Məhkəmə qərarları › İş №2(008)-4526/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4526/2021

05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4526/2021 05.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və numayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın tutulması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən torpaq sahəsinin alınması üçün ödədiyi 10000 manat, torpaq sahəsinin dəyərinin qalxması nəticəsində dəymiş maddi ziyana görə 20000 manat, dövlət rüsumunun ödənilməsinə görə 30,030 manat məbləğində pulun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, Cavabdeh 2014-cü ildə özünə məxsus Bakı şəhəri, Suraxanı qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0,5 hektar torpaq sahəsinin 0,03 hektarını iddiaçıya satmış, iddiaçı isə ona 10000 manat məbləğində pul vəsaiti ödəmişdir. Lakin, sonra, 2020-ci ilin yanvar ayında həmin torpaq sahəsinin cavabdeh tərəfindən qardaşına satıldığı müəyyən edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə tərəfindən məhkəmə elektron sistemindən əldə edilən məlumatdan onun 11.09.2017-ci il tarixdə Moskva şəhərinə çıxdığı və bu günə qədər geri qayıtmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və numayəndəsi X3 idda ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən iddiaçı tərəfin izahatıını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır(sənədlər iş materialalrına əlavə edilmişdir). Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Hövsan südçülük sovxozu ərazisində yerləşən 0,5 hektar torpaq sahəsinin 0,03 hektarının və içindəki tikilidən təyinatı üzrə istifadə etməyə, sərəncam verməyə, tikinti işləri aparmağa, satmağa, bağışlamağa və sair hərəkətləri etməyə dair 49 ildən çox müddətə Bakı şəhəri 31 saylı notariat kontorunda təsdiq edilmiş 12.09.2014-cü il tarixli etibarnamə vermişdir. İddiaçı Suraxanı RPİ-nin 30-cu polis şöbəsinə müraciət edərək Cavabdeh şikayət etmişdir. Şikayət ilə əlaqədar Suraxanı RPİ-nin 30-cu polis şöbəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 10.03.2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh ölkə ərazisinin hüdudlarından kənar olduğu üçün onun izahatanı almaq mümkün olmamış, lakin onun istifadəsində olan +**********1 mobil nömrə ilə əlaqə saxlanılmış və o, iddiaçıya 10000 manat məbləğində olan borcunu etiraf etmişdir. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında şifahi formada bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 10000 manat pul verimiş, lakin cavabdeh üzərinə düşən ödəliyi icra etməmişdir. Odur ki, məhkəmə iddia tələbinin 10000 manat hissəsində təmin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə hesab edir ki, iddia torpaq sahəsinin dəyərinin qalxması nəticəsində dəymiş maddi ziyana görə 20000 manatın tutulması hissəsində rədd edilməlidir. Belə ki, rəsmi sənədi olmayan torpaq sahəsinin etibarnamə əsasında alınması qanunda nəzərdə tutulmadığından, iddiaçı bunu etmiş və bununla qanuna zidd hərəkət özü də etmişdir. Bundan başqa, toraq sahəsinin o qədər bahalanmasına dair məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, torpaq sahəsinin alınması üçün ödənilən 10000 manat cavabdehdən tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, ödənilmiş 30,030 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh torpaq sahəsinin alınması üçün ödənilən 10000 manat tutulub İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rəddə edilsin. Ödənilmiş 30,030 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar