Məhkəmə qərarları › İş №2(008)-4783/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-4783/2024

12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4783/2024 12.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 900 manat məbləğində pulun və 30 manat dövlət rüsumun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2023-cü il tarixdə 1 №-li müqavilə bağlamışdır. Həmin müqavilənin 1.1 bəndinə əsasən "İcraçı" Almaniyada Ausbildung peşə təhsili almaq istəyində olan “Sifarişçi”-nin seçdiyi və təklif olunan peşəyə qəbul olunması üçün vasitəçilik xidməti göstərməyi, '‘Sifarişçi" isə bu müqavilədə razılaşdırılmış xidmət haqqını “İcraçıya” ödəməyi öhdəsinə götürmüşdür. Tərəfindən müqavilənin 3-cü bəndinə əsasən xidmət dəyərinin 50%-i 900 manat dərhal cavabdeh tərəfindən verilmiş bank kartı hesabına ödənilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərin icrasından yayınmış və müqavilə şərtlərinə əməl etməmişdir. Dəfələrlə müraciətlərinə baxmayaraq ödənilmiş məbləği geri qaytarmaqdan imtina etmişdir. Sonuncu dəfə cavabdehə rəsmi şəkildə pretenziya ünvanlamış, lakin cavabdeh yenə də vurmuş maddi zərəri ödəməkdən yayınmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh isə məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh MMC xx.xx.2016-cı il tarixdə dövlət qeydiyyatın alınmışdır, qanuni təmsilçisi X2r. İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 1 №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1 bəndinə əsasən "İcraçı" Almaniyada Ausbildung peşə təhsili almaq istəyində olan “Sifarişçi”-nin seçdiyi və təklif olunan peşəyə qəbul olunması üçün vasitəçilik xidməti göstərməyi, '‘Sifarişçi" isə bu müqavilədə razılaşdırılmış xidmət haqqını “İcraçıya” ödəməyi öhdəsinə götürmüş, 2.3 «İcraçı»nın vəzifələri: “Sifarişçi”-yə viza dəstəyinin verilməsi, viza görüşlərinin təyin edilinəsi, viza müsahibələrinə hazırlıq, tələb olunan sənədlər barədə məlumatlandırma, qəbulla bağlı hər mərhələdə atılacaq addımlarla bağlı dəstək verilməsi; “Sifarişçi” üçün blok hesabın açılmasına dəstək və istifadəsi üçün təlimatın verilməsi (tələb olunarsa) “Sifarişçi”-ə qəbul olduğu təhsil müəssisəninə qeydiyyat və eləcə də nəqliyyat marşurutu barədə tövsiyyələr vermək Alman siğorta şirkətində sigortalanmağa dəstək. Ünvan və bank məlumatları dəyişərsə, bu barədə Sifarişçini məlumatlandırmaq. 3.1-ci bəndinə əsasən müqavilənin ümumi 1800 manat məbləğində müəyyən edilmiş, Ödənişin 50% müqavilə bağlandıqda dərhal ödənilməsi,ödəmənin qalan hissəsinin ausbildung prosesinə başlanıİdıqdan 3 iş günü müddətində ödənilməlməsi nəzərdə tutulmuşdur. Müqaviləni cavabdehin direktoru X3 imzalamışdır. İddiaçı özünə məxsus 5243****4239 №-li kartından cavabdeh şirkətin direktoru Murad Qarayevin 416973****4853 №-li kartına xx.xx.2023-cü il tarixdə (müqavilə bağlanan gün) 900 manat pul vəsaiti köçürmüşdür. Elektron məhkəmə sistemindən İddiaçı ölkə hüdudlarını Almaniya istiqamətində tərk etdiyinə dair məlumat aşkar edilməmişdir (yalnız Astara DSBMyə çıxışı-girişi olmuşdur). İddiaçı tərəfindən təqdim edilmiş diskdən iddiaçı tərəfindən 900 manatın ödənildiyi və cavabdehin üzərinə düşən öhdəlikləri icra etmədiyi müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən 900 manat məbləğində borcun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın təmin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, iddiaçı ilə cavabdehin arasında müqavilə bağlanmış, iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh müqavilə şərtlərini pozmuş və əsassız əldə etdiyi 900 manatı iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Cavabdeh tərəfindən müqavilənin icra edilməməsi aşağıdakı hallarla müəyyən edilir. Əvvəla, iddiaçı Almaniyaya getməmişdir. Bundan başqa, qeyd edildiyi kimi, ödənişin qalan hissəsinin ausbildung prosesinə başlanıİdıqdan 3 iş günü müddətində ödənilməsi nəzərdə tutulmuş, iddiaçı bu məbləği ödəməmiş, cavabdeh tələb etməmişdir. Bu hal da ausbildung prosesinə başlanıİmadığına dəlalət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, 900 manat təmin edildiyindən, 30 manat dövlət rüsumu Cavabdeh MMC undan tutularaq cavabdehə ödənilməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 900 manat məbləğində pul və 30 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar