Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4871/2021 28.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 Cavabdeh1 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24.06.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15.01.2014-cu il tarixli, 2(008)-252/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay 250 manat sabit pul məbləğində müəyyən edilməklə, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, cavabdehlə 04.12.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 24.06.2011-ci il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15.01.2014-cü il tarixli, 2(008)-252/2014 saylı qətnaməsi ilə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 105 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaq böyüdüyündən, ehtiyac və tələbatları da artır. Bu səbəbdən də, alimentin miqdarının artırılmasına ehtiyac vardır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə maddi imkanı çatmır. Belə ki, ikinci dəfə nikaha daxil olmuş və həmin nikahından iki azyaşlı uşağı anadan olmuşdur. Uşaqların sağlamlığında problemləri olduğundan, onların müalicəsi ilə bağlı çox xərci çıxır. Hal-hazırda heç yerdə işləmir. Lakin 2014-cü ildə təyin edilən alimenti hər ay ödəyir. Ona görə də, məhkəmədən iddia tələbini qismən təmin edilərək, hər ay ondan 140 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15.01.2014-cu il tarixli, 2(008)-252/2014 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən, 24.06.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay 105 manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08.07.2011-ci il tarixli, AZ-İİ seriyalı, 709678 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 24.06.2011-ci il təvəllüdlü X3 atası Cavabdeh1, anası Cavabdeh2dır. İş materiallarına əlavə edilmiş ambulator, stasionar xəstənin tibbi vərəqəsindən 08.02.2020-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, 14.03.2017-ci il təvəllüdlü X1 respirator xəstəlik ağır forma, dispepsiya, bronxopnevmaniya diaqnozları qoyulmuşdur. İş materiallarına əlavə edilmiş ambulator, stasionar xəstənin tibbi vərəqəsindən 09.02.2020-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, 13.04.2018-ci il təvəllüdlü X2 respirator xəstəlik ağır forma, febril qıcolma tutması, dispepsiya diaqnozları qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 saylı qərarının, 8.2 və 8.3-cü bəndlərində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, 2021-ci il üzrə uşaqlar üçün yaşayış minimumunun miqdarı, eləcə də, cavabdehin ailə və maddi vəziyyəti nəzərə alınaraq, tərəflərin birgə nikahından anadan olmuş 24.06.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15.01.2014-cu il tarixli, 2(008)-252/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 140 manat sabit pul məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, Cavabdeh1 oğlundan 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15.01.2014-cu il tarixli, 2(008)-252/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. 24.06.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh1 tutularaq, iddiaçı Cavabdeh2 ödənilsin. Alimentin yeni qaydada tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh1 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4871/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4871/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver