Məhkəmə qərarları › İş №2(008)-4735/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4735/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4735/2024 29.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehn iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4900 manat məbləğində pulun və 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qonşusudur. Cavabdeh 2022-ci ilin noyabr ayında dedi ki, oğlu avtoqəza törədib, bu səbəbdən də ona borca 6000 manat pul lazımdır. O, da ona inanıb güvədiyi üçün 6000 manat borc vermək qərarına gəldi. Cavabdeh əmin etdi ki, aldığı 6000 manat borcu hər ayın 29-u 200 manat olmaqla hisə-hissə qaytaracaq. xx.xx.2022-ci il tarixdə o, bacısı X2 evində onun da iştirakı ilə cavabdehə 6000 manat borca pul verdi. Cavabdeh da 6000 manat borca pul aldığını, həmin borcu hər ayın 29 olmaqla, aylıq 200 manat qaytaracağı barədə dəftər vərəqindən yazıb imza etdi. Həmin gündən sonra 12 ay ərzində, hissə-hissə - 400 manat, 50 manat, 60 manat, 100 manat, 40 manat, 100 manat, 150 manat və sonuncu dəfə 200 manat olmaqla, ümumilikdə 1100 manat pul qaytardı. 2023-cü ilin may ayından bu günə kimi Cavabdeh borcunu ödəməkdən yayınır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qismən qəbul edərək 3700 manat borcunun olduğunu, qeyd edilən məbləğlər də əlavə 200 manat ödədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma ilə xx.xx.2022-ci il tarixdə icra edilmiş qəbzdən görünür ki, cavabbdeh iddiaçıdan 6000 manat məbləğində pulu götürmüş, müxtəlif vaxtlarda 1100 manatı qaytarmışdır. Həmin əlyazmanın cavabdeh tərəfindən icra edildiyini cavabdeh də etiraf etmişdir. Cavabdeh əlavə olaraq 200 manatı qaytardığın iddia etsə də, ona dair sübtu məhkəmə təqdim etməmişdir. Hazırda iddiaçı 4900 manatın cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Tərəflərin arasında yazılı borc müqaviləsi olmamışdır (məbləğ 3000 manat artıq olmuşdur). Odur ki, məhkəmə hesab edir ki, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Həmin Məcəllənin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 4900 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda 70 manat dövlət rüsumunun tutulmasını istəyir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, 70 manat rüsum cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehnndan 4900 manat pul və 70 manat dövlət rüsumu İddiaçınun xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar