Məhkəmə qərarları › İş №2(008)-4813/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4813/2021

29.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4813/2021 29.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İB – Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB-nə vurulmuş 769 (yeddi yüz altmış doqquz) manat məbləğində dəymiş zərər və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ümumilikdə isə 799.4 (yeddi yüz doxsan doqquz manat, qırx qəpik) manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 06.04.2020-ci il tarixli, 04-66 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Qeyd olunan ünvana İddiaçı İB tərəfindən **********00070 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı, **********4 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin, Qazdan istifadə qaydalarının 6.5 bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və Qaz təchizatı haqqında qanunun 6.2-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Belə ki, 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 561,60 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda ümumi olaraq 769.40 (yeddi yüz altmış doqquz manat, qırx qəpik) manat təşkil etməkdədir. Hazırda müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə və qanunazidd hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Sonradan iddiaçının nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək 2(008)-4813/2021 saylı mülki iş üzrə Cavabdeh 06/2021-ci il tarixinə kimi İddiaçı İB-yə olan ümumi borcu 1528,20 manat təşkil edir. Həmin borcun: 561,60 manat hissəsi cavabdehin qaz xəttinə qanunsuz qoşulması nəticəsində tərtib edilmiş akta əsasən hesablanmış borc məbləği, 925,80 manat hissəsi 03/2020-ci il tarixindən 06/2021-ci il tarixinə kimi faktiki istehlak olunmuş qaz sərfiyyatına görə yaranmış debitor borc məbləği, 40,80 manat hissəsi 2020 və 2021-ci illər tarixində yeni tarif keçidlə əlaqədar yaranmış borc məbləğidir. Cavabdeh 03/2020-ci il tarixindən bugünə kimi heç bir ödəniş etməmişdir. Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1528,20 manat məbləğində dəymiş ziyanın və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 1558,20 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etdişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 06.03.2020-ci il tarixli, 04-66 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri(hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, **********00070 abonent kodu olan Cavabdeh qazdan istifadə və aktlar üzrə cəmi 1528,20 manat məbləğində borc hesablanmışdır. - X2 30.03.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 6 ünvanında quraşdırılmış sayğacda qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 1,2x24x90=2592 m3, 1.4x24x90=3024 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 30.03.2020-ci il tarixli ******* saylı akt olmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.03.2020-ci il tarixli ******* saylı aktından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 6 ünvanında yerləşən istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən məznildə qaz sayğacı quraşdırılan tarixədək vətəndaş təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 06 mart 2020-i il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, G-4 markalı **********4 nömrəli mexaniki tipli sayğac istehlakçı Cavabdeh olmaqla Bakı şəhəri, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 6 ünvanına quraşdırılmışdır. - İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, qazdan qeyri-qanuni olaraq kənar xəttdən qanunsuz olaraq istifadə edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Belə ki, iş materiallarında olan dəymiş ziyanın bərpasına dair 30.04.2020-ci il tarixli tələbnamədə hesablama orta günlük iş rejimi kimi 24 saat nəzərə alınmasını məhkəmə şişirdilmiş kimi qəbul edərək hesab edir ki, hesablanmalı orta günlük iş rejimi 6 saat nəzərə alınması daha ağıla batan hesab edilir. Bu zaman 1.2x6x90=648, 1.4x6.x90=756 olarsa, cəmi 1404 m3 olmaqla itirilmiş qaz bərpası hesablanmalı və alına rəqəmi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 qəpikə vurulmalıdır. Bu zaman isə cavabdeh tərəfdən iddiaçıya dəymiş zərər 140,4 manat məbələğində olması müəyyən edilir. Bundan əlavə iddiaçının cavabdeh 03/2020-ci il tarixdən 06/2021-ci il tarixədək faktiki istehlak olunmuş qaz sərfiyyatına görə yaranmış debitor borc məbləği hissəsində iddiası əsaslıdır, həmin hissədə iddia təmin olunmalıdır. Belə ki, abonentin saldosundan görünür ki, 03/2020-ci il tarixdən 06/2021-ci il tarixədək abonent tərəfindən faktiki istehlak olunmuş qaz sərfiyyatına heç bir ödəniş edilməmişdir. 03/2020-ci il tarixdən 12/2020-ci il tarixədək fatiki sərfiyyatdan yaranmış borc 542.60 manat və yeni tarifə keçid ilə əlaqədar yaranmış borcun isə 15.20 olduğu, 01/2021-ci il tarixindən 06/2021-ci il tarixədək tarixədək fatiki sərfiyyatdan yaranmış borc məbləğinin 383.20 manat və yeni tarifə keçid ilə əlaqədar yaranmış borcun isə 25.60 manat olduğu, cəmi cavabdeh **********00070 saylı abonent N.Məhərrəmovun istehlak olunmuş qaz sərfiyyatına görə 966.6 manat məbəğində borcu olması müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədədə əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh 140.4 manat həcmində dəymiş zərər və faktiki istehlak olunmuş qaz sərfiyyatına görə yaranmış debitor borc məbləği olan 966.6 manat İddiaçı İB-nin xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir və 20 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1107 (bir min bir yüz yeddi) manat məbləğində dəymiş zərər və ödənilmiş 20 (iyirmi ) manat dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar