Məhkəmə qərarları › İş №2(008)-4854/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4854/2025

11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4854/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 10 000 (on min) manat məbləğində pul və 120 (yüz iyirmi) manat dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Xırdalan şəhərində ipoteka yolu ilə ilkin ödəniş edərək, kreditə götürdüyü mənzili 2022-ci ilin noyabr ayında 25.000 manat məbləğinə satmışdır. Daha sonra “yeni.emlak” elan saytlarına daxil olaraq, satışda olan torpaq sahələrinə baxış keçirtmişdir. Bir elanda torpaq sahəsini görmüş, orada qeyd edilən mobil nömrə ilə əlaqə saxlamış, telefon zənginə cavab verən şəxs özünü Vüsal kimi təqdim etmiş, torpaq sahəsinə baxmaq üçün onu torpaq olan yerə dəvət etmişdir. İddiaçı da nişanlısı X3 ilə birlikdə torpaq sahəsinə baxmaq üçün getmişdir. Lakin torpaq sahəsi Ləhiş Bağlarında olduğu üçün infrastruk olmadığından bəyənməmişdir. Həmin gün Vüsal adlı şəxs ona dostu kimi təqdim etdiyi Cavabdeh1 Maştağa qəsəbəsi, X2 torpaq sahəsi satdığını bildirərək, mobil nömrələrini vermişdir. O, həmin şəxslə telefon əlaqəsi saxlayaraq, torpaq sahəsi barədə məlumat almışdır. Cavabdeh də ona Ramana Gülçülük savxosunda yolun kənarında “Pətək” marketin yanında 2 sot torpaq sahəsini 4 000 manata satdığını demişdir. İddiaçı torpaq sahəsinə baxmaq üçün Cavabdeh2la birlikdə Cavabdeh1la görüşüb torpaq sahəsinə baxış keçirtmişdir. O, torpaq sahəsini bəyənmiş və almaq qərarına gəlmişdir. Bu zaman Cavabdeh1 ona, həmin torpaq sahəsinin üzərində ev tikib verə biləcəyini bildirmişdir. Cavabdeh1 ondan torpaq sahəsinin pulundan əlavə evin inşaası üçün ilkin olaraq 6000 manat qalan hissəsini hər ay 1000 manat olmaqla, ümumilikdə 28 000 manat ödəyəcəyini bildirmişdir. O da Cavabdeh1la razılaşaraq, 17 saylı notariat kontoruna getmişdir. Həmin vaxt Cavabdeh2 və nişanlısı Kənan yanlarında olmuşlar. Cavabdeh1 ona torpaq sahəsinə dair etibarnamə vermiş, notariat kontorunun qarşısında 10 000 (on min) manat məbləğində pulu Cavabdeh1 vermişdir. Beləliklə həmin gündən bu günə qədər Cavabdeh1 müxtəlif bəhanələrlə ona nə torpaq sahəsini nə də ki, ona verdiyi 10 000 manat pulu ona geri qaytarmamışdır. Belə olan halda Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona 10 000 manat məbləğində ziyan dəymişdir. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4 maddələri ilə təqsirləndirilmişdirlər. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, 3000 manat ona dəymiş ziyan Cavabdeh2 tərəfindən ödənildiyini bildirmiş və Cavabdeh2 cavabdehlər siyahısından çıxarılmasını və 7000 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 cəzaçəkmə məntəqəsində olduğundan, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-37/2025 nömrəli xx.xx.2025-ci il tarixli Hökmündən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-328/2024 nömrəli hökmü ilə təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Cavabdeh2 qəti cəza - 2 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh2 3 ay 13 gün çəkmiş olduğu azadlığın məhdudlaşdırılması cəzasının 2 gününü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutaraq hesablamaqla 1 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını və 2 ay 9 gün həbsdə olduğu müddəti nəzərə alaraq ümumilikdə 4 ay 1 gün müddəti hazırki iş üzrə təyin olunmuş cəzadan çıxmaqla üzərində qəti olaraq 01 il 10 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış; Cavabdeh2 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmış, Cavabdeh2 barəsində seçilmiş “həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh1 2 ay 1 gün həbsdə olması nəzərə alınaraq həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 02 il 3 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən AR CPM-nin 44.2.1-ci maddəsinə əsasən barəsində cəza təyin edilməmiş, Cavabdeh1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. - Məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh1 ifadəsində İddiaçıla bağlı epizod üzrə 24 dekabr 2022-ci il tarixdə Cavabdeh2 adlı maklerin “tap.az” elan saytında yerləşdirdiyi elan əsasında görüşdüyü İddiaçı Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu ərazisində 3 sot torpaq sahəsini satmaq və içində 3 otaqlı ev inşa etmək adı ilə aldadıb 10.000 manat pulunu 17 saylı notariusun qarşısında alıb ələ keçirərək vədinə əməl etməmişdir. Həmin puldan 3000 manat ona çatmış, qalanını Vüsal götürmüşdür. - Məhkəmə iclasında təqsirləndirilən şəxs Cavabdeh2 ifadəsində İddiaçıla bağlı epizod üzrə o “tap.az” elan saytında Sabunçu rayonu, Ləhiç bağlarında özünə məxsus olan 6 sot torpaq sahəsini satmaq üçün elan yerləşdirmişdir. 2022-ci ilin təxminən dekabr ayının 20si ərəfəsində Aytac adlı qadın müştəri qismində onun elanda qoyduğu mobil nömrəyə zəng edərək həmin Ləhicdəki torpaq sahəsi ilə maraqlanmış, o da onunla Ləhic Bağları 9cu dalandakı torpaq sahəsində görüşmüşdür. Həmin torpaq sahəsinə baxıb bəyəndikdən sonra 3 sotunu almaq barədə maraqlanmışlar və o cəmi 4500 manata satacağını təklif etmişdir. Bir qədər müzakirə etsələr də Aytac yolun uzaq olması səbəbindən yekunda həmin torpağı almaqdan vaz keçmişdir, iki gün sonra onunla Aytac yenə əlaqə saxlayaraq Ramana tərəfdən torpaq və ya yarımtikili evlə birgə torpaq sahəsi olsa xəbər deməyini xahiş etmişdir. O da Cavabdeh1 bu barədə dedikdə İlqar ona Ramana qəsəbəsi, Şuşa qəsəbəsində 2 sot torpaq sahəsində evi tikib verə biləcəyini bildirmişdir. O da bu barədə Aytaca zəng edərək bildirmiş və həmin Ramana qəsəbəsi, Şuşa şəhərciyində “Pətək” marketin yaxınlığında torpaq sahəsinin yanında İlqarla birlikdə Avtac və əri ilə görüşmülər. İlqar həmin torpaq sahəsinin hər sotunu 4000 manata satdığını demişdir. Aytac yola da yaxın olduğu üçün torpaq sahəsini bəyənmiş və almaq istədiyini demişdir və ev tikilməsini İlqardan soruşduqda bu zaman İlqar Aytaca həmin torpaq sahəsinin üzərində ev tikib verə biləcəyini, biraz da endirim edəcəyini deyib ilkin olaraq 10.000 (on min) ödəsə qalan pulu da hər ay 1000 manat olmaqla ümumilikdə 28.000 manat ödəyəcəyini Aytaca təklif etmişdir. Aytac da razı olmuş və torpaq sahəsini almaq həm də üzərində 3 otaqlı evi inşa etmək üçün razılığa gəldikdən sonra Maştağa qəsəbəsində yerləşən 17 saylı notariat kontoruna gəlmişlər. Həmin vaxt o da onlarla getmişdir. İlqar orada torpaq sahəsinə dair etibarnamə vermiş, Aytac da yanında notariat kontorunun qarşısında 10.000 (on min) manat pulu ilqara ödəmişdir. İlqar ona müştəri tapdığına görə aldığı puldan 150 manat makler pulu ona vermişdir. Lakin İlqar vaxtında tikinti işini başlatmamış və verdiyi vədi yerinə yetirmədiyi üçün İddiaçı ondan şikayət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 tərəfindən aldadılaraq, 10000 manat pul məbləği mənimsənilmişdir. Bu halı təstiq edən hazırda qanuni qüvvəsini almış məhkəmə hökmü mövcuddur. Cavabdehlərin pulu qaytarmamasından sonra iddiaçı hüquq mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, 3000 manat ona dəymiş ziyan Cavabdeh2 tərəfindən ödənildiyini bildirmiş və Cavabdeh2 cavabdehlər siyahısından çıxarılmasını və 7000 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-37/2025 nömrəli xx.xx.2025-ci il tarixli Hökmündən də göründüyü kimi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin qismən etirafı, zərərçəkmiş şəxsin və işin tədqiq olunmuş digər halları ilə tam sübüta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh1 hərəkətləri varlanmaya haqq qazandıran əsassız varlanma kimi qiymətləndirilməlidir. Belə ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, əsassız varlanma üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 7000 (yeddi) manat pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş 120 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 7000 (yeddi) manat pul və ödənilmiş 120 (bir yüz iyirmi) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar