Məhkəmə qərarları › İş №2(008)-4583/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4583/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4583/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 70 (yetmiş) manat vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 69 ünvanında birlikdə işlədiyi Cavabdeh onu aldadaraq pul vəsaitini ələ keçirtmişdir. Belə ki, Cavabdeh Qalib oğlu 2023-cü il noyabr ayında ondan 600 (altı yüz) manat borc pul istəmiş, həmin vaxt satıcı olaraq yaxşı işlədiyinə və atasısız böyüdüyünə görə 600 (altı yüz) manatı ona dükanda vermişdir. Daha sonra Cavabdeh toyunun xərci üçün ondan 500 manat istədikdə bü dəfə də ona istədiyi 500 manatı dükanda vermişdir. Hər dəfə ondan hissə-hissə olaraq bütövlükdə 5000 (beş min) manat pulu nəğd şəkildə almışdır. Bu pullarla Cavabdeh özünə toy etmiş, toyu bitdikdən sonra iddiaçının pullarını qaytaracağını bildirsə də, hazırki vaxtadək pulunu qaytarmamışdır. Artıq üzərindən 6 ay müddət keçmiş hər dəfə pulu tələb etdikdə qaytaracağını bildirsə də qaytarmamışdır. Ona müxtəlif bəhanələr gətirərək yoldaşının qızıllarını lombarda qoyaraq, bankdan pul götürərək qaytaracağını bildirmişdir. Hətta Cavabdeh anası ilə də əlaqə saxladıqda pulu qaytaracağını desə də, pul qaytarılmamışdır. Cavabdeh dükanda satıcı işlədiyi müddətdə onda böyük etibar qazanmışdır. İddiaçı ona çox inanmış, hələ toyuna gedib cani-ürəkdən iştirak edərək 500 manat da pul yazdırmışdır. Vüsalın ondan borc kimi istədiyi pul vəsaitini o, bankdan götürmüşdür. İddiaçı hazırda həmin pulu aylıq faizi ilə banka ödədiyini bildirir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, pulun bir qismini bank kartından, qalanı isə özünə əlbəəl verdiyini, 3800 manatı bir dəfə və 500 manatı da bir də verdiyini, bankdan faizləri də üzərinə gəldiyini, cavabdehlə əlaqə saxlayanda Tamstore MMC-də işlədiyini, verəcəyini bildirmişdir. Lakin sonra oradan da işdən çıxdığını, artıq zenglərinə cavab vermədiyini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. 08 iyul 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, cavabdehin sentyabr ayında mağazada işə başladığını, atası olmadığı üçün toyu özünün təşkil edəcəyini ona dediyini bildirmiş, İddiaçı bankdan 6000 manat kredit götürdüyünü bundan 2200 manat banka olan borcunu ödədiyini və qalan pulu Vüsala verdiyini bildirmişdir. Dekabrın 24-dü cavabdehin toyu olacağından hazırlıqlar üçün 500 manat bir dəfə və 600 manatda bir dəfə, ümumilikdə 3800 manat borc verdiyini bildirmişdir. Həmçinin müdirdən də 1800 bir dəfə, 500 manat da bir dəfə götürmüşdür. Müdirdən götürdükləri pulları dekabrın 28 qaytardığını da bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddiaçı tərəfindən cavabdehə pul məbləğinin verilməsi ilə bağlı yazılı müqavilə bağlanmamışdır. Yəni iddiaçı tələb etdiyi 5000 manat pulun cavabdehə borc verməsini təstiq edəcək sübut məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi Cavabdeh ona 5000 manat məbləğində borcu yarandığına istinad etsə də, bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul verilməsini təsdiq edən tutarlı sübut gətirilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə iddianın dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsində göstərilən dəlillər əsasən formal mülahizələrdir və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Həmçinin iddiaçının yeganə sübutu iş materiallarında olan 1 ədəd CD disk yazısında cavabdehlə olan səs yazısıdır. Həmin səs yazısına qulaq saraq o səs yazısının doğurdan da Cavabdeh və ya digər 3-cü şəxsə aid olmasını müəyyən etmək mümkün olmamış, eyni zamanda qəbul etsək də ki, səs yazıları doğurdan da cavabdehə məxsusdur lakin o səs yazılarının heç bir yerində nə qədər borclu olması barədə rəqəm ifadə olunmamışdır. Odur ki, məhkəmə iş materiallarına əlavə edilmiş səs yazılarının əks olunduğu 1 ədəd CD olan səs yazılarını mötəbər sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi rədd edildiyindən, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. Ödənilmiş 70 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar