavabdeh ondan yaşadıqları evin sənədlərinin qanunvericiliyin tələblərinə uyğun alınması üçün hüquqi xidmət adı ilə üçün 870 manat məbləğində borcu yarandığına istinad etsə də, bu halı təsdiq edən yəni 870 manat pulun X2 verilməsini təstiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə bir halı qeyd etməyi zəruri hesanb edir ki, xx.xx.2021-ci il tarixli xidmət müqaviləsindən də görünür ki, müqavilənin tərəfləri X6 ilə Cavabdeh olduğundan hazırki tələblə X5 məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur. Belə ki, Azərbay Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul verilməsini təsdiq edən tutarlı sübut gətirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddianın dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi Cavabdeh ondan yaşadıqları evin sənədlərinin qanunvericiliyin tələblərinə uyğun alınması üçün hüquqi xidmət adı ilə 870 manat məbləğində borc yarandığını bildirsə də bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmiş, həmçinin onun belə bir tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, iddia ərizəsinə görə verilmiş 30 manat dövlət rüsumu iddiaçıdan dövlət mədaxilinə alınmalıdır. Belə ki Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 870 manat məbləğində pul vəsaitinin tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu məhkəmə xərclərinə aid edilərək dövlət nəfinə mədaxil edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar