Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4780/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2016-cı il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Sabunçu rayon Məhkəməsinin 2(008)-4130/2016 №-li, xx.xx.2016-cı il tarixli qətnaməsilə təyin edilmiş alimentin məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində ailimentın, mediyasiya prossesi üçün ödədiyi 61 manat pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflərin birgə nikahlarından iki uşağı doğulmuşdur: xx.xx.2016-cı il tarixdə X5, xx.xx.2015-ci il tarixdə X3. Sabunçu rayon Məhkəməsinin 2(008)-4130/2016 №-li, xx.xx.2016-cı il tarixli qətnaməsilə uşaqların saxlanması üçün cavabdehin əmək həqqının 1/3 hissəsi məbləğində alimentin alimentin tutulması qət edilmişdir. Hesab edir ki, yaşayış minimumu artdığından və uşaqların yaşının artması səbəbindən alimentin məbləği də artırılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, mediasiya xərcinin tutulmasını istəmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qeyd etdi ki, onun ikinci evlilikdən dörd uşağı var, onların biri xəstədir, işləyir, təxmini 700-800 manat əmək haqqı alır, iki uşaq üçün 300 manat aliment ödəməyə razıdır. Eyni zamanda qeyd etdi ki, altı uşağı saxlaya bilmək üçün işləməyə Almaniya Respublikasına getməyə hazırlaşır. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşağı var: xx.xx.2016-cı il tarixdə X5, xx.xx.2015-ci il tarixdə X3 (378462 və 513209 №-li doğum haqqında şəhadətnamələr). Sabunçu rayon Məhkəməsinin 2(008)-4130/2016 №-li, xx.xx.2016-cı il tarixli qətnaməsilə uşaqların saxlanması üçün cavabdehin əmək həqqının 1/3 hissəsi məbləğində alimentin (təxmini hər ay iki uşaq üçün 216 manat) tutulması qət edilmişdir. Elektron məhkəmə sistemindən iddiaçının işləmədiyi, cavabdehin "xxxx" MMC-də yardımcı fəhlə vəzifəsində işlədiyi və 400 manat məbləğində əmək haqqı aldığı, heç bir əmlakının olmadağı görünür. Özünün bildirdiyinə görə faizlərlə birlikdə təxmini 700-800 manat məbləğində əmək haqqı alır. Cavabdehin başqa evlilikdən yetkinlik yaşına çatmamış dörd uaşağı var: xx.xx.2016-cı il tarixdə doğulmuş X6 (AZ-İİİ seriyalı 831780 №-li doğum haqqında şəhadətnamə), xx.xx.2019-cu il tarixdə doğulmuş X4 (AZ-İV seriyalı 269868 №-li doğum haqqında şəhadətnamə), xx.xx.2021-ci il tarixdə doğulmuş X8 (AZ-İV seriyalı 575476 №-li doğum haqqında şəhadətnamə), xx.xx.2022-ci il tarixdə doğulmuş X7 (AZ-İV seriyalı 823932 №-li doğum haqqında şəhadətnamə). xx.xx.2016-cı il tarixdə doğulmuş X6 «neyrofibromatoz İ tip, tora qişanın angioması» diaqnozu ilə Milli Oftalmologiya Mərkəzində qeydiyyatdadır. Hazırda iddiaçı alimentin məbləğinin dəyişdirilməsi və hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx.xx.2023-cü il tarixdə qəbul edilmiş və xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ilə cavabdehin uşaqları elə bir yaş dövründədilər ki, onların ildən ilə tələbatları əhəmiyyətli dərəcədə artmaqdadır. Belə ki, onların hər ikisi məktəblidir, fiziki baxımdan ildən ilə böyüməkdədilər, onların bədən, ayaq ölçüləri surətlə artmaqdadır, bu isə onların geyimlərinin tez-tez təzələnməsi deməkdir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdeh bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatlarını təmin etməlidir. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, "...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. "Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanun Azərbaycan Respublikasında yaşayış minimumunun müəyyənləşdirilməsinin, ona dövlət təminatının, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq yaşayış minimumunun yüksəldilməsinin prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.2, 1.0.3-cü maddələrinə görə yaşayış minimumu- minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Əhalinin əsas sosial-demoqrafik qrupları- yaş-cins əlamətlərinə, sosial vəziyyətlərinə görə fərqlənən əhali qrupları (əmək qabiliyyətli əhali, pensiyaçılar, əlilliyi olan şəxslər, uşaqlar və s). Lakin, məhkəmə konkret hazırki işin hallarına dair qeyd etmək istəyir ki, cavabdehin bu iki uşaqdan başqa dörd yetkinlik yaşına çatmamış uşağı var, onlardan biri xəstədir, iddiaçı ilə cavabdehin uşaqları böyük olmaların baxmayaraq, iddiaçı işləmir, halbuki uşağın saxlanılması hər iki valideynin vəzifəsidir. Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən üç və daha çox uşağa görə qazancın yarısı miqdarada aliment tutulur. Yəni, qanunun mənasına görə uşağın sayının üçdən çox olduğu halda qazancın yarısından çox alimentin tutulması nəzərdə tutulmamışdır. Hazırda cavabdeh ən çox 800 manat məbləğində əmək alır (rəsmi 400 manat) və bu əmək haqqı ilə altı uşağa baxmaq vəzifəsi var. Digər dörd uşağın olması birinci evlilikdən olan uşaqların saxlanması öhdəliyindən onu azad etmir. Cavabdeh iki uşağa 300 manat aliment ödəyə bilidyini bildirmişdir. Lakin, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, təyin edilmiş alimentin ödənilməsi real olmalıdır, cavabdehi öhdəsindən gələ bilməyəcəyi vəzifə ilə yükləmək yalnız altı uşağın hüquqlarının pozulması ilə nəticələnə bilər. Belə ki, onun ölkədən getmək hüququ məhdudlaşa bilər, halbuki o, qazanc əldə etmək məqsədilə xarici ölkəyə getmək niyyətindədir, inzibati qadada cərimə edilə bilər, halbuki cəmin məbləği uşaqlarının dolanışığına yönəldə bilər. Məhkəmə eyni zamanda qeyd etmək istəyir ki, hazırki iş üzrə cavabdeh vicdanlı bir atadır, o, uşaqlarını saxlamaqdan yayınmır, onun rəsmi əmək haqqı 400 manat olduğu halda əmək haqqının 700-800 manat olduğunu səmimi bildirmişdir, halbuki bu halın sübut edilməsi onun səmimi etirafı olmadığı təqdirdə çətin və ya mümkünsüz ola bilərdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bir illik alimentin artırılmış məbləği 1608 manat təşkil edir (175 manat x 2 uşaq x 12 ay = 4200, 216 manat x 12 ay = 2592 manat, 4200 manat - 2592 manat = 1608 manat). 1608 manat iddi tələbi üçün 36,08 manat məbləğdə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğundan və həmin məbləğ ödənilmiş 50 manat mediasiya xərcindən az olduğunu görə cavabdehdən dövlət nəfinə rüsum tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində ailiment alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4780/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4780/2024
08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver