Məhkəmə qərarları › İş №2(008)-4547/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4547/2025

29.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4547/2025 29.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim X1, İddiaçı Cavabdeh qarşı "cavabdehin aldadıcı yolla ondan aldığı avtomobilə görə avtomobilin təmiri və kredit öhdəlikləri ilə bağlı çəkdiyi xərclərin cavabdehdən tutulması, ona dəymiş mənəvi zərərə görə müvafiq kompensasiya müəyyən olunması" barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "cavabdehin aldadıcı yolla ondan aldığı avtomobilə görə avtomobilin təmiri və kredit öhdəlikləri ilə bağlı çəkdiyi xərclərin cavabdehdən tutulması, ona dəymiş mənəvi zərərə görə müvafiq kompensasiya müəyyən olunması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsində deyilir ki, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Sadalanan normaların tələbinə görə, iddia ərizəsində digər məlumatlarla yanaşı, cavabdehin soyadı, adı, atasının adı, onun şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), cavabdehin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi), bundan başqa, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri göstərilməlidir. Bu məlumatların göstərilməməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Müəyyən edildi ki, İddiaçı iddia ərizəsində cavabdeh qismində "Cavabdeh" adlı şəxsi göstərsə də, onun şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatları, o cümlədən cavabdehin atasının adını, rəsmi qeydə alındığı ünvanı, eyniləşdirmə məlumatlarını (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) göstərməmişdir. Cavabdeh kimi göstərilmiş Cavabdeh atasının adı məhkəməyə məlum olmadığına görə "Elektron məhkəmə" informasiya sistemində müvafiq axtarış aparılması da mümkün olmamışdır. Bundan əlavə, İddiaçı iddia ərizəsində avtomobilin təmiri və kredit öhdəlikləri ilə bağlı çəkdiyi xərclərin cavabdehdən tutulmasını, eləcə də ona dəymiş mənəvi zərərə görə müvafiq kompensasiyanın müəyyən olunmasını ümumi şəkildə tələb etsə də, iddianın qiymətini, yəni tələb etdiyi maddi və mənəvi zərərin məbləğlərini göstərməmişdir. Göründüyü kimi, İddiaçı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən, yəni cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar və iddianın qiyməti göstərilmədən verilmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, həmin ərizənin məhkəmə icraatı mümkün deyil. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd də əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə görə, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İşdən göründüyü kimi, İddiaçı öz iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməmişdir və bu hal da iddia ərizəsinin qaytarılması üçün əsasdır. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, hazırkı işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olması üçün Cavabdeh Bakı şəhəri Sabunçu rayonunda rəsmi qeydə alınmış olmalıdır. Lakin iş materiallarında bunu təsdiq edən sübut yoxdur və həmin şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, o cümlədən atasının adı, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi məhkəməyə məlum olmadığına görə onun rəsmi qeydə alındığı yeri müəyyən etmək mümkün deyil. Bu hal da iddia ərizəsinin qaytarılması üçün əsas verir. İddiaçı iddia ərizəsində Cavabdeh ünvanı kimi Abşeron rayonunun Xırdalan şəhərini göstərmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh adlı şəxs Abşeron rayonunda rəsmi qeydə alınmışdırsa, hazırkı iddia Abşeron Rayon Məhkəməsinə verilməlidir. İddiaçıya izah olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı "cavabdehin aldadıcı yolla ondan aldığı avtomobilə görə avtomobilin təmiri və kredit öhdəlikləri ilə bağlı çəkdiyi xərclərin cavabdehdən tutulması, ona dəymiş mənəvi zərərə görə müvafiq kompensasiya müəyyən olunması" barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar