Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-47/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə iddiaçı "Azəriqaz" İB-nin cavabdeh Sultanov X5 qarşı "dəymiş ziyanın ödənilməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Azəriqaz" İB cavabdeh Sultanov X5 qarşı "dəymiş ziyanın ödənilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2456,97 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 2486,97 manat pulun məcburi qaydada tutularaq iddiaçı "Azəriqaz" İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Sultanov X7 arasında xx.xx.2018-ci ildə AKX-00348xx/xx-2018 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə"si imzalanmış və həmin Müqavilə əsasında "Azəriqaz" İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən Müqavilənin 2.3.2-ci yarımbəndinin (həmin Müqavilənin və "X2"nın tələblərinə əməl etmək) və "X2"nın tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. "Azəriqaz" İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki: - 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 972 manat; - 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; - 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; - 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat; - 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; - 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, cəmi 2390,40 manat "Azəriqaz" İB-yə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2390,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə olaraq cavabdehin əvvəldən 66,57 manat borcu olmuş və karta keçirilmişdir. Cavabdehə 2456,97 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəməyə xx.xx.2024-cü ildə müraciət edərək, məhkəmə baxış iclasında işlərinin həmin gün həddən artıq çox olması səbəbindən iştirak edə bilməyəcəyini, bu səbəbdən də məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X1 xx.xx.2020-ci il tarixli məhkəmənin baxış iclasında iştirak edərək, iddianı müdafiə etdiyini, lakin Cavabdeh öldüyü barədə şəhadətnamə daxil olduğunu bildirmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəmsinin xx.xx.2020-ci il tarixli 2(008)-3211/2020 nömrəli qərardadı ilə Cavabdeh hüququ varisi müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-16-5/2-11-3931/23 nömrəli məktubu məhkəməyə daxil olmaqla işin dayandırlmasına səbəb olan hal aradan qalxmışdır. Ona görə də Bakı Şəhəri Sabunçu Rayon Məhkəmsinin xx.xx.2024-cü il tarixli 2(008)-47/2024 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan İddiaçı ilə cavabdeh Sultanov X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli AKX-00348xx/xx-2018 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 1-ci maddəsinə əsasən, Paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin Müqavilənin 2.3.4-cü maddəsinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə həmin Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifəsidir. - Sabunçu Rayon Qeydiyyat Şöbəsinin Maştağa qəsəbə bölməsi tərəfindən xx.xx.2019-cu ildə verilmiş AZ-İİ seriyalı 002212 nömrəli "Ölüm haqqında şəhadətnamə"dən görünür ki, Cavabdeh xx.xx.2019-cu ildə vəfat etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-16-5/2-11- 3931/23 nömrəli məktubundan görünür ki, "Elektron notariat" informasiya sistemində aparılmış araşdırma nəticəsində Cavabdeh adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Beləliklə, məhkəmə araşdırma nəticəsində müəyyən edildi ki, cavabdeh xx.xx.2019cu ildə vəfat etmişdir və onun vərəsələrini müəyyən etmək mümkün olmamışdır. Ona görə də, hazırkı iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 256.0.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 254.1.1 və 254.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda çıxmış şəxsin hüquq varisi müəyyən edilənə və ya fəaliyyət qabiliyyəti olmayan şəxs üçün nümayəndə təyin edilənədək iş üzrə icraat dayandırılır. Yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə görünür ki, hazırki tələb üzrə icraatın xitamına yol verilmir, hüquqi varis müəyyən olunanadək icraat dayandırılır. Lakin, göründüyü kimi 2020-ci ildən etibarən məhkəməyə daxil olmuş mülki işin dayandırılmasına baxmayaraq, o zamandan hələ də mərhumun hüquqi varisinin müəyyən olunmamışdır. Belə olan halda isə işin sonsuzadək məhkəmənin icraatında qalması və ona hər il yeni iş nömrəsinin verilməsi də məntiqli hesab olunmur. Bu səbəbədən məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 558-ci maddəsinə əsaslanaraq öhdəliyə xitam verilməsi əsası ilə iddia tələbini rədd edir. Qeyd olunan maddəyə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmçinin gələcəkdə cavabdehin vərəsələrinin müəyyən edilməsi və iddiaçının onlara qarşı iddia ərizəsi ilə müraciət etməsi də istisna olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İşdən görünür ki, iddiaçı xx.xx.2020-ci ildə 30 manat məbləğində dövlət rüsumu ödənmişdir. Məhkəm hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "Azəriqaz" İB-nin cavabdeh Sultanov X5 qarşı "dəymiş ziyanın ödənilməsi" barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-47/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-47/2024
04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver