Məhkəmə qərarları › İş №2(008)-4707/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4707/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4707/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı "2000 manat məbləğində pulun tutulması" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "2000 manat məbləğində pulun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42-ci maddəsinə əsasən, cinayət işindən əmələ gələn mülki iddia, əgər o, cinayət işinin icraatı zamanı verilməmişdirsə və yaxud həll olunmamışdırsa, bu Məcəllə ilə müəyyən olunmuş mülki məhkəmə icraatının qaydaları üzrə baxılmaq üçün verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. "Elektron Məhkəmə" informasiya sistemində Cavabdeh şəxsiyyət vəsiqəsini aşkar etmək mümkün olmadığına görə onun qeydiyyatda olduğu yer məlum deyil, eyni zamanda, onun əmlakının olduğu yer barədə də məlumat yoxdur. O, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir, həmin müəssisə isə Bakı şəhərinin Sabunçu rayonu ərazisində yerləşir. Ona görə də hazırkı işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxıldı. İddiaçı öz tələbini belə əsaslandırmişdir ki, Cavabdeh onu və nəvəsi X3 işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, ona 2000 manat məbləğində zərər vurmaqla dələduzluq etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-88/2022 nömrəli hökmünə əsasən, Cavabdeh bu əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə tərəfindən iddia ərizəsinin surəti Cavabdeh göndərilərək cavabdehin iddiaya münasibəti öyrənilmişdir. Cavabdeh iddiaya yazılı münasibətində bildirmişdir ki, iddiaçıya vurmuş olduğu maddi ziyanı (2000 AZN) inkar etmir, lakin yaşı və sağlamlıq durumu müəssisə daxilində fərdi əməklə məşğul olmağa imkan vermir, buna baxmayaraq, könüllü olaraq fərdi əməklə məşğul olub vurmuş olduğu maddi ziyanı ödəməyə razıdır. Cavabdeh iddiaya yazılı münasibətini "Qarşılıqlı iddia ərizəsi" adlandırsa da, həmin ərizədə hər hansı iddia tələbi irəli sürülmədiyinə, əksinə, iddia tam etiraf olunduğuna görə məhkəmə onu qarşılıqlı iddia kimi qəbul etmədi. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, 1(011)-88/2022 nömrəli cinayət işi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-13/2022-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş iki il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq iki il doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci ildən hesablanmışdır. Hökmdə zərərçəkmiş şəxslər İddiaçı və X2 vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin hökmlə müəyyən edilmişdir ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə "Azal Cargo" şirkətinə işə düzəltməklə bağlı məsələlər üzrə hər hansı səlahiyyətə və ya imkana malik olmadığı halda İddiaçı 2000 manat pul müqabilində onu və nəvəsi X3 "Azal Cargo" şirkətində işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla İddiaçı xx.xx.2021-ci ildə ünvan 1 ünvanında 700 manat, xx.xx.2021-ci ildə həmin ünvanda 1300 manat pul alıb vahid niyyətlə əhatə olunan qəsdlə 2000 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 2000 manat ziyan vurmaqla dələduzluq etmişdir. İşdə olan, 1(011)-88/2022 nömrəli cinayət işi üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il 09 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, cavabdeh iddiaçıya vurmuş olduğu 2000 manat maddi zərəri etiraf etmiş və ödəməyə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsində deyilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində isə deyilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Sadalanan normalardan göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən o halda qəbul edilə bilər ki, etiraf qanuna zidd olmasın və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasın. Ona görə də məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən dələduzluq cinayəti törədilərək iddiaçıya 2000 manat məbləğində maddi zərər vurulması işin mübahisəsiz halıdır. Həmin zərər bugünədək iddiaçıya ödənilməmişdir və iddiaçı həmin zərərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Belə olan halda, iddianın etiraf olunması məhkəmə tərəfindən qəbul edilməli və iddiaçının irəli sürdüyü tələblər təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin normaya uyğun olaraq, iddia təmin edildiyinə görə məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun miqdarı 40 manat təşkil edir. Lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, o, Bakı Şəhəri Xətai Rayon Məhkəməsində baxılan işlə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin ödəniş hazırkı işlə bağlı olmadığına görə 40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya deyil, dövlət büdcəsinə ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh 2000 manat pul alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin və ondan 40 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar