Məhkəmə qərarları › İş №2(008)-4625/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4625/2021

22.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4625/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “aliment miqdarının dəyişdirilərək qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X6 qarşı “aliment miqdarının dəyişdirilərək qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib aliment miqdarını dəyişdirərək, 02.07.2010-cu il təvəllüdlü X1 üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq cavabdeh X6 ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X8 ilə birgə 01 iyun 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Rəsmi nikahdan 29.09.2005-ci il təvəllüdlü X11 və 02.07.2010-cu il təvəllüdlü X9 anadan olmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonralar münasibətləri pozulmuşdur. Bununla da Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 2(008)-391/2015 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında bağlanan 01 iyun 2005-ci il tarixli, 229 nömrəli nikah pozulmuş, 20.11.2014-cü il tarixdən başlayaraq 29 sentyabr 2005-ci il təvəllüdlü X10 və X3 yetkinlik yaşına çatana kimi saxlamaları üçün İddiaçı qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarı məbləğində aliment tutularaq cavabdeh X6 verilməsi qət edilmişdir. O, 1993-cü ildən 2014-cü ilə kimi Azərbaycan Silahlı Qüvvələrində zabit kimi xidmət göstərmişdir. 2014-cü ildə öz arzusu ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. 2020-ci ildə Vətən müharibəsində də könüllü olaraq iştirak etmişdir. 10.07.2017-ci ildə 2-ci dəfə X12 ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 01.04.2018-ci ildə bir qız övladı anadan olmuşdur. Xidmət müddətinin 17 ilini döyüş bölgəsində çətin həyat şəraitində keçirdiyi üçün bəzi xroniki xəstəliklər əmələ gəlmişdir. Maddi durumu çox da yaxşı deyil. 03.04.2021-ci il tarixdə birinci nikahdan olan 29.09.2005-ci il təvəllüdlü X11 bədbəxt hadisə nəticəsində dünyasını dəyişmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi üzrə onun gəlirlərindən tutulan 1/3 hissəsi miqdarı məbləğində alimentin tutulması onun maddi vəziyyətinə olduqca mənfi təsir göstərir. Bu baxımdan da məhkəməyə müraciət etmək hüququndan 'istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası AM-nin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və ya valideynlərin başqa gəlirinin dörddə bir miqdarı tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-391/2015 nömrəli, 27.04.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə X8 arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahından olan 29.09.2005-ci il tarixdə doğulmuş X11 və 02 iyul 2010-cu il tarixdə doğulmuş X9 iddiaçı X4 himayəsində saxlanılmış və İddiaçı 29.09.2005-ci il tarixdə doğulmuş X10 və 02 iyul 2010-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin aylıq qazancının 1/3 hissəsində aliment məbləği tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı, 195726 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Salayeva Fidan Oktay qızı 03.04.2021-ci il tarixdə kəskin posthemorragik anemiya səbəbindən ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur: Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında nikah 27.04.2015-ci il tarixdə pozulduqda İddiaçı birgə nikahdan 29.09.2005-ci il tarixdə doğulmuş X10 və 02 iyul 2010-cu il tarixdə doğulmuş X2 üçün cavabdehin aylıq qazancının 1/3-i miqdarında alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı, 195726 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən belə qənaətə gəlir ki, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən sonra, 29.09.2005-ci il tarixdə doğulmuş X11 19 may 2021-ci il tarixdə ölmüşdür, bu səbəbdən də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.04.2015-ci il tarixli, 2(008)- 391/2015 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, cavabdeh İddiaçı X4 xeyrinə hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan dəyişdirilmiş alimentin məbləğinin tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı və cavabdeh X5 birgə nikahından doğulmuş 02.07.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27.04.2015-ci il tarixli, 2(008)-391/2015 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, İddiaçı cavabdeh X4 xeyrinə hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulsun. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar