Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4867/2023 20.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2, məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onunla əsaslandırdı ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə bağlanmış nikah pozulmuş, uşaqlar ananın himayəsində qalmaqla, uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 150 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2051/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası “Yaşayış Minimumu haqqında” Qanununa əsasən uşaqların aylıq yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq, Bakı şəhərində hələ də cavabdeh tərəfindən 150 manat aliment ödənilməsi uşaq hüquqlarının aşkaranə şəkildə pozulmasıdır. Uşaqların saxlanmaları üçün bütün yük həm fiziki, həm də mənəvi cəhətdən ananın üzərindədir. Ata uşaqları görmək üçün hətta cəhd belə etmir. Uşaqların minimum yaşayışı üçün nəzərdə tutulan alimentin ata tərəfindən ödənilməsi labüddür. Uşaqlar böyüyürlər, xərcləri də artır. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, Cavabdeh əvvəlki məhkəmə qətnaməsi ilə nəzərdə tutulan alimenti ödəyir, öz valideynlik vəzifəsini tam şəkildə yerinə yetirir. İddiaçının maddi vəziyyəti kifayət qədər yaxşıdır, bahalı nəqliyyat vasitəsi idarə edir. Cavabdehin isə, maddi vəziyyəti çətin olmaqla, başqa aliment öhdəliyi də mövcuddur. Bununla belə, iddiaçı uşaqların saxlanmalarında sıxıntı yaşayırsa, onları cavabdehin himayəsinə verə bilər. Göstərilənlərə əsasən nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon xx.xx.2021-ci il tarixli, 2(008)-5963/2021 saylı qətnaməsinə əsasən, tərəflər arasında xx.xx.2018-ci il tarixdə bağlanılmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 ananın himayəsində saxlanılması və onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə cavabdehdən 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, sözügedən qətnamə alimentin tutulma tarixinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş və alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İddia tələbindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, Cavabdeh "xxxx" MMC-də tikintidə iş icraçısı vəzifəsində işləyir və aylıq əmək haqqı 700 manat təşkil edir. İddiaçı isə Bakı şəhəri üzrə Təhsil İdarəsində kitabxanaçı vəzifəsində işləyir və aylıq əmək haqqı 538 manat təşkil edir. Belə olan halda, məhkəmə, tərəflərin gəlirlərini, əmlak vəziyyətini, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olması barədə qanunvericiliyin tələbini, uşaqların mənayefini və işin digər əhəmiyyətli hallarını nəzərə alaraq hesab edir ki, alimentin hər ay hər uşaq üçün 190 manat, cəmi 380 sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutub, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5963/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər birinə görə 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının, 8.2 və 8.3-cü bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, Ali Məhkəməsinin qeyd olunan Plenumun qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsindən görünür ki, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinin tələbinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. Eyni zamanda, həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Ona görə də, məhkəmə hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5963/2021 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək, cəmi 380 manat müəyyən edildiyindən artırılmış alimentin məbləği bir il ərzində 1000 manatadək olduğundan, cavabdehdən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5963/2021 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, hər uşağa görə hər ay 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat məbləğində müəyyən edilsin. Alimentin yeni qaydada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Cavabdeh hər ay sabit pul məbləğində tutularaq, (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4867/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4867/2023
20.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver