Məhkəmə qərarları › İş №2(008)-4766/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4766/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4766/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14500 manat borc puldan qalan 3500 manat borcun, vurduğu mənəvi ziyana görə 2000 manat olmaqla ümumilikdə 5500 (beş min beş yüz) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 75 (yetmiş beş) manatın alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasının Culfa rayon Teyvaz kəndində doğulmuş Cavabdeh onun sinif yoldaşı olmuşdur. 2023-cü ildə səhhəti ilə bağlı Bakı şəhərində müalicədə olarkən yanına gəlib baş çəkmiş, sonra isə ondan bir-iki aylığına biznesində yaranan çətinliyə görə 15000 manat borc istəmişdir. İlkin olaraq ona 6000 manat, Naxçıvana qayıtdıqdan sonra 2023-cü ilin avqust ayında Arazın qaynı vasitəsilə 8500 manat borc pul göndərmişdir. Sonra Araza ona tikinti şirkətlərinə elektrik işi gördüyünü və bunun qarşılığında onlardan mənzil aldığını bildirib ona əlavə pul da vermək şərtilə ev təklif etmiş, iddiaçı bununla bağlı Bakıya gəlmiş, lakin sənədləşmədən yayındığı üçün məqsədinin ondan əlavə pullar almaq olduğunu hiss etdiyindən həmin təklifdən imtina etmiş və borcunu tələb etmişdir. Araz müxtəlif bəhanələrlə borcu qaytarmağı gecikdirmiş, cavabdehin qardaşına, atasına zəng edəndən sonra ona hissə-hissə olmaqla 11000 manat pul qaytarmışdır. Qalan 3500 manat borcu qaytarmaqdan yayınır. Əksinə ona qarşı kobudluq edərək, get nə edirsən et deyir. Cavabdehin etdiyi hərəkətlərə görə həddən artıq əsəb və stress keçirmişdir. Cavabdehin bu hərəkətlərindən əsəb keçirdiyini və bir müddət müalicə almışdır. Odur ki, mənəvi zərər olaraq ona vurulmuş ziyanı tələb edir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı etiraz ünvanlayaraq, İddiaçı tələbinin tamamilə əsassız və qanunsuz olduğunu, iddia ərizəsində göstərilən əsasların cəfəngiyyat olduğunu bildirmişdir. Belə ki, cavabdehin ondan 15000 manat borc pul verməsini xahiş etdiyini, iddiaçı ona hissə-hissə ümumilikdə 14500 manat borc verdiyini, cavabdeh isə həmin pul məbləğindən 11000 manatını geri qaytardığını, qalan 3500 manat borcu isə qaytarmaqdan imtina etdiyini bildirmişdir. Lakin O, İddiaçı 14500 manat deyil, ümumilikdə hissə-hissə 11000 (on bir min) manat borc pul götürmüş və daha sonra həmin borcu geri qaytarmışdır. Həmin pul məbləğinin geri qaytarılması faktını iddiaçı özü ərizəsində təsdiq edir. 14500 manat borc verməsi ilə bağlı iddia tamamilə absurddur, nəyə görə 3500 manat artıq pul hesablaması məlum deyil. Borc məbləği üç min manatdan artıq olduqda yazılı müqavilənin bağlanması məcburidir (imperativ normadır), yəni qanunvericilik hər-hansı seçim qoymamışdır. Bu səbəbdən iddiaçı əgər 14500 manat borc vermişsə cavabdeh ilə borc müqaviləsi bağlamalı idi. Müqavilənin bağlanmaması onun həmin borcun verməsi faktını təkzib edir. Həmçinin iddiada borc məbləği vaxtında qaytarılmadığından stressdən əziyyət çəkməsi, müalicə alması və dəymiş mənəvi zərərə görə 2000 manat pul məbləğində kompensasiya olaraq tələb edilir. Artıq iddiaçının həmin pul məbləğində borc verməməsi faktı yuxarıda qeyd edilən əsaslardan öz təsdiqini tapmışdır. İddiaçı əsəb müalicəsi aldığına istinad etmişdir, lakin məhkəməyə müalicə alması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Bu isə yenə ona dəlalət edir ki, iddiaçının tələbi cəfəngiyyatdır. İddiaçının əsas məqsədi hazırki vəziyyətdə istifadə edərək, əsassız varlanmaqdır. Sonuncu olaraq, məhkəməyə təqdim etdiyi whatsapp yazışmaları həqiqəti əks etdirmir. Həmin yazışmalar cavabdeh və iddiaçı arasında aparılmamışdır. Həmin yazışmalar hansı şəraitdə və nə vaxt aparılması məlum deyildir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Whatsapp tətbiqi vasitəsilə İddiaçı ilə +**********52 nömrəli abonent arasında olan yazışmadan çıxarışdan görünür ki, +**********52 nömrəli abonent toplam olaraq 14500 borcu olduğu, 4000 manat qaldığını, 500 manat verdiyini toplam 11000 manat ödədiyini və 3500 manat borc qaldığını qeyd etmişdir. İş materiallarında olan Azemis” Elektron məhkəmə informasiya sistemindən Cavabdeh adına olan mobil nömrələr barədə sorğudan görünür ki, +**********52 nömrə onun adına olan nömrələr sırasındadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qanunvericiliyin tələblərindən və iş materiallarından göründüyü kimi tərəflər arasında borc pulun verilməsi ilə bağlı şifahi olaraq müqavilə bağlanmış, cavabdehə məxsus telefon votsap yazışmalarına əsasən onun iddiaçıdan 14500 manat borc pul aldığı və həmin məbləğdən 11.000 manatını qaytardığını hazırda 3500 manat borcu qaldığını etiraf etmişdir. Yəni cavabdeh heç bir qanuni əsas olmadan iddiaçıya məxsus 3500 manat pul məbləğini özündə saxlamaqda davam edir. Beləliklə iddia tələbi 3500 manat pulun cavabdehdən tutularaq qaytarılması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin 2000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması ilə bağlı hissəsini qismən əsaslı hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında aşağıdakılar göstərilmişdir: “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. İş materiallarından iddiaçının dəfələrlə Bakı şəhərinə gəlməsi, şifahi və yazılı votsap platforması üzərindən danışıqlar aparması və sonda məhkəməyə müraciət etməsi məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində olduğundan iddiaçı bununla bağlı mənəvi sarsıntı keçirməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 3500 manat məbləğində pul və mənəvi zərərə görə isə 300 manat dəymiş ziyan Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun 55 manat hissəsi cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat borc, mənəvi zərər olaraq 300 manat və 55 (əlli beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar