Məhkəmə qərarları › İş №2(008)-4809/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4809/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4809/2021 27.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2372 manat əsas borc, 350.46 manat faiz borcu, 0.55 manat cərimə borcu olmaqla, cəmi 2723.01 manat borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.09.01.2020-ci il tarixli, 2356nkAHM/20 saylı kredit müqaviləsinə əsasən, sonuncuya şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 2372 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faiz ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq, cavabdeh borcun qaytarılması istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22.09.2020-ci il tarixli, 2356nkAHM/20 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh 36 ay müddətinə (22.09.2023-cü il tarixədək) illik 25 faiz dərcəsi ilə 2372 manat məbləğində kredit verilmişdir. - 15.01.2020-ci il tarixli, 2356nkAHM/20 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 22.10.2020-cu il tarixdən 22.03.2021-ci il tarixədək hər ay 49.50 manat, 22.04.2021-ci il tarixdən 22.08.2023-cü il tarixədək 108 manat, 22.09.2023-cü il tarixdə 78.50 manat olmaqla, ümumilikdə 3507.50 manat banka ödəniş etməlidir. - 19.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə 2372 manat əsas borc, 350.46 manat faiz borcu, 0.55 manat cərimə borcu olmaqla, cəmi 2723.01 manat məbləğində borcu vardır. - 27.04.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi barədə rəsmi qaydada xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən, iddia təmin edilərək, 15.01.2020-ci il tarixli, 2356nkAHM/20 saylı kredit müqaviləsi üzrə banka 2372 manat əsas borc, 350.46 manat faiz borcu, 0.55 manat cərimə borcu olmaqla, cəmi 2723.01 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 22.09.2020-ci il tarixli, 2356nkAHM/20 saylı kredit müqaviləsi üzrə 2372 (iki min üç yüz yetmiş iki) manat əsas borc, 350.46 (üç yüz əlli manat qırx altı qəpik) manat faiz borcu, 0.55 (əlli beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 2723.01 (iki min yeddi yüz iyirmi üç manat bir qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar