Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4516/2024 24.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X19 qızının katibliyi, İddiaçı nümayəndəsi X17 oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması və tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması və tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin olunması və Bakı şəhər İcra Hakimiyyəti Başçısının X6 və İstismarı Birliyinin 90427 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş ərazisində sahəsi 0.12 ha olan 6796/6949 nömrəli bağ sahəsinə dair maneələrin aradan qaldırılması, cavabdehə məxsus əşyaların və avadanlıqların həmin sahədən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının X6 və İstismarı Birliyinin 90427 nömrəli, xx.xx.2004-cü il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş ərazisində sahəsi 0.12 ha olan 6796 nömrəli bağ İ Qarabağ müharibəsinin qazisi və İİ dərəcəli əhli olaraq güzəştli şərtlərlə Ölkə başçısının tapşırığına əsasən iddiaçının istifadəsinə verilmiş və qanuni əsaslarla icarəsində olmuşdur. Sonradan Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş bağlar ərazisindəki onların (hər biri Qarabağ müharibəsinin veteranı və əlili olan dörd qardaşa məxsus) 6776, 6777, 6795 və 6796 nömrəli bağ sahələrinin "xxxx" şirkəti tərəfindən alınması ilə əlaqədar digər əraziyə yəni, onun bağ sahəsi 6796/6949 digərləri isə 6777/6948, 6795/6950 və 6776/6951 nömrəli ərazilərə köçürülmüşdür. Qeyd olunan bağ sahələrinin həmin əraziyə köçürülməsi, bağ sahələrinin onların tərəfindən hasarlanması və hazırda da istifadələrində olması Kürdəxanı qəsəbə Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 90 nömrəli məktubu ilə də, təsdiq olunur. Belə ki, Kürdəxanı qəsəbə Bələdiyyəsinin 2013cü ildə təsdiq edilmiş xəritəsində Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş bağlar ərazisindəki mənə məxsus 6796/6949 nömrəli bağ sahəsinin həmin nömrə ilə onun adına qeydə alınmışdır. Ona məxsus bağ sahəsində hər hansı tikinti quraşdırma işlərinin qarşısı alınmalı və əmlakından sərbəst istifadə üçün yaradılan hər cür maneələr aradan qaldırılmalıdır. Göründüyi kimi, Bakı şəhər İcra Hakimiyyəti Başçısının X6 və İstismarı Birliyinin 90427 nömrəli, xx.xx.2004-cü il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş ərazisində sahəsi 0.12 ha olan 6796/6949 nömrəli bağ onun istifadəsinə verilmiş və qanuni əsaslarla icarəsində olmuş, hazırda da istifadəsindədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi vəkil məhkəməyə ərizə ünvanlayaraq, iddiaya etirazını məhkəmə çıxışı kimi qəbul edərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh1 nümayəndəsi Vəkil məhkəməyə etiraz ünvanlayaraq, mübahisə predmeti olan torpaq sahəsi, Bakı səhəri, Sabunçu rayonu, Ləhis bağ sahəsi 3928/6889 nömrəli bağ sahəsi 29 aprel 2014-cü il tarixli, AN-1№ ******* nömrəli alqı-satqı müqaviləsi ilə, Cavabdeh1 tərəfindən satın alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən onun mülkiyyətinə rəsmiləşdirilmişdir. Artıq 4 ilə yaxındır ki, iddiaçının qardaşı ilə məhz bu torpaq sahəsinə dair mübahisə ilə bağlı məhkəmə çəkişməsindədir. X1 qanunsuz iddiası apellyasiya məhkəməsində də təmin edilməmişdir. Lakin qanunvericiliyin tələbinə müvafiq olaraq əmlak üzərinə əmlakın özgəninkiləşdirilməsinə dair qadağa tətbiq edilmişdir. Yəni iddiaçı heç öz qardaşından da xəbərdar deyil. Qardaşlar arasında hansısa mübahisə var ki, ona təsir edir və o, məhkəmələrdə çəkişmələrdədir. İddia qanunsuz və əsassızdır. Torpağın mülkiyyətçisi Cavabdeh1dır və mülkiyyəti təsdiq edən sənədlər qanunvericiliyin tələblərinə müvafiq olaraq tənzimlənir. Cavabdeh1 tərəfindən bütün məhkəmə çəkişmələri yekunlaşdıqdan sonra Akif Şahverdiyev, İddiaçı, habelə bu qanunsuz iddialarla bağlı qanunazidd hüquqi xidmət göstərən vəkillə bağlı qanunvericiliyin tələblərinə müvafiq tədbirlər görüləcəkdir. Belə ki, Akif və İddiaçı vəkilləri Eynulla Şahverənov olmuşdur. Yəni bu iki qardaşın bir-birinin iddialarından xəbərlərinin olmaması mümkün deyildir. Qərəzli şəkildə qanunsuz iddialar verdikləri də elə eyni vəkilə müraciət etməklərindən aydın olur. Çünki 2 qardaş eyni iddialarla məhkəməyə müraciət edirsə, bunun davamının gəlməsi də qaçınılmazdır. Akif Şahverdiyin iddiaları öz təsdiqini tapmadığından indi qardaşı İddiaçı əsassız iddialar verməyə başlamışdır. Akif Şahverdiyevin eyni məzmunlu iddiasının sadəcə bağ nömrəsi və iddiaçı dəyişdirilməklə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Hazırda hakim Aysev Almasovanın icraatındadır. Qanunvericilik sisteminin heç bir müddəasında bələdiyyə məktubu mülkiyyət hüquqlarını təsdiq etmir. Cavabdeh1 öz torpağını qanunvericiliyin tələbinə müvafiq olaraq satın almış və ondan öncə də 2 rəsmi mülkiyyətçi olmuşdur. Əgər İddiaçı və ya qardaşı Akif Şahverdiyev həqiqətən də ona məxsus olan torpaq sahəsinə köçürülmüş olsaydılar bu faktı təsdiq edən sənədlər, akt və ya Kürdəxanı bələdiyyəsinin məktubunda qeyd edilən nömrədə torpaq sahəsinin qeydiyyatına dair sənədlər təqdim edərdi. Sadəcə iddiaçı və qardaşı məlumat almışlar ki, "xxxx" MMC tərəfindən Ləhis bağları ərazisində yerləşən torpaq sahələri dəyərindən yüksək qiymətə satın alınır və bundan sonra əsassız iddialarla məhkəməyə müraciətlər edilməyə başlanmışdır. Çünki Kürdəxanı bələdiyyəsinin məktubunda qeyd edilir ki, 2013-cü ildə inventerizasiya aparılmış və torpağa nömrə verilmişdir. Sual yaranır ki, bu qardaşlar torpaqlarına sahib çıxmaq üçün niyə 10 ildən də çox müddət gözləmişlər. Apellyasiya məhkəməsində iddiaçının qardaşına bu sual verildikdə ona xəstə olduğunu, başının qarışdığını və s. kimi bəhanələr bildirdi. İndi belə çıxır ki, bu qardaşlar eyni anda xəstələnir, eyni anda başları qarışır başqa işlərə. X15 aydın oldu ki, bu torpaq üzərində heç bir mülkiyyət hüququnu təsdiq edə bilməyəcək, indi qardaşı müraciətlər edir ki, bəlkə alınar. Cavabdeh1 məxsus olan torpaq sahəsi iddiaçının digər qardaşı ilə qonşudur. Qardaşlar dəfələrlə onun mülkiyyətinə qəsd ediblər, özü çəkdiyi hasarını uçurtmuş, torpağına qanunsuz daxil olmuşlar. Bu barədə dəfələrlə şikayətlər etmişdir. Sonuncu dəfə sahə müvəkkili daha ciddi şəkildə danışdığından belə əsassız ərizələrlə məhkəməyə müraciət etmək qərarına gəlmişər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətçi Cavabdeh1dır və onun mülkiyyət hüququ toxunulmazlığı hüququnu da pozmaqdan çəkinmirlər. Kürdəxanı bələdiyyəsi Akif Şahverdiyevə köçürüldüyü torpaq sahəsinin 6948 nömrə ilə, İddiaçı isə 6949 nömrə ilə qeydiyyata alındığını bildirmişdir. Məhz belə qanunsuzluqlar etdiyinə görə, özlərindən nömrələr təyin etdiklərinə görə Kürdəxanı bələdiyyəsi də məsuliyyətə cəlb edilməlidir. Məhz onların bu qanunsuz əməllərinə görə o, öz mülkiyyətində olan torpaq sahəsinə görə hər dəfə məhkəmələrə çağrılır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X18 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2024-cü il tarixli, 3-213-30/2-22168/2024 nömrəli məktubunda Bakı şəhəri, Sabunçu rayonu Ləhiş bağ sahəsində 6948 nömrəli bağ sahəsinə dair məlumatların aşkar edilmədiyi, habelə 6777 nömrəli bağ sahəsinə dair arxivdə cizgilərin aşkarlanmadığı göstərilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: - Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 139 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş bağlar ərazisindəki 6776, 6777, 6795 və 6796 bağ sahələrinin sahibləri dörd qardaş Şahverdiyevlərə məxsus bağ sahələri "xxxx" MMC şirkəti tərəfindən özəlləşdirilərək yaxınlıqdakı digər əraziyə köçürmüşlər. Sorğuda qeyd olunan İddiaçı (bağ №6796) hansı bağ sahəsinə köçürülməsi barədə Bələdiyyə arxivində sənəd və ya ödəniş barədə heç bir məlumat olmaması səbəbindən Torpaq və Ərazi İdarəsinin əməkdaşları əraziyə baxış keçirmiş və müəyyən olunmuşdur ki, İddiaçı istifadəsindəki hasar içərisində olan bağın nömrəsi 6949-dur. - Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 90 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, keçmiş Bağlar təsərrüfatı Birliyi tərəfindən 30427 nömrəli müqavilə ilə istifadənizə verilmiş Ləhiş bağ ərazisindəki 6796 nömrəli 1200,0 m2 torpaq sahəsi "xxxx"MMC şirkəti tərəfindən özəlləşdirilərək, vətəndaşların istifadəsində olan bağ sahələri digər ərazilərə köçürülmüşlər. Köçürülən bağ sahələri X2 ərazisi daxilində olması səbəbindən, 2013-cü ildə aparılan inventarizasiya əsasında ərazinin xəritəsi hazırlanaraq bağ sahələri nömrələnmişdir. Bildiririk ki, istifadənizdə olan bağ sahəsinin nömrəsi tərtib olunmuş xəritədə 6949-dur. Beləliklə, hal-hazırda Ləhiş bağ ərazisində istifadənizdə olan bağ sahəsi Kürdəxanı Bələdiyyəsində 6796/6949 nömrəsi ilə, tərtib olunmuş xəritədə öz əksini tapmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının X6 və İstismarı Birliyinin 1610 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, X6 və İstismarı Birliyi İddiaçı Bakı şəhər İcra Hakimiyyəti aparatının xx.xx.1986-cı il tarixli 18/924 nömrəli və xx.xx.1988ci il tarixli 6/333 nömrəli qərarlarına əsasən icarəsindəki bağ sahəsində hasar tikməyə icazə verir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 Departamentinin X6 və İstismarı Birliyi 30427 nömrəli, xx.xx.2004-cü il tarixli müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş ərazisində sahəsi 0.12 ha olan 6796/6949 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. - AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 adından etibarnamə əsasında X8 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3928/6889v nömrəli 0.12 ha bağ sahəsini X13 7000 manata satmışdır. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3928/6889v nömrəli 0.12 ha bağ sahəsi xx.xx.2009-cu il tarixdən X4 xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. - AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3928/6889v nömrəli 0.12 ha bağ sahəsini 20000 manata Cavabdeh1 satmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 3928/6889v nömrəli 0.12 ha bağ sahəsi xx.xx.2014-cü il tarixdən Cavabdeh1 xüsusi mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsininin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 6948 bağ nömrə ilə qeydiyyata alınmış torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin X6 və İstismarı Birliyinin xx.xx.2004-cü il tarixli, 30425 nömrəli icazə müqaviləsi əsasında ayrılmış Ləhiş bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 6777 nömrəli bağ sahəsinə aid cizgi arxiv qovluğunda aşkar edilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsininin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 ha torpaq sahəsi olan 6796/6949 nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd arxiv qovluğunda aşkar edilməmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının X6 və İstismarı Birliyi 30427 nömrəli, xx.xx.2002ci il tarixli müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş ərazisində sahəsi 0.12 ha olan bağ sahəsi İddiaçı icarəyə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. “Broniovski Polşaya qarşı” işdə (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin tədbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” müstəqil məna daşıyır. Mübahisə predmeti olan mülkiyyət barəsində hüquqi tələb irəli sürmək mümkün olmadıqda, 1 saylı Protokolun 1-ci maddəsi tədbiq edilmir, belə ki, yalnız real mövcud olan mülkiyyətin hüquqi mühafizəsi mümkündür və bu mühafizə hər hansı mülkiyyəti gələcəkdə əldə etmək hüququna şamil olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İlk növbədə məhkəmə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar. Göründüyü kimi göstərilən torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsini müəyyən etmək mümkün olmamışdır. Digər tərəfdən belə halların mövcudluğu ilə bağlı iddiaçı tərəfindən də mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, sübutetmə yükü baxımından mübahisəli əmlakın hansı hissəsinin cavabdehlərin qanunsuz sahibliyində olması və s. bir sözlə, tələbin hüquqi və fatiki əsaslarını sübuta yetirmək Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbləri baxımından iddiaçının üzərinə düşür. Çünki, görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddianı verərkən subyektiv hüququnun olması ilə bağlı istinad etdiyi dəlillər artıq mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmiş şəxs özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Mülki iş materiallarından aydın olur ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonunun Ləhiş ərazisində sahəsi 0.12 ha olan 6796/6949 nömrəli bağ sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının hazırki iddianı verərkən subyektiv hüququnun olması ilə bağlı istinad etdiyi dəlillər artıq mövcud deyildir. Həmçinin məhkəmə qeyd edir ki, məhkəməyə müraciət etmiş şəxs özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Mülki iş materiallarından aydın olur ki, iddiaçının 0,12 ha torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi yoxdur. Bu onu deməyə əsas verir ki, iddiaçının hazırki tələblə bağlı, cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə, müharibə veteranları məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin : 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X18 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “maneələrin aradan qaldırılması və tikintinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4516/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4516/2024
24.09.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver