Məhkəmə qərarları › İş №2(008)-4810/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4810/2023

01.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4810/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus olan “Haval H2” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş 6133 (altı min yüz otuz üç) manat maddi ziyanın və 82 (səksən iki) manat dövlət rüsumunun, cəmi 6215 (altı min iki yüz on beş) manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh2 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələbini pozaraq etibarnamə ilə idarə etdiyi Cavabdeh1 mülkiyyətində olan “Hyundai Avante” Markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə, saat 14:40 radələrində Bakı şəhəri Q.Qarayev prospekti əsas yolun orta zolağı ilə Ş.Mirzəyev küçəsi istiqamətində hərəkət edərkən sürətlə ona məxsus “Haval H2” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasından vurmuş və qəzanın təsirindən iddiaçının avtomobili qarşıda dayanan avtomobilə dəyməklə avtomobilə həm arxa hissəsindən həmçinin qarşı tərəfindən ciddi ziyan dəymişdir. Hadisə zamanı iddiaçı fiziki xəsarət almasa da, avtomobillərə maddi ziyan dəymişdir. Cavabdeh2 bu hərəkəti xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan da göründüyü kimi yol hərəkəti qaydalarını kobud surətdə pozduğu öz təsdiqini tapmışdır. Nizami RPİ-nin baş təhqiqatçısı Mehrac Niftəliyev tərəfindən Cavabdeh2 qəbul edilmiş qərara əsasən Cavabdeh2 AR-nın İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün material Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami rayon məhkəməsinə göndərilmişdir. Belə ki, iddiaçının avtomobilindən əlavə qarşısında olan avtomobilə də ziyan dəymişdir ki, cavabdehin icbari sığortası 5000 manatın bir hissəsini X1 və bir hissəsini də iddiaçıya ödəmişdir. Belə ki, icbari sığorta iddiaçıya 4000 manat digər zərərçəkmişə isə 1000 manat ödəniş etmişdir. Lakin təqdim etdiyi servis aktından və digər qiymətləndirmə sənədlərindən göründüyü kimi iddiaçıya ümumilikdə 10133 (on min yüz otuz üç manat) ziyan dəymişdir ki, bunun da 4000 manatı icbari sığorta ödəmişdir. Cavabdeh hər dəfə avtomobili təmir edəcəyinə dair vədlər verməyinə baxmayaraq bir müddət sonra telefonlara belə cavab verməmişdir. Hazırda avtomobili iddiaçı xeyli müddət gözlədikdən sonra özü təmir etdirmiş. Ümumilikdə təmirə 12.000 manatdan çox vəsait çıxmışdır. Avtomobil yeni oldğundan və ehtiyat hissələri Azərbaycanda olmadığından çox baha olmuşdur. Belə ki, əksəriyyət hissələr sifarişlə ustalar gətirmişdir. «Azərbaycan Avtomobiles QSC»-nin arayışından görünür ki, baş vermiş YNH ilə əlaqədar iddiaçıya məxsus olan 2020-ci il buraxılışlı “Haval H2” markalı **- OY-*** dövlət qeydiyyat nişanlı avtomaşına 10133 (on min yüz otuz üç manat) pul məbləğində dəymiş ziyan hesablanmışdır. Həmin vəsaitin 4000 manat olan hissəsini cavabdehə məxsus icbari sığorta tərəfindən ödənilmişdir. Tərəfindən cavabdehlərə avtomobilə dəymiş ziyanı ödəməyi xahiş etsədə onlar tərəfindən heç bir addım atılmamışdır. Hazırda iddiaçıya cavabdeh tərəfindən 6133 (altı min yüz otuz üç) manat maddi ziyan ödənilməmiş qalmışdır. Avtomobili yararsız hala düşmüşdür. Bundan əlavə avtomobili yararsız vəziyyətdə olduğuna görə ödənişli nəqliyayt vasitələrindən istifadə edib. Ümumilikdə bu dövr ərzində iddiaçıya 1000 manat əlavə xərcləri yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər, məhkəmə iclasında iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən qəbul edilən 24 avqust 2022-ci il tarixli qərardan görünür ki, Cinayət işinin başlanmasını rədd edilmişdir. İş materiallarında olan "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli BS-C- 22/3879 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində “Haval H2” markalı, ** OY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 5250 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan «Azərbaycan `Avtomobiles QSC»-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, baş vermiş YNH ilə əlaqədar iddiaçıya məxsus olan 2020-ci il buraxılışlı “Haval H2” markalı **-OY-*** dövlət qeydiyyat nişanlı avtomaşına 10133 (on min yüz otuz üç manat) pul məbləğində dəymiş ziyan hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 01/02-271 BS nömrəli "xxxx" ASC-yə olan müraciət məktubundan görünür ki, İddiaçı məxsus “Haval H2” markalı ** OY *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində dəymiş zərərin həcmi 9258 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli AZ0013839 nömrəli Ödəniş tapşırığından görünür ki, Bakı Sığorta ASC tərəfindən İddiaçı İslam qızına 4038,46 manat ödənilmişdir. İş materiallarında olan 16 oktyabr 2023-cü il tarixli 9/7188 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" QSC-nin tərəfindən xx.xx.2022-ci il tarixli qüsur aktındaki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “Haval H2” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9667,0 manat müəyyən edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Qanunun tələbindən də göründüyü kimi Cavabdeh2 idarə etdiyi Cavabdeh1 məxsus “Hyundai Avante” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avomobili 7E-8828 reyestr nömrəli etibarnamə əsasında idarə etdiyindən Cavabdeh2 iddiaçı qarşısında özü məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh2 5667 manat dəymiş zərər və 76,67 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 5667 manat maddi ziyan və 76,67 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Ekspertiza xərci olaraq 50 manat pul cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar