Məhkəmə qərarları › İş №2(008)-4708/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4708/2023

19.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4708/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması və qeydiyyata alınmağı barədə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması və övladlı ilə birlikdə həmin mənzilə qeydiyyata alınmağı barəldə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildə X3 ilə ailə qurmuş. onun ailəsi ilə bir müddət yaşamış, Məmmədov Mövsüm 2006-cı ildə, Məmmədov Əli 2008-ci ildə dünyaya gəlmişdir. Yoldaşı rəsmi şəkildə öz bibisinə övladlığa verilib. Yoldaşı usta işləyirdi və elektrik vuraraq dünyasını erkən yaşda dəyişdi. Həmin gündən kirayə qaldıqları evdən çıxmış və öz ata evimə gəlmişdir. Hazırda da kirayə qalır. Dəfələrlə yoldaşını övladlığa götürən bibisindən onun evinə qeydiyyata düşməklə bağlı xahişlər etmişdir. Cənab Prezidentə müraciətindən sonra polis idarəsinin binasına qeydiyyat etdilər. 2023-cü ildə isə qeydiyyatlar ləğv edildi. Uşaqlar hərbi kommisarlıqda qeydiyyata durmalıdır. Çox çarəsizdir, çətinlik çəkir. Cavabdeh imkan vermir ki, iddiaçı həmin evə qeydiyyata düşsün. Ev yoldaşının analığı və əsl bibisi X1 olub. Hazırda o, vəfat edib. Cavabdeh hazırda evdə yaşayır, iddiaçıya və uşaqlarına nə pay verir, nə də ki ora qeydiyyata düşməyə icazə verir. Hazırda isə istifadə hüququnun tanınması və mənzilə qeydiyyata düşmək istəyir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, mənzilə köçmək niyyətində deyil, bildiyinə görə cavabdeh mənzili satıb buradan köçmək niyyətindədir, uşaqlarının gələcyini təmin etmək məqsədilə hazırki iddianı vermişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlər yalnız özünün və uşaqlarının şəxsiyyət vəsiqələri və ərinin ölüm şəhadətnaməsidir. İddia ərizəsindən göründüyü kimi, cavabdeh iddiaçının ərinin analığının qardaşıdır. Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan cavabdehin mülkiyyətində hər-hansı bir daşınmaz əmlakın olmadığı müəyyən edilmişdir. İddiaçı evə dair, həmin evə hansı əsaslarla hüqunun yaranmasına dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. Hətta iddia ərizəsindən göründüyü kimi, iddiaçı həmin evdə heç yaşamamışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Qeyd edlidiyi kimi, iddiaçı həmin evdə heç yaşamamış, həmin evə cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır, iddiaçı hətta həmin evə köçürülməsini deyil, istifadə hüququnun tanınmasını və qeydiyyata düşməsini istəyir, halbuki ikinci tələb ümumiyyətlə evin sahibinə yönələ bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar