Məhkəmə qərarları › İş №2(008)-4782/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4782/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4782/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 33000 manat əsas borc, AR Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq yarım il üçün 825 manat, icra qeydinin verilməsi üçün ödənilmiş 25 manat və 189 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 34039 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə təxminən 3 ilə yaxın müddətdir ki, tanışdır. Keçən il cavabdehlə söhbətlərinin birində o, təcili xeyli miqdarda pula ehtiyacı olduğunu bildirdi. İddiaçı onun Kəlbəcər rayonunun orta məktəblərinin birində direktor vəzifəsində işlədiyini bilirdi. Cavabdehin maddi vəziyyəti ondan pul borc alana qədər yaxşı olduğundan ona nə qədər pul lazım olduğunu soruşdur. Cavabdeh də 33000 manat məbləğində pul lazım olduğunu bildirdi. Onun əvvəlki davranışına və sözlərinə inanaraq iddiaçı ona pul verməyə razılaşdı. Cavabdeh bildirdi ki, problemlərinin həlli üçün ona 33.000 manat pul lazımdır. İddiaçı da Bakı şəhərində yerləşən 51 saylı X2 kredit müqaviləsinə əsasən 33.000 manat pulu borc verdi. Həmin Kredit Müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh xx.xx.2021-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilən müddət başa çatdıqdan sonra da cavabdeh pulu qaytarmadı. Bundan sonra, iddiaçı notariat kontoruna icra qeydinin verilməsi üçün ərizə ilə müraciət etdi. xx.xx.2022-ci il tarixli İcra Qeydinə əsasən cavabdehdən 33025 manat pulun tutulması təklif edilmişdir. Mülki Məcəllənin 445.6-cı maddəsinə görə gecikdirmə zamanı borclu məsuliyyət daşıyır. Müvafiq halda Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməməsi və borcunu qaytarmaması nəticəsində iddiaçı xeyli miqdarda maddi itkilərə məruz qalmışdır. Hesab edir ki, bu itkilər də cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh tərəfindən hal-hazırki iddia üzrə ödənilməsini tələb etdiyi məbləğ 33850 manat (əsas borc 33.000) + illik 5% olmaqla 6 aylıq 825 azn +25 azn icra qeydi üçün ödənilən məbləğ) (otuz üç min səkkiz yüz əlli) və 189 manat ödənilmiş dövlət rüsumunun əvəzi təşkil edir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etmişdir ki, o, iddiaçıdan pulu borca almamışdır. Onlar ikisi birlikdə pul qazanmaq məqsədilə bir işə girmişdilər, pulları cavabdehin bacısı oğluna vermişdilər. Sonuncu pulları götürüb Azərbaycandan qaçmışdır. O, özü də ziyana düşmüşdür. Lakin, buna baxmayaraq, 33000 manatı mütləq qaytaracaq. Hazırda işə bərpa ilə əlaqədar iddiası birinci instansiyası məhkəməsində təmin edilmiş, iş apellyasiya məhkəməsinin icraatındadır. İşə bərpa olunan kimi xeyli miqdarda əmək haqqı alacaq, o zaman bütün məbləği iddiaçıya qaytaracaqdır. İddiaçı işin mahiyyətinin əslində belə olduğunu inkar etməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə 33000 manat pul borc vermiş, cavabdeh xx.xx.2021-ci il tarixədək qaytyracağını öhdəsinə götürmüşdür. Həmin müqavilə Bakı şəhəri 51 saylı notariat ofisində notarius tərəfindən təsdiq edilmişdir. Hazırda iddiaçı cavabdehdən 33000 manat əsas borc, AR Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq yarım il üçün 825 manat, icra qeydinin verilməsi üçün ödənilmiş 25 manat və 189 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 34039 manat pulun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsini qanuni və əsaslı hesab edir. Azırbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh 33000 manat pulu qaytarmalıdır. Lakin, məhkəmə hesab edir ki, iddia AR Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq yarım il üçün 825 manatın tutulması hissəsində rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Qeyd edildiyi kimi, cavabdeh pul məbləğini qanunsuz saxlamamış, onu qaytarmaqdan boyun qaçırmamış, iddiaçı kimi cavabdeh də ziyana düşmüşdür. Ona görə 825 manat tutulmamalıdır. İddiaçı eyni zamanda icra qeydinin verilməsi üçün ödənilmiş 25 manat və 189 manat ödənilmiş dövlət rüsumunun əvəzinin də tutulmasnı istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1 -ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, icra qeydinin verilməsi üçün ödənilmiş 25 manat məhkəmə xərci deyil və həmin məbləğ iddiaçıya aid ediməlidir, lakin 189 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 33000 manat borc və 189 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İcra qeydinin verilməsi üçün ödənilmiş 25 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar